AZ EN RU

Şəhidin anım tədbiri keçirilib

    Sədərək rayonunun Dəmirçi kəndində dünyaya göz açıb Qarabağımızın azad olunması uğrunda gedən haqq savaşımızda şəhadətə yüksələn Rüfət Gözəlov dünyaya gəldiyi gün məzarı başında anılıb. 
    Tədbiri rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov açaraq bildirib ki, ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birləşərək 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğullarının da qəhrəmanlığı dillərə düşdü. Onlar torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərib yurdumuza qəhrəman kimi qayıtdılar. İgidliyi ilə adını tarixə yazan həmyerlilərimizdən biri də Rüfət Gözəlovdur.
    Qeyd olunub ki, Rüfət Gözəlov 1996-cı il martın 17-də Dəmirçi kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq hərbi  xidmət qulluqçusu olan Rüfət Gözəlov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda döyüşüb, şəhidlik zirvəsinə yüksəlib. O, Şərur şəhər Şəhidlər xiyabanın­da dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Rüfət Gözəlov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına”  və “Xocavəndin azad olunmasına” görə medalları ilə təltif edilib.
    Şəhidin anası Ruhəngiz Gözəlova göstərilən diqqətə görə minnətdarlığını bildirərək deyib ki, uzun illərdir, hamımızın ürəyində bir qor yanırdı. Bir dərd daşıyırdıq hamımız: yurd həsrəti. Şükür Allaha ki, illərdir, davam edən ədalətsizliyə son qoyuldu. İgid övladlarımız qanayan yaramıza məlhəm oldular. Onlar öz canları bahasına qələbə qazanıb başımızı uca etdilər. Vətən müharibəsi başlayandan cəmi 29 gün sonra oğlum əbədiyyətə qovuşdu. Övladını itirmiş bir valideynin ürəyindəki dərdi heç nə sağalda bilməsə də, dövlətimizin qayğısı dərdimizə məlhəm olur. Bütün şəhid ailələrinin bircə təsəllisi var: əzizlərimizin xatirəsinə ehtiramla yanaşılır, onlar unudulmur. Şəhidlərin ruhu isə onların arxada qoyub getdiyi ailəsindən rahat olanda şad olur. Bu gün bilirəm ki, oğlumun ruhu şaddır. Çünki onun ailəsinə  ehtiram göstərilir.
    Sonda şəhidin ruhuna dualar oxunub, rayon ziyalıları və şəhidin müəllimləri onun igidliyindən danışıb, məktəblilər qəhrəman şəhidlərimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər.  

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 17.03.2022 19:26