AZ EN RU

Səhiyyə müəssisələrinə işə qəbul edilmiş yeni kadrlar üçün kurslar təşkil edilib

    Muxtar respublikada bütün sahələr kimi, səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərilir, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atılır, Dövlət proqramları qəbul edilir, tibb işçilərinin təkmilləşdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Tibb sahəsində kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatların davamı kimi tibb işçilərinin müsabiqə yolu ilə işə qəbul edilməsi muxtar respublikada səhiyyənin inkişafına öz töhfəsini verməkdədir.
    Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyanın aparılması Qaydaları”na uyğun olaraq muxtar respublikada tibb işçilərinin müsabiqə əsasında şəffaflıq yolu ilə işə qəbulu, daha bilikli kadrların seçilərək işlə təmin olunması insan sağlamlığına verilən dəyərin bariz nümunəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən tibb işçilərinin işə qəbulu üzrə növbəti müsabiqə keçirilib. İki mərhələdə aparılan müsabiqə nəticəsində 12-si həkim, 35-i isə orta tibb işçisi olmaqla, 47 nəfər müvafiq keçid balını toplayaraq muxtar respublikanın səhiyyə müəssisələrində işlə təmin edilib.
    Yeni işə təyin olunan tibb işçilərinin nəzəri və praktik təcrübələrə yiyələnmələri məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası və Stomatoloji Xəstəxana publik hüquqi şəxslərdə kurslar təşkil edilib. Kurslarda tibb işçilərinə təyin olunduqları ixtisaslara uyğun vəzifələr haqqında ətraflı nəzəri və praktik təlimlər keçirilir. Qrafikə uyğun olaraq keçirilən kurslarda 47 nəfər (12 həkim, 35 tibb işçisi) ixtisasları üzrə kurslara cəlb edilib. Məlumat üçün bildirək ki, bu günədək keçirilən kurslarda, ümumilikdə, müsabiqə yolu ilə yeni işə təyin olunan tibb işçiləri üçün də kurslar təşkil edilmişdir ki, onlardan da 22-si həkim, 52-si isə orta tibb işçisidir. 
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq aparılan imtahanlarda bu günədək muxtar respublikanın tibb müəssisələri üzrə 830 vakant vəzifə çıxarılıb. Həmin vəzifələrə, ümumilikdə, 330 namizəd sənəd vermişdir. Sənəd verənlərdən 319-u müsabiqənin birinci mərhələsində iştirak etmiş, onlardan 132-si müvafiq keçid balını toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır. Birinci mərhələdən keçən namizədlərin ixtisasına uyğun bilik və peşə vərdişlərini müəyyən edən müsabiqənin ikinci mərhələsi – klinik tapşırıq hissəsindən müvafiq keçid balını toplayan 74 nəfər isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində işlə təmin olunub. 
    Yeni işə təyin olunan həkim və orta tibb işçiləri üçün təşkil edilmiş kursları başa vuran namizədlərə sertifikatlar verilir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.05.2022 20:08