AZ EN RU

Sədaqətli, səmimi dostlar qazanmaq istəyirsinizsə...

    Payızın qışı müjdələyən sazaqlı günlərindən birində axşam saatlarında Naxçıvan şəhərinin mənim üçün yaxşı tanış olan səmtindən yolumu salıram. Ruha sığal çəkən sabit ab-havada təmiz, səliqəli səkilərlə, qədimliyi, müasirliyi ilə gözoxşayan şəhərimizi seyr edə-edə, əmin-arxayın şəkildə gəzir, rəngarəng işıqlı vitrinləri olan mağazaların önündən keçirəm. Müxtəlif dükanlar, hədiyyəlik əşyalar, geyim mağazaları, yeni quruculuq ünvanları, xəzan yelinin əl gəzdirdiyi qocaman çinar ağacları bir-bir arxada qalır. Bir az üşüdüyüm, isti məkan və bir fincan qəhvə arzusunda olduğum üçün geniş şüşəli vitrinlər arasında sanki sıxışıb qalmış “Möminə xatın” kitab kafesi adlı kiçik məkan qarşısında qeyri-iradi ayaq saxlayıram. Bu ünvan ilk baxışdan içəridən boylanan al-əlvan rəngləri, parlaq işıqları ilə məni özünə çəkir. Düşünürəm: Belə soyuq havada axşamüstü isti bir otaqda, yumşaq kresloya söykənərək qəhvə içib, kitab oxumaqdan daha gözəl, daha mənalı, dəyərli nə ola bilər ki?.. 

    ...İçəri daxil oluram. Ortaboylu bir gənc məni qarşılayıb xoş təbəssümlə: – Buyurun, istədiyiniz yerdə əyləşin, – deyir. Yaxın masalardan birinin arxasına keçib oturur, bir fincan qəhvə sifariş edib, ətrafa göz gəzdirməyə başlayıram. Elə ilk baxışdan görünən odur ki, bu yerdə bütün əşyalar isti rənglərə – narıncı, sarı, qırmızıya bürünüb, divarlarda tünd rəngli, cansıxıcı bircə əşya belə gözə dəymir. Tavandakı işıqlardan, dekorasiyadan gənclik həvəsi, yeniyetməlik illərinin qaynar nəfəsi duyulur. Divarların iç hissəsində yonularaq, milli-mənəvi dəyərlərə xas, klassik üslubda hazırlanmış rəflərdə dünyanın müxtəlif ölkələrinin yazıçı və şairlərinin kitabları səliqə ilə düzülüb. Əcəmi memarlıq məktəbinə xas ornament­lərlə bəzənən rəfin kənarlarında kiçik kağızlara yazılmış və pərçim edilmiş oxucu qeydləri var. Hər qeyd fərqli insanın, fərqli düşüncənin məhsuludur. Ən yaxındakı qeyd kağızına nəzər yetirirəm: “Əgər sən mənim yolumun bir hissəsisənsə, nə vaxtsa yanıma qayıdacaqsan”. Bu fikirlər bir gəncin kağıza köçürülmüş arzusu, ümidi, xəyalıdır. Öz-özümə deyirəm ki, kitabsevərlər xəyalpərəst olur söyləyənlər heç də yanılmayıblar. Yaxşı yadımdadır, orta məktəbdə ədəbiyyat müəllimimiz tez-tez müxtəlif yazarlardan sitatlar gətirər, ədibin, çox kitab oxuyanların qəribə adamlar olduğunu deyərdi: – Belə insanların öz dünyası olur, yazıçı hansısa bir romanı yazırsa, o roman bitənə qədər onun əsiridir. Oxucu isə hansısa romanı və ya hekayəni diqqətlə oxuyursa, həmin əsərin qəhrəmanıyla nəfəs alır. Əgər o əsərin qəhrəmanı yarıda dünyasını dəyişibsə, oxucu üçün də o kitab yarıda qalır. Romanda bir-birini tanımamış iki nəfər görüşüb dərdləşirlər. Onlardan biri yazıçı, digəri isə oxucudur. Fərq ondan ibarətdir ki, real həyatda tanış olan iki insan bir-birilərinə qarşı o qədər də səmimi olmaya bilərlər. Ancaq yazıçı və oxucu arasında bu hal yaşanmır. Əsərin bütün dərinliklərinə varan oxucu get-gedə ətraf aləm üçün fərqli, özünəməxsus adama çevrilir: düşüncəli, xəyalpərəst, hər kəsə gülməli gələn hadisəyə gülməyən, sonsuz kədər dəqiqələrində ağlamayan bir adama... 

