AZ EN RU

Rayon həyatının bütün sahələrində canlanma müşahidə olunur

    Novruzgülü baş qaldırandan payızın can üşüdən yağışları düşənəcən muxtar respublikamızın bütün şəhər, qəsəbə və kəndlərində əsl qaynar iş həyatı yaşanar, insanlar əkib-becərər, özlərinə gün-güzəran yaradarlar. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən layihələr, görülən məqsədyönlü tədbirlər Babək rayon sakinlərinin də işgüzarlığına, əmək fəaliyyətinə, yaşayış şəraitinə əhəmiyyətli dərəcədə təsir göstərib. Aqraryönümlü Dövlət proqramlarının mərhələli şəkildə uğurlu icrası nəticəsində ötən dövrdə onlarla təsərrüfat yaradılıb ki, bununla da rayon və şəhər əhalisinin təbii məhsullara olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə geniş imkanlar açılıb. Elə yaz-yay aylarında Babək, Naxçıvan şəhərlərindəki bazarlarla yanaşı, rayonun bol-bərəkətli əkin-biçin ərazilərinin, yeni salınan təsərrüfatların yaxınlığında, yaşayış məntəqələri boyu uzanan magistralın kənarlarına düzