AZ EN RU

Sağlam həyat tərzi sürmək öz əlimizdədir

    Adətən, başqalarına arzu-diləklərimizi çatdıranda, hər şeydən əvvəl, cansağlığı arzulayırıq. Çünki cansağlığı insan həyatı üçün ən vacib nemət sayılır. Bir insan nə qədər bacarıqlı və kamil olursa-olsun, səhhəti imkan vermədikdə o, səmərəli fəaliyyətdən kənarda qalacaq, iş qabiliyyətini itirəcəkdir. Buna görə də ölkəmizdə insan amilinə qayğının ön planında əhalinin sağlamlığının təmin olunması dayanır. Bu səbəbdəndir ki, illər ötdükcə səhiyyə infrastrukturu daha da inkişaf etdirilir, müasirləşir.

    Bu mənada, deyə bilərəm ki, ölkəmizdə bərqərar olunmuş sürətli sosial-iqtisadi inkişaf muxtar respublikada da səhiyyənin inkişafını təmin edib. Müstəqillik illərindən başlayaraq yüzlərlə yeni tibb ocaqları tikilib istifadəyə verilib, mövcud səhiyyə müəssisələrinin təmiri, yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması prosesi geniş vüsət alıb. Bu gün artıq muxtar respublikanın ən ucqar kəndində belə müasir səhiyyə ocağı fəaliyyət göstərir, tibbi personal ən müasir tibbi avadanlıqlarla 24 saat sakinlərin sağlamlığının keşiyini çəkir. 

    Səmimi etiraf etməliyəm ki, uşaqlıq illərimi keçirdiyim Ordubad rayonunun Bist kəndində nə zamansa müasir səhiyyə ocağının tikiləcəyi və hətta kəndə ən müasir fizioterapiya avadanlıqlarının gətirilib quraşdırılacağı deyilsəydi, inanmazdım. Çünki o zamanlar nəinki xəstəxana tikmək, kəndin yolları ilə gediş-gəliş belə gözümüzün önündə bir çətinlik yaradırdı. Lakin bu gün mənzərə tamam başqadır. Elə kəndimizdəki müasir şəraiti ilə xəstəxananı xatırladan ambulatoriyada hərtərəfli  şərait yaradılıb ki, sakinlər artıq səhhətləri ilə bağlı problemlərini öz kəndində həll edir, uzaq Bist kəndindən rayon mərkəzinə və ya Naxçıvan şəhərinə getmək məcburiyyətində qalmırlar. Burada nəinki müxtəlif müayinə və müalicələr yerinə yetirmək, hətta fizioterapiya ilə müalicənin aparılmasına da şərait yaradılıb. Ali Məclis ­Sədrinin tapşırığı ilə kənd ambulatoriyasında fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq qurulub. İndi, hətta ucqar dağ və sərhəd kəndlərində belə xəstələrin elektroterapiya və ultrasəslə müalicə, ultrayüksəktezlikli cərəyanla, parafinlə, Solyusk lampası ilə müalicə aparatları vardır.

    Əziz oxucular, mən əbəs yerə fizioterapevtik müalicəni xüsusi vurğulamadım. Çünki dövlətimiz də müalicənin bu üsulunun tətbiqinə xüsusi önəm verir. Günümüzdə fizioterapiya ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Müəyyən xəstəliklər vardır ki, onların uzunmüddətli fizioterapevtik və reabilitasiya müalicəsi səmərəli effekt verir. Bu müalicə üsulunun köməyi nəticəsində xəstələri müxtəlif cərrahi əməliyyatlardan xilas etmək də mümkündür. 
    İndi isə gələk Naxçıvanın ən böyük səhiyyə ocağı olan Naxçıvan Muxtar Respublika Xəstəxanasına. 2015-ci il dekabrın 1-də əsaslı yenidənqurmadan sonra istifadəyə verilən xəstəxana əhalinin sağlamlığının etibarlı təminatına ayrılan diqqət və sərmayənin ən parlaq ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən binada hərtərəfli şərait yaradılıb, ən müasir tibbi və texnoloji yeniliklərə əsaslanan avadanlıqlar quraşdırılıb.

