AZ EN RU

“Rəssamlıqla musiqinin vəhdəti” adlı rəsm sərgisi açılıb

Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin Rəngkarlıq ixtisası tələbələrinin əl işlərindən ibarət “Rəssamlıqla musiqinin vəhdəti” adlı rəsm sərgisi keçirilib.

Tədbirdə Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev çıxış edərək muxtar respublikamızda gənc rəssamların istedad və bacarıqlarının üzə çıxarılmasında təşkil edilən sərgilərin əhəmiyyətindən, bu sahədə aparılan kadr hazırlığı prosesindən danışıb. 

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssam Cavid İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva və digərləri çıxışlarında qeyd ediblər ki, belə sərgilərin təşkili tələbələrin yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynamaqla istedadlı gənc­lərin daha həvəslə çalışmaları üçün stimul olur. Tələbələr onlar üçün yaradılmış şəraitdən səmərəli istifadə etməli və üzərlərində daha çox çalışmalıdırlar. 

Çıxış edənlər yaradıcı tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin Simli kvartetinin ifasında musiqi sədaları altında sərgiyə baxış olub. Sərgidə tələbələrin tarixi və ədəbi şəxsiyyətlər, milli dəyərlər, tarixi abidələr, fəsillər, şəhidlər və digər mövzularda 37 rəsm işi nümayiş olunub. Sərgi bir həftə davam edəcək. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 16.12.2022 21:50