AZ EN RU

Şahmat üzrə reytinq yarışı başa çatıb

    Naxçıvan Şahmat Mərkəzində təşkil olunan “İkinci bazar günü” beynəlxalq reytinq yarışına (müxtəlif yaş və reytinqli) yekun vurulub.
    Azərbaycanın şəhər və rayonlarının, eyni zamanda qonşu ölkələrin şahmatçılarının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub və 36 zəka sahibi mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən 7,5 xal toplayan İran İslam Respublikasının şahmatçısı Musəvi Seyid İmadəddin (1960) qalib adını qazanıb. Eyni xal toplayan Bakı şahmatçısı Aqil İsrailov (1774) ikinci olub. Digər Bakı təmsilçisi Habil Cavadov (1907) isə turniri 6,5 xalla üçüncü pillədə başa vurub. Əmsalı 0-1500 olan şahmatçılar arasında Emil Mirzəyev (1279) ən yaxşı nəticəni göstərib və mükafata layiq görülüb. Turnirin ən kiçik iştirakçısı Amira İsmayılova isə xüsusi mükafata layiq görülüb. 
    Sonda qaliblər mükafatlandırılıb.
    Qeyd edək ki, daha reytinqli şahmatçılar arasında keçirilən “İkinci bazar günü” beynəlxalq reytinq statuslu yarışa isə bu gün yekun vurulacaq. Naxçıvan Şahmat Mərkəzində təşkil edilən həmin yarışda Naxçıvan şahmatçıları ilə yanaşı, Azərbaycan, Gürcüstan, İran və Türkiyədən olmaqla, ümumilikdə, 10 zəka sahibi iştirak edir. Qrossmeyster, FIDE ustası və beynəlxalq ustaların mübarizə apardığı yarış 9 turdan ibarətdir.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Şərur, Kəngərli, Culfa və Şahbuz rayon ümumtəhsil məktəblərində təhsil alan şahmatçılar arasında Novruz bayramı münasibətilə şahmat yarışı təşkil olunub. 
    Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.03.2022 20:21