    İlk olaraq xəstəxananın Reabilitasiya şöbəsinin imkanlarından söz açmaq istərdim. Bu günlərdə fəaliyyəti ilə tanış olduğumuz Reanimasiya şöbəsində də tibbin ən son yenilikləri tətbiq olunur, müxtəlif vasitələrlə fizioterapevtik müalicələr aparılır. Müalicələrin qısa müddətdə və effektiv yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur. Nəticədə, insanların sağlamlığı qısa zamanda bərpa olunur, onlar yenidən öz aktiv həyatlarına qovuşurlar. 
    Burada fizioterapiya, hidroterapiya bölmələri ilə yanaşı, Naftalan nefti ilə müalicə bölməsi də fəaliyyət göstərir. Elə buraya gəlməyimizin məqsədi də dünya tibb elmində analoqu olmayan bu müalicə üsulu ilə yaxından tanış olmaq idi. 
    Əvvəlcə onu qeyd edim ki, mürəkkəb fiziki-kimyəvi tərkibə malik olan Naftalan nefti sənaye neftindən tamamilə fərqlənir. Bu neftin tərkibinin əsasını təşkil edən yüksəkmolekullu, çoxhalqalı quruluşa malik naften karbohidrogenlər, kükürdlü, azotlu birləşmələr və mikroelementlər onun müalicəvi təsirində əhəmiyyətli rol oynayır. Naftalandan müalicə məqsədilə hələ orta əsrlər dövründən istifadə olunmağa başlanılıb. Onun adına 13-cü əsrdə yaşamış məşhur səyyah Marko Polonun qeydlərində də rast gəlindiyi bildirilir. 
    Şöbənin əməkdaşı, həkim-fizioterapevt İlahə Zeynalova bildirdi ki, Naftalan nefti güclü ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, allergiya əleyhinə, maddələr mübadiləsini tənzimləyici təsirə malikdir. Müalicəvi tərkib qan dövranına daxil olaraq qan hüceyrələrini və xəstə orqanlarda qan axınını gücləndirir. Onun bu xüsusiyyətləri sümük-əzələ sistemi, periferik sinir, periferik damar, ginekoloji və dəri xəstəlikləri, eləcə də xroniki prostatitlər üzrə 70-dən artıq xəstəliyi müalicə etməyə imkan verir.
    Başqa sözlə, neft vannası qəbul edən insanlar oynaq və əzələ ağrılarından, dəri xəstəliklərindən, əsəb pozğunluqlarından xilas olurlar. Elə bu hikmətdəndir ki, hər il dünyanın müxtəlif yerlərindən minlərlə insan Tanrının ölkəmizə bəxş etdiyi bu əvəz­olunmaz, möcüzəvi nemətin sorağına düşür, Naftalan şəhərindəki sanatoriyalara üz tuturlar. Xüsusilə yay aylarında buraya ənənəvi olaraq daha çox Rusiya, Polşa, Almaniya, Fransa, İran, Türkiyə, Filippin və başqa ölkələrdən şəfa tapmağa gələnlər var. 
    Lakin muxtar respublika sakinlərinin belə uzaq məsafəni qət etmək və əlavə xərcə düşmək məcburiyyətindən, necə deyərlər, yaxası qurtarıb. Çünki əhalinin sağlamlığını prioritet istiqamət kimi müəyyənləşdirən dövlətimiz Naftalan neftini bizim ayağımıza gətirib. 
    Həkim-terapevt İlahə Zeynalova bildirdi ki, şöbəyə müalicəvi neft Naftalan şəhərindən gətirilir. Bölmədə 4 Naftalan nefti ilə müalicə otağı var. Onlardan ikisi qadın, digərləri isə kişi pasiyentlər üçün nəzərdə tutulub. Bu da imkan verir ki, burada gündəlik 30-dan çox xəstə qəbul edilsin. Müalicə müddəti isə xəstəliyin növündən və hansı mərhələdə olmasından asılıdır. Müalicənin effektivliyi də çox yüksəkdir. Hətta bölməyə müraciət edənlərin dili ilə desək, buraya əsa ilə gələnlər evlərinə qayıdarkən əsalarını bir kənara atırlar. 
