AZ EN RU

Şəhidin anım mərasimi keçirilib - Foto

Vətən müharibəsi şəhidi Ərtoğrul Nadirli dünyaya gəldiyi gün məzarı başında anılıb. Mərasimdə iştirak edən  Sədərək Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Bu azadlıq mücadiləsində xalqından güc alan cəsur və qorxmaz döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlar, onların keçdikləri şərəfli döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbinə çevrilib.

Diqqətə çatdırılıb ki, Ərtoğrul Nadirli 31 mart 1997-ci ildə Sədərək rayonunun Qaraağac kəndində anadan olmuşdu. Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdu. 2019-cu ildə Ali Hərbi Məktəbi bitirmiş, leytenant rütbəsi alaraq Tovuz rayonuna göndərilmişdi. Daşkəsən rayonunda xidməti vəzifəsini davam etdirən Ərtoğrol 27 sen­tyabrda Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunmuşdu. Murovdağ yüksəkliyinin alınmasında döyüş yoldaşları ilə birgə çətin əməliyyatlarda iştirak etmiş, qəhrəmanlıq göstərmişdi. Eyni zamanda onlarla yaralı yoldaşını döyüş bölgəsindən çıxara bilmişdi. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, cənazəsi 52 gün sonra tapılaraq Sədərk rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib.

 Şəhidin atası Hümbət Rzayev göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edərək deyib ki, Vətənimizin bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi xalqımızın ürəyində daim yaşayacaq. Xalqımız, dövlətimiz onların xatirələrinin daim yaşadılması üçün nə lazımdırsa edir. Onlar mənzil, avtomobillə təmin olunur. Oğlumun bu gün 25 yaşı tamam olur. Yaşasaydı demirəm çünki onun yüksəldiyi məqam ölümsüzlük, əbədiyyətdir.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Ərtoğrul Nadirli ölümündən sonra  “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları, “3 cü dərəcəli rəşadət” ordeni  ilə təltif edilib.

Tədbirdə rayon ziyalıları və şəhidin yaxınları çıxış edərək Ərtoğrulun şərəfli ömründən bəhs edib, dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Sonda Şəhidlər xiyabanında uyuyan bütün şəhidlərin ruhuna dualar oxunub.

Gülnarə HÜSEYNOVA   

Nəşr edilib : 31.03.2022 18:37