AZ EN RU

Redaksiyamıza yazırlar

Dövlət dəstəyi hesabına təsərrüfatımızı genişləndirməyə, maddi təminatımızı yaxşılaşdırmağa nail olmuşuq

    Hörmətli redaksiya! 
    Bu məktubu sizə Şahbuz rayonunun Badamlı qəsəbəsindən yazıram.Yoldaşım vəfat edib. Oğlum, gəlinim və iki azyaşlı nəvəmlə yaşayıram.
    Əvvəl qeyd etməyi özümə borc bilirəm ki, bu gün muxtar respublikamızda bütün sahələrə, eləcə də ailələrə və qadınlara yüksək diqqət və qayğı göstərilir. Ailələrin sosial rifah halı günbəgün yaxşılaşdırılır, qadınların cəmiyyətin bütün sahələrində təmsil edilmələri üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür, bu istiqamətdə müxtəlif sosial layihələr icra olunur. Qadınların məşğulluqlarının təmin edilməsi sahəsində görülən işlər öz bəhrəsini verir, qadın sahibkarların sayı getdikcə artır, ailə təsərrüfatları inkişaf edir.
    Onu da bildirim ki, mənim özüm də iki il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan sosial layihədə iştirak etdim və sərmayə kapitalı aldım. Həmin sərmayə kapitalı dəyərində bir baş iribuynuzlu heyvan alaraq öz ailə təsərrüfatımı qurmağa başladım. Artıq bu gün təsərrüfatımdakı iribuynuzlu heyvanların sayını 26 başa çatdırmışam. İstehsal etdiyimiz  məhsulları bazara çıxarıram. 
    Hörmətli redaksiya! İnanıram ki, sizə ünvanladığım bu minnətdarlıq məktubu təkcə mənim yox, dövlətin qayğısı nəticəsində arzularını reallaşdırmış onlarla muxtar respublika qadınının ürəyindən keçənləri xəbər verir.
    Sizin vasitənizlə çoxsaylı zəhmətkeş muxtar respublika qadınları adından dövlətimizə minnətdarlığımı bildirir, qəzetinizə fəaliyyətində uğurlar arzu edirəm. 

Bahar SEYİDOVA
Şahbuz rayonunun Badamlı qəsəbə sakini

***

Stomatologiya sahəsində peşəkar həkimlərimiz çalışır

    Salam, hörmətli redaksiya!
    Bu gün muxtar respublikamızda səhiyyə sistemində uğurlu inkişafın şahidi oluruq. Xüsusilə dişlərin müalicəsi ilə bağlı olan stomatologiya sahəsində yeni nailiyyətlər qazanılıb. Bunun bir səbəbi də diyarımızda bu sahədə peşəkar həkimlərin çalışması ilə bağlıdır. Belə  peşəkar stomatoloqlardan biri də Azər Həsənovdur. Bu məktubu yazmaqda da məqsədim hazırda Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəz” publik hüquqi şəxsin baş həkimi, stomatoloq Azər Həsənova minnətdarlıq etməkdir. 
    Qeyd edim ki, burada quraşdırılan tibbi avadanlıqlar diş xəstəliklərini ən müasir şəkildə  müayinə və müalicə etməyə imkan verir. Stomatoloji xidmət zamanı sanitar-gigiyenik qaydalara ciddi riayət olunur. 15 il bundan qabaq dişlərimi müalicə üçün başqa bir həkimə müraciət etsəm də, arzuladığım kimi olmamışdı. Sonradan dişlərimdə iltihablaşma olduğundan tez-tez məndə başağrısı yaradırdı. Azər həkim işinin peşəkarı kimi mənim köməyimə çatdı. Dişlərimin çəkimini tam ağrısız həyata keçirdi. Həmçinin müqəddəs Ramazan ayına görə müayinə və müalicə prosesini təmənnasız etməyi boynuna götürdü. Azər həkimə qəzetiniz vasitəsilə dərin minnətdarlığımı bildirirəm. 
    Bir məsələni də diqqətə çatdırım ki, dişlər sağlamlığımızın göstəricisi olmaqla bərabər, həm də estetik görünüşümüzdə mühüm rol oynayan elementlərdən biridir. Ona görə də dişlərinizi qoruyun və  qayğısına qalın.

Solmaz TAĞIZADƏ
 Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakini

Nəşr edilib : 23.05.2022 21:21