AZ EN RU

Sədərək rayonunda Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində, muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslər аktiv əməyə cəlb еdilir, onların məşğulluqlarının təmin оlunmаsı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Artıq bir neçə ildir icra olunan özünüməşğulluq proqramı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq qurumlar tərəfindən, özünüməşğulluq fəaliyyətinin təşkilinə paralel olaraq, verilmiş aktivlərdən səmərəli və düzgün istifadənin təmin olunması məqsədilə maarifləndirmə tədbirlərinin icrası da davam etdirilir. 
Bu məqsədlə, sentyabr ayının 22-də Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Baş Sığorta Xidmət Publik Hüquqi Şəxsinin və yerli icra hakimiyəti orqanının əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə görüş keçirilib. Görüşdə aktivlərdən təyinatına uyğun istifadə edilməsi, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələr zamanı sığortaçının üzərinə götürdüyü öhdəliklər və aktivlərdən qanunsuz istifadə hallarının yaratdığı hüquqi məsuliyyətə dair maarifləndirmə işi aparılıb. Bununla yanaşı, mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, bu tədbirlərdə artıq, Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzi də iştirak edir. Mərkəzin direktoru Yusif Qurbanov məlumat verib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlərin süni mayalanması dövlət hesabına həyata keçiriləcək və təsərrüfatında artım qeydə alınan sakinlərə əlavə subsidiyalar veriləcəkdir.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilən aktivlərdən daha səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.09.2022 21:03