AZ EN RU

Şagirdlərin dövri tibbi, flüoroqrafik müayinə və tuberkulin test sınaqlarına start verilib

    Muxtar respublika ərazisində yaşayan uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrinin aparılmasını və dispanserizasiyasını təmin etmək məqsədilə ardıcıl tədbirlər görülür. 
    Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktik xarakteri daşıyan dövri tibbi yoxlamalar, flüoroqrafik müayinə və  tuberkulin test sınaqları aparılır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir. 
    Yaz mövsümünün profilaktik tibbi müayinələri aprelin 1-dən ayın sonunadək davam etdiriləcək. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçilərı ilə təlimati söhbətlər aparılıb, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də şagirdləri yaz mövsümünün dərin tibbi müayinələri ilə əhatə etmək məqsədilə həkim-pediatr, stomatoloq, cərrah, LOR və digər ixtisaslı həkimlərdən ibarət briqadalar təşkil edilib. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən yaradılmış həkim briqadaları dərin tibbi müayinələrə Naxçıvan şəhərindəki           8 nömrəli, tuberkulin test sınaqlarına isə 1, 2, 3, 4, 5, 7 nömrəli tam orta məktəblərdə və Qızlar Liseyində start verib. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunacaq.
    Tədbirdə, həmçinin uşaq və yeniyetmələrin şəxsi və ümumi gigiyenik qaydaları  haqqında maarifləndirici söhbətlər aparılır. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.04.2022 20:06