AZ EN RU

Sakinlərə səyyar xidmət həyata keçirilib

    Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur və Ordubad rayonlarında yaşayan sakinlərə xidmət göstəriblər. Səyyar xidmət zamanı, ümumilikdə, 3 istiqamət üzrə – müəllimlərin dövlət ümumtəhsil müəssisələrinə, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.
    Xidmətin həyata keçirilməsi zamanı könüllülər təlimlərdə qazandıqları bilikləri tətbiq edərək mərkəzin əməkdaşının müşayiəti ilə vətəndaşlarla birbaşa ünsiyyətdə olub, onlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib və qeydiyyatdan keçirərək müsabiqədə iştiraklarını təsdiqləyiblər.
    Xidmət zamanı bu rayonlarda yaşayan 24 vətəndaşa səyyar xidmət göstərilib. Onu da qeyd edək ki, rayonlarda həyata keçirilən səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisininin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərməkdir. Səyyar xidmətin təşkili vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradır. Həyata keçirilən xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 02.12.2022 19:38