AZ EN RU

Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində görüşlər keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il  9 avqust tarixli Sərəncamına əsasən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub.
    Qeyd olunan proqramı müvafiq bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşlərdə kart sahiblərinə nağdsız ödənişlərin üstünlükləri izah olunaraq nəzərə çatdırılıb ki, fərqli ödənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi, vergilərin, rüsumların və digər büdcə ödənişlərinin, kommunal xərclərin internet vasitəsilə ödənilməsi, elektron ödənişlərin qısa müddətdə şəxsi vərəqədə əks olunması, avia biletlərin və digər mal və xidmətlərin internet vasitəsilə əldə olunması kimi üstünlükləri mövcuddur. 
    Qeyd olunub ki, nağsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatların tikinti, ticarət, xidmət və digər sahələrdə quraşdırılması təmin edilib. Həmçinin POS-terminalların tətbiqi kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində, şəxsiyyət vəsiqələrinin və xarici pasportlara ödənilən rüsum haqlarının ödənilməsi üçün Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat şöbələrində quraşdırılıb. Kənd yerlərində yaşayan sakinlərin daha rahat ödənişini təmin etmək məqsədilə xidmət mərkəzlərində nağdsız ödənişlərin aparılması üçün də POS-terminal aparatları quraşdırılıb.
    Bildirilib ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları üçün “İBA-mobil”, “ Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları üçün isə “Birbank” mobil tətbiqindən istifadə etmək mümkündür.
    Keçirilən maarifləndirici tədbirlərdə bildirilib ki, 1 mart 2022-ci il tarixə muxtar respublika ərazisində  quraşdırılan bankomatların sayı 116, POS-terminalların sayı 1554, ödəniş terminallarının sayı isə 150 ədəd təşkil edib. Cari ilin yanvar-fevral aylarına aparılan nağdsız əməliyyatların həcmi 24 milyon 719 min 639 manat olub ki, bunun da 18 milyon 076 min 962 manatı internet və digər ödəniş vasitələri, 6 milyon 642 min 677 manatı POS-terminallarla həyata keçirilib. 
    Qeyd edək ki, analoji tədbirlər cari ilin ötən dövründə Naxçıvan şəhəri və rayonlarında da keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 17.03.2022 18:47