AZ EN RU

Sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub

    Oktyabrın 17-də Naxçıvan Biznes Mərkəzində muxtar respublikada sahibkarlığın inkişafına dəstək olan Sahibkarlığın İnkişafı Fondu, bank və kredit təşkilatlarının təşəbbüsü ilə görüş keçirilib. 
    Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində özəl bölmənin iqtisadiyyatın aparıcı qüvvəsinə çevrildiyini bildirib. Vurğulanıb ki, özəl sektorun dövlət dəstəyindən daha geniş istifadə etməsi müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.
    Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən müxtəlif təyinatlı layihələrin maliyyələşdirilməsinə 6 milyon 794 min manat, o cümlədən kiçik və orta həcmli layihələrə 2 milyon 244 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 300-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 22,4 faizi aqrar sektora, 73,2 faizi sənaye məhsullarının istehsalına, 4,4 faizi isə xidmət sahələrinə yönəldilib. “Sənaye ili” elan olunmuş cari ildə Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına 12 müəssisə yaradılıb, 14 yeni sahənin yaradılması istiqamətində işlər davam etdirilib.
    “Muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları, həmçinin Sahibkarlığın İnkişafı Fondu öz vəsaitləri hesabına verilən kreditlər zamanı girov predmetlərinin düzgün təhlil edilərək seçilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, krеditlərin təyinаtı üzrə istifаdə оlunmаsı və vахtındа gеri qаytаrılmаsı məqsədilə birgə monitorinqlərin aparılmasını, yerli xammala əsaslanan, tələbatı idxal hesabına ödənilən məhsul istehsalına üstünlük verilməsi qarşımıza qoyulan ən vacib taprışıqlardandır”, – deyə nazir vurğulayıb. 
    Diqqətə çatdırılıb ki, sahibkarlığın inkişafı, bu sahədə yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və yerli məhsulların ixracının stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunların nəticəsidir ki, 2016-cı ildən bu günədək müxtəlif layihələr üzrə 120 milyon 95 min manatdan çox investisiya təşviqi və təsdiqedici sənəd verilib, cari ilin 9 ayı ərzində yerli və xarici ölkələrdə keçirilən 20 biznes-forum, sərgi və konfransda dövlət dəstəyi ilə 70-dən artıq sahibkarlıq nümayəndəsinin iştirakı təmin edilib. Tapdıq Əliyev özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
    Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edib.
    Bildirilib ki, muxtar respublikada ümumi kredit qoyuluşunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon 867 min manat artaraq 1 oktyabr 2022-ci il tarixə 302 milyon 694 min manat təşkil edib ki, bunun da 104 milyon 96 min manatı təsərrüfat, ticarət və sahibkarlıq sahəsində verilmiş kreditlərin payına düşüb. Bunun isə 57,3 faizini və ya 59 milyon 684 min manatını Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş kreditlər təşkil edir. 
    İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Novruz Novruzlu fondun sahibkarlığın inkişafında mühüm maliyyə mexanizmlərindən olduğunu, kiçik və orta biznesin inkişafındakı rolunu vurğulayıb, həmçinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə qaydaları haqqında geniş məlumat verib.
    “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin birinci müavini İsa İsayev bildirib ki, sahibkarlarla bank sektoru arasında bu cür tədbirlər yüksək əhəmiyyət daşıyır, bu sahədə davamlı aktiv dialoq sahibkarlıq subyektlərinin bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla, bütövlükdə, istehsal və xidmət sahələrinin inkişafına, xüsusilə də özəl sektorda iqtisadi artımın daha da sürətlənməsinə töhfə verir.
    Görüşdə bankların fəaliyyətləri, bank rəqabətliliyinin artırılması, sahibkarlıq subyektlərinin kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə biznes kreditləri üzrə ixtisaslaşmış banklarla əlaqələrin artırılması və yeni bank filiallarının muxtar respublikada fəaliyyəti müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.10.2022 20:36