 ...Az keçmir ki, gənclər iki-bir, üç-bir kafeyə daxil olur, yaxın tanışlar kimi bir-birləri ilə salamlaşıb, masa arxasında otururlar. Aralarında musiqiçilər də var, şairlər də, rəssamlar da. Onlar rəflərdəki kitablara göz gəzdirir, əsərlərdən zövqlərinə, düşüncə tərzlərinə, dünyagörüşlərinə uyğununu götürüb oxuyurlar. Elə masalar da var ki, orada hansısa kitab haqqında qızğın müzakirə başlayır. Ancaq bu müzakirə sakit şəkildə, heç kəsi narahat etmədən, fikir yayındırmadan, diqqət dağıtmadan aparılır. 
     Kitab kafenin daimi müştərilərindən, mütaliəsevərlərdən Naxçıvan Dövlət Universitetinin Turizm işinin təşkili ixtisasının III kurs tələbəsi Həsən Əsgərov, həmin universitetin Xalq çalğı alətləri ixtisası üzrə II kurs tələbəsi Tərlan Məmmədova, “Naxçıvan” Universitetinin İngilis dili ixtisasının III kurs tələbəsi Alsu Məmmədli ilə  söhbətim sevdikləri yazıçılar və onların kitabları, ədiblər, müdriklər, gəncliyin ədəbiyyatdan istəkləri barədə olur və belə bir qənaətə gəlirəm ki, bugünkü gənclik mütaliə edir, oxuyub-öyrəndiklərindən nəticə çıxarmağa çalışır. 
    Söhbət əsnasında tez-tez baş çəkdikləri kitab kafenin onlar üçün sevimli məkana çevrildiyini deyən gənclər bildirirlər ki, ağır dərs gününün, tapşırıqların yorğunluğundan, ümumiyyətlə, gündəlik qayğılardan bir-iki saatlığa da olsa, uzaq qalmaq üçün buraya gəlirlər. Qəhvə və kitab səhifələrinin qoxusu gələn bu məkan onlar üçün həm də görüş, tanışlıq yeridir: Gənclər burada yeni dostlar qazanır, dünyanın tanınmış yazıçı və şairlərinin bestsellerə çevrilmiş əsərlərini oxuyur, bir-birləri ilə maraqlı dialoqlar qurur, fikir mübadilələri aparır, bir sözlə, özlərinə ömürboyu əllərindən tutub irəli aparacaq mənəvi güc qazanırlar. Hər şeyin sürətlə dəyişdiyi həyatda üz tutduqları bu yer keçmiş və gələcək arasında körpüdür. Dünən kitablarda, işıqlı sabah isə onların düşüncə və xəyallarındadır. Bu cəmi-cümlətanı 24 nəfərlik kafe onları xoşagəlməz təsadüflərdən, təsadüfi insanlardan, zərərli vərdişlərdən uzaqlaşdırır, kitab oxumaq düşüncələrini düzgün formalaşdırmaq, dünyada və ölkəmizdə baş verən mədəniyyət, incəsənət yenilikləri ilə tanış olmaq imkanı qazandırır. 
    Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru, dosent Sevinc Abbasova bildirir ki, kitabları, mütaliəni çox sevdiyi üçün 15 ildən çoxdur ki, “Oxumağı sevdirək” layihəsi üzərində çalışır. 2014-cü ildə özünə aid mənzildə kiçik, amma fərqli konsepsiyaya malik olan bu kitab kafeni açmaqla layihənin ilkin addımlarını atmağa başlayıb. Kitab kafe yaratmaq üçün ona ilham verən, milli düşüncə, təfəkkür tariximizdə əvəzsiz rol oynayan iki amili əsas gətirir: birincisi görkəmli yazıçı-dramaturq, ictimai və dövlət xadimi Nəriman Nərimanovun 1894-cü ildə Bakıda ev kirayə götürərək ilk ümumi açıq milli kitabxana-qiraətxananın əsasını qoyması, əsərlərinin tamaşaya hazırlanmasından topladığı məvacibləri gənclərin mütaliəsi yönündə xərcləməsi, onların tariximizə, mədəniyyətimizə dərindən bələd olan bilikli, dünyagörüşlü yetişmələri üçün kitablar alaraq oxumalarına təşviq etməsi. İkincisi isə Bakıda Hacı Zeynalabdin Tağıyevin rus-müsəlman qız məktəbini bitirən Nazlı Nəcəfovanın 1912-ci ildə Naxçıvana köçərək burada 4 otaqlı evinin 2 otağını sinfə çevirib qızlara təhsil verməsidir ki, həmin qızlar da sonradan ölkəmizin ictimai-siyasi həyatına, qadın hərəkatının inkişafına öz töhfələrini bəxş ediblər... 
