AZ EN RU

Sakinlərin internetə olan tələbatının ödənilməsi diqqətdə saxlanılır

    Rabitə sistemində yeni texnologiyaların tətbiqi günümüzün tələbləri sırasındadır. Bu məqsədlə Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində və kəndlərdə də telekommunikasiya sistemlərinin qurulması, əhalinin dayanıqlı rabitə və  yüksəksürətli internet xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir. Genişzolaqlı internet şəbəkəsini genişləndirmək üçün avtomat telefon stansiyalarında internet tutumları tələbata uyğun olaraq artırılır.

    Həyata keçirilən tədbirlərin davamı olaraq genişzolaqlı internetə  tələbatın ödənilməsi məqsədilə Şərur rayonunun mərkəzində 2, Düdəngə kəndində isə 1 ədəd 32 yerlik internet plataları mövcud HUAWEI NGN tipli avtomat telefon stansiyalarına əlavə edilib. Bununla yanaşı, Babək rayonunun Cəhri qəsəbəsində, Ordubad rayonunun Dəstə və Sədərək rayonunun Dəmirçi kəndlərində də istismarda olan yeni nəsil avtomat telefon stansiyalarına, ümumilikdə, 3 ədəd 32 yerlik internet plataları artırılıb. İnternet tutumunun artırılması nəticəsində 200-ə yaxın internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaradılıb.
    Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Şərur, Babək və Şahbuz rayonlarının da bir sıra yaşayış məntəqələrində əhalinin internetə olan tələbatının ödənilməsi məqsədilə mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılıb, nəticə etibarilə, 1300-dən artıq istifadəçi genişzolaqlı internetlə təmin olunub. 
    Digər bölgələrdə də əhalini yüksəksürətli, genişzolaqlı xidmətlərlə təmin etmək üçün mövcud avtomat telefon stansiyalarının şəbəkə tutumlarının genişləndirilməsi nəzərdə tutulur.    

Naxçıvan Muxtar Respublikası 
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.06.2022 20:19