AZ EN RU

Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı tədbirlər davam etdirilir

 Dövlət proqramı icra olunur

   Naxçıvan Muxtar Respublikasında uşaqların sağlam böyümələri, lazımi təhsil və tərbiyə almaları üçün yaradılan hərtərəfli şərait onların yüksək dövlət qayğısı ilə əhatə olunmasından xəbər verir. Təhsil və səhiyyə müəssisələrinin yenidən qurulması, idman infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər bunu aydın nümayiş etdirir. Uşaqların xüsusi dəstəyə ehtiyacı olan həssas qrupunu isə məhdud sağlamlıq imkanlarına malik olanlar təşkil edir. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Azərbaycan cəmiyyətində fiziki imkanları məhdud olan insanlara münasibət müsbətdir. Bu, cəmiyyətimizin əlamətidir. Heç də hər yerdə belə deyildir. Dövlət siyasəti də bu istiqamətdə aparılır”.

    Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və onların sosial statusunun bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Bu kateqoriyadan olan uşaqların funksional qabiliyyətlərinin bərpa edilməsi və ictimai həyatın bir çox sahələrində iştirakı üçün hərtərəfli şərait yaradılır. Onların sosial müdafiəsi ilə bağlı tədbirlər ötən il də diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

    Yeni Dövlət proqramının yönəldiyi istiqamətlərdən biri sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsidir. Çünki təhsil bu sosial kateqoriya nümayəndələrinin cəmiyyətə uyğunlaşması, əmək fəaliyyətinə və ailə həyatına hazırlanması üçün ən mühüm vasitələrdən biridir. Onların təhsili üçün maneəsiz mühitin yaradılması bu uşaqların sosiallaşması baxımından həyati əhəmiyyət kəsb edir. Ötən il Dövlət proqramının icrasına uyğun olaraq müvafiq kateqoriyadan olan 37 uşaq məktəbəqədər, 56 uşaq isə ümumtəhsil müəssisələrinə cəlb edilmişdir. Hərəkət və görmə qabiliyyəti məhdud uşaqlar üçün təhsil imkanlarının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, 2021-ci ildə 3 hərəkət qabiliyyəti məhdud uşaq üçün distant tədris şəraiti yaradılmış, onlara dərs ləvazimatları, məktəbli geyimi və zəruri texniki avadanlıqlar verilmişdir. Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə təhsil alan uşaqlar brayl əlifbasına uyğun 40 dərslik və tədris vəsaiti ilə təmin olunmuşdur. Eyni zamanda həmin məktəbi bitirən 5 uşağın təhsilini Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində davam etdirməsi, 1 uşağın isə Bakı şəhər Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat məktəbində təhsilə başlaması üçün lazımi sənədlər hazırlanaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.