    Gələcəkdə ədib və yazıçılarımızın adlarına kitab kafelər (nümunə üçün Cəlil kafe, Cavid kafe, Araz kafe) açmaq arzusunda, mütaliəyə maraq oyatmaq üçün bir sıra yeni layihələrə imza atmaq niyyətində olan Sevinc müəllimə deyir ki, hər zaman çalışıb ki, “Möminə xatın” kitab kafesi mədəniyyət məkanı kimi tanınsın. Çəkilən zəhmət də hədər getməyib. Nəticədə, bura nəinki gənclərin, hətta ortayaşlı insanların üz tutduğu sevimli məkana çevrilib. İndi bu kafedə bütün işləri gənclər idarə edir, başqa sözlə, hər şey gəncliyə həvalə olunub, bu məkan həm də onlara gələcəyə yönələn xeyirxah missiyaların reallaşdırılmasının vacibliyini aşılayır...
    Sevinc müəllimə onu da deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamla əlaqədar bu məkanda siyahıdakı kitablardan ibarət guşə yaradılıb. Bundan başqa, Sevinc xanımın özünün mütaliə etdiyi, gənclərə tövsiyə bildiyi nümunəvi, çətin əlçatan kitabların yer aldığı guşə də zənginliyi, fərqliliyi ilə seçilir. “Oxumağı sevdirək” layihəsi çərçivəsində mütəmadi olaraq keçirilən oxunması zəruri olan kitabların müzakirələri gənclərin maraqlı dialoqları, fərqli fikirləri, özünəxas mülahizələri, əldə olunan müsbət nəticələri ilə yadda qalır. Tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən vəsaitlərin gənclər tərəfindən bu qədər sevilməsi bir daha təsdiqləyir ki, bu siyahı nə qədər dəqiqliklə müxtəlif janrlara və zövqlərə görə milli və dünya ədəbiyyatının əsas nümunələrini əhatə etməklə hazırlanıb... 
    Söhbət edə-edə divardakı saata baxıram. İnsan oğlunun kəşfi olan bu zamanölçənin əqrəb və yelqovanı sanki içəridəki sakit ab-havada yuxuya gedib. Düşünürəm ki, buradakı kitab həvəskarları üçün, əslində, elə belə yaxşıdır. Qoy saniyələrin, dəqiqələrin, saatların arxasınca düşüb özlərini yorub-bitirməsinlər, özlərini kitablar arasında, hekayələr içərisində rahat hiss etsinlər, heç bir yerə tələsmədən oxusunlar, öyrənsinlər, oxuduqları haqqında düşünmək üçün yetərincə vaxtları olsun. Onsuz da gec-tez oxuduqları kitabların ağ-qara yelkənli səhifələri onları həyat dənizinin bilinməyən, hələ kəşf etmədikləri sahillərinə aparıb çıxaracaq... 
    XVIII əsrdə yaşamış Fransa maarifçilərinin görkəmli nümayəndəsi Fransua Volter deyirdi ki, yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Qısa təəssüratlarım belə deməyə əsas verir ki, şəhərimizdə fəaliyyət göstərən “Möminə xatın” kitab kafesinə üz tutan gənclər bir fincan qəhvə ilə şirin, maraqlı həyat hekayələrinin, dərin, fəlsəfi fikirlərin sirdaşına çevrilir, əsl, sədaqətli, səmimi dostlar qazanmağa müvəffəq olurlar... 

 Nail ƏSGƏROV

Nəşr edilib : 16.12.2022 18:40