AZ EN RU

Rəssamlar Birliyinin saytı yenilənib

    Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin  Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyin yenilənmiş saytının təqdimatı olub. Naxçıvan Muxtar  Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva tədbirdə çıxış edərək deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim diyar Naxçıvan muxtariyyətinin 98 illiyini yaşamaqdadır. Naxçıvan Muxtar  Respublikası ulu öndər Heydər Əliyev yolunun qətiyyət və uğurla davam etdirilməsi nəticəsində dinamik inkişafdadır.  
    Qeyd olunub ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, rəssamlıq sahəsində də böyük inkişaf vardır. Bu da onunla bağlıdır ki, rəssamlarımız, sənət adamlarımız yüksək rifah və qayğı ilə əhatə ediliblər. Belə ki, respublikamızda yeni innovasiyalardan istifadə rəssamların inkişafında və fəaliyyətində müsbət nəticələr göstərməkdədir. Belə tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin ilk saytı-web səhifəsinin 2011-ci ildə yaradılması idi. 
    Bildirilib ki, Ali Məclis Sədrinin 2019-cu il 25 may tarixli Sərəncamına əsasən Naxçıvan  Muxtar  Respublikasının 95  illik  yubileyi  ilə  əlaqədar Rəssamlar Birliyinin  fəaliyyətinin  müasir  tələblər  səviyyəsində qurulması,  Naxçıvan  rəssamlıq  sənətinin inkişafına  dəstək  olan  rəsm festivallarının  təşkili və  albom-kataloqların,  internet  resurslarının  hazırlanması  məqsədilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş  Ehtiyat Fondundan Rəssamlar Birliyinə 15 (on beş) min manat vəsait ayrılıbdır. Həmin vəsait Sərəncamda nəzərdə tutulan tədbirlərin həllinə yönəldilib.
    Diqqətə çatdırılıb ki, Rəssamlar Birliyinin əvvəlki internet səhifəsi  müasir tələblərə cavab vermədiyindən dizayn, quruluş və məzmun baxımından yeni formatda hazırlanması zərurəti yarandığından Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən internet səhifəsi müasir üslubda yenidən hazırlanıb.  
    Ülviyyə Həmzəyeva çıxışının sonunda   yaradılan şəraitə görə muxtar respublika rəhbərinə rəssamlar adından minnətdarlığını bildirib.
    Qeyd edək ki,  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nrb.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən internet səhifəsinin SSL(təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyası (SEO-Serch Engine Optimization) axtarış sisteminə uyğunlaşdırılıb, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər görülüb, eləcə də domenə bağlı e-poçt ünvanları ilə təmin olunub. Həmçinin Rabitə və Yeni Texnologiyalar Nazir­liyinin mütəxəssisləri tərəfindən birliyə idarəetmə panelinin istifadəsi verilib. Birliyin saytı əsas menyudan ibarətdir və bu menyuda  8 bölmə yerləşir. Sayt iki dildə fəaliyyət göstərəcək.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 14.02.2022 19:59