    Lakin xəstələr müalicədən öncə mütləq müayinədən keçirilir. Çünki Naftalan nefti bir sıra xəstəliklərdən əziyyət çəkən insanların səhhətinə əks-təsir göstərə bilər. İlk dəfə müraciət edən xəstələrin ümumi sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra vanna qəbuluna cəlb olunur. Müalicə proseduru 10-12 dəfə təşkil edir. İlk vanna qəbulu 8 dəqiqə müddətində tətbiq olunur. Müalicənin sonrakı mərhələlərində bu müddət 15 dəqiqəyədək artırıla bilər. Otaqlarda ən müasir avadanlıqlar quraşdırılıb və kompüter sisteminə inteqrasiya edilib. Belə ki, neftin vannalara doldurulub-boşaldılması, müalicə vaxtının təyin olunması, təzyiq və temperatura nəzarət avtomatik qaydada həyata keçirilir.
    Onu da qeyd edək ki, bir seans müddəti bitdikdən sonra xəstələr mütləq duş qəbul edərək 1 saat ərzində həkim nəzarəti altında istirahət etməlidirlər. Odur ki, bölmədə istirahət otağı da yaradılıb. İstirahət otağında həmsöhbət olduğum sakinlər də yaradılan şərait­dən məmnunluqlarını bildirdilər. Niyə də məmnun olmasınlar? Naftalan neftinin möcüzəvi təsiri altında qalan pasiyentlər tezliklə sağlamlığına qovuşurlar. Əvvəllər Naftalan şəhərinə gedən sakinlər indi müalicə məqsədilə bu şəhərə getməyin artıq xərc olduğunu bildirdilər. Çünki xəstəxanada yaradılan şərait onların vaxtında müayinə olunmasına və düzgün diaqnoz qoyulmasına, ən əsası isə möcüzəvi Naftalan nefti ilə təbii müalicəyə təminat verir.
    Sona Abdullayeva deyir ki, son illər bel və ayaq oynaqlarındakı ağrılardan şikayət edirdim. Həkimə müraciət etdim, Naftalan nefti ilə müalicəni məsləhət gördü. Sözün açığı, heç burada Naftalan nefti ilə təbii müalicənin olduğunu bilmirdim. Buna görə məyus olmuşdum. Çünki Naftalandakı sanatoriyalara getmək üçün nə zamanım, nə həvəsim var idi. Maddiyyat cəhətdən də o qədər imkanım yox idi. Yoldaşlarımdan bu xəstəxanada belə şəraitin yaradıldığını eşitdikdə çox şad oldum. Dərhal müraciət etdim. Sağ olsunlar, həkimin məsləhəti ilə tibb bacıları bizi çox yaxşı qarşılayıb, müalicəmizi vaxtlı-vaxtında etdilər. Ağrılarım qısa zamanda azaldı. İndi seansın sonlarına yaxınlaşmışam. Çox dəyişiklik hiss edirəm özümdə. Bundan artıq nə olmalıdır ki!? Artıq xərc və zaman sərf etmədən sağlamlığıma qovuşuram. Hətta səhhətimin yaxşılaşmasından sonra xəstəxanaya özüm tək gəlib-gedirəm. Bu şəraiti yaradanlara və bizə göstərilən xidmətə görə hər kəsə minnətdaram. 
    Şəhərimizin digər bir sakini Eldar Haqverdiyev ilə söhbət zamanı məlum oldu ki, o, son 2 ildə 4-cü dəfədir ki, buraya üz tutur. Pasiyentin sözlərinə görə, neft vannası ona ağrısız yaşamaq imkanı verir.
    Əziz oxucular, sağlam həyat tərzi sürmək hər bir insanın öz əlindədir. Əsas məsələ xəstəliyin inkişaf etməsini gözləməmək və gecikmədən həkimə müraciət etməkdir. Səhhətinizlə bağlı hər hansı problem olarsa, sağlamlığınızı yerli həkimlərə etibar edə bilərsiniz. Xəstəxanalarımızın müasir maddi-texniki bazası, təcrübəli və peşəkar tibbi kadrlar buna tam zəmanət verir. Elə Naxçıvan Muxtar Respublika Xəstəxanasında olduğu kimi. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 23.08.2022 18:22