    Məhdud sağlamlıq imkanlarına malik uşaqlar üçün keyfiyyətli təhsil şəraitinin yaradılması zərurəti bu prosesdə iştirak edən müəllimlərin peşəkarlıq səviyyəsinin də yüksəldilməsini şərtləndirir. Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müəllimlərin inklüziv təhsil üzrə bilik və bacarıqlarının artırılması ilə bağlı görülən işlər sağlamlıq imkanları məhdud uşaqların təhsili sahəsində kadr potensialını gücləndirməkdədir. Ötən il bu məqsədlə 35 ibtidai sinif müəllimi üçün “İbtidai sinif şagirdlərində diqqət əksikliyi və hiperaktivlik”, “Məktəbyaşlı uşaqlarda görülən nitq qüsurlarının təhlili”, “İbtidai sinif şagirdlərində psixi inkişaf ləngiməsi və əqli gerilik”, əlavə olaraq, 18 psixoloq və 12 ibtidai sinif müəllimi üçün “Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzularında seminarlar təşkil olunmuşdur. Eyni zamanda 40 ibtidai sinif müəllimi ilə “Ümumtəhsil məktəblərində hiperaktiv şagirdlərə psixoloji yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Proqramın icrasına uyğun olaraq 770 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 12 məktəbəqədər, 9 məktəbdənkənar, 71 ümumtəhsil müəssisəsi, eləcə də 2 lisey və 20 musiqi məktəbində monitorinqlərin aparılması bu sosial kateqoriyaya məxsus uşaqlar üçün yaradılan təhsil şəraitinin daim diqqətdə saxlanıldığını deməyə əsas verir.
    Sağlamlıq imkanları məhdud uşaqların öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun peşə təhsilinə cəlbi də mühüm önəm kəsb edir. Peşə hazırlığı bir tərəfdən onların xüsusi istedadlarının üzə çıxarılması, digər tərəfdən əmək fəaliyyətinə hazırlanması baxımından yeni imkanlar açır. Ötən il Naxçıvan Regional Peşə Tədris Mərkəzi, Naxçıvan Şəhər Peşə Liseyi və Ordubad Texniki Peşə və Sürücülük Məktəbində təşkil olunan “Dərzi”, “Toxucu”, “Xalçaçı”, “Kompüter istifadəçisi”, “Bərbər” və “Bərbər-manikürçü” kurslarını bitirən, ümumilikdə, 11 sağlamlıq imkanları məhdud uşaq sertifikatla təmin olunmuşdur. Həmçinin bu dövrdə sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 169 ümumtəhsil məktəbində peşəyönümlü məşğələlərin təşkili bu kateqoriyadan olan uşaqların peşə seçiminə köməklik məqsədi daşımışdır. 
    Sağlamlıq imkanları məhdud şəxslərin təhsili sahəsində dəstəkləyici texnologiyaların tətbiqi görülən işin effektivliyini artıran faktordur. Bu baxımdan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kitabxana fondunun zənginləşdirilməsi mütərəqqi əhəmiyyətə malikdir. Ötən il mərkəzdə fəaliyyət göstərən audio kitabxana xidmətinə 24 yeni əsər əlavə olunmuş, onların ümumi sayı 1494-ə çatdırılmışdır. 
    Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili onların reabilitasiyasını təmin etməyin ən faydalı üsullarındandır. Bu məqsədlə uşaqların idman oyunlarında, müxtəlif yarış və müsabiqələrdə iştirakı üçün şəraitin yaradılması onların həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına xidmət edir. Ötən il Dövlət proqramının icrası məqsədilə muxtar respublikanın şəhər və rayonlarında velosiped, stolüstü tennis, boccia, dart, üzgüçülük, şahmat və yüngül atletika idman növləri üzrə keçirilən 34 müsabiqədə 399 sağlamlıq imkanları məhdud uşağın iştirakı təmin olunmuşdur. Ölkə səviyyəli paralimpiya idman oyunlarında Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançılarından 2-si ikinci, 1-i isə üçüncü yerə layiq görülmüşdür. İl ərzində federasiyanın müvafiq idman bölmələrinə 25 sağlamlıq imkanları məhdud uşaq cəlb olunmuşdur. Uşaqların istedadlarının üzə çıxarılması istiqamətində işlər davam etdirilmiş, bu sosial kateqoriyanın nümayəndələrindən ibarət “Ümid” musiqi qrupu yaradılmışdır. Ötən il müxtəlif sərgilər, bilik yarışları, oxunması zəruri olan kitabların müzakirəsi, nümunəvi məşğələlər, yaradıcılıq müsabiqələri, ekskursiyalar olmaqla, ümumilikdə, 70-ə yaxın tədbirdə müvafiq kateqoriyadan olan 500-dən çox uşağın iştirakı təmin edilmişdir. 
    Məhdud sağlamlıq imkanlarına malik uşaqların cəmiyyətə qazandırılmasında sosial reabilitasiya tədbirləri qədər, tibbi və defektoloji xidmətin təşkili də vacib əhəmiyyət kəsb edir. Görülən işlər erkən yaşlarda sağlamlıq imkanlarının məhdudluğunun aradan qaldırılması üçün şərait yaradır. Bu kateqoriyadan olan uşaqların bərpa müalicəsinə, psixoloji müayinələrə və müxtəlif terapiyalara cəlb olunması onlarda sağlam vərdişlərin formalaşdırılması ilə nəticələnir. Ötən il Naxçıvan Uşaq Bərpa Mərkəzində 279 sağlamlıq imkanı məhdud uşağın müalicəsi təşkil olunmuşdur. Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan 171 uşaqla reabilitasiya tədbirləri aparılmış, defektoloji bölmənin Şərur rayon filialına 39, Ordubad rayon filialına 35 uşaq cəlb edilmişdir. Mart ayından etibarən yeni terapiyaların tətbiqinə başlanılmış, il ərzində bunlardan “Kukla” terapiyasına 35, “Nağıl” terapiyasına isə 69 uşaq cəlb olunmuşdur. Eyni zamanda mərkəzin psixoloji dəstək xidmətinə 63 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Onların hər biri ilə müəllim və psixoloqlar tərəfindən fərdi qaydada konsultasiya aparılmış və müvafiq reabilitasiya tədbirləri həyata keçirilmişdir. Psixoloji dəstək xidmətinin təşkili sağlamlıq imkanları məhdud uşaqların şəxsiyyətinin korreksiyası baxımından mühüm rol oynamışdır. 

“Şərq qapısı”

Nəşr edilib : 23.02.2022 18:42