AZ EN RU

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

    Şanlı tariximizin qan yaddaşına qızıl hərflərlə yazılmış 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. O müdhiş gecədə həlak olan Vətən oğulları xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar, bugünkü müstəqil Azərbaycan dövlətinin tarixinə həmin faciəni şərəf və qəhrəmanlıq səhifəsi kimi yazdılar.
    O gün Azərbaycanın Vətən yolunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan, ölümsüzlüyə yüksələn oğul və qızlarının məzarları bu gün hər birimizin müqəddəs ziyarət yerinə çevrilib.
    Otuz iki ildir ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq məzarları ziyarət edilir, onların keçdikləri şərəfli ömür yolunun yeniyetmə və gənclərimizə örnək olmasını bir daha xatırlatmaq üçün məqsədyönlü tədbirlər görülür.
    Bu il də yanvarın 20-də saat 1200-da Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın, xətdə olan sərnişin qatarlarının və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.01.2022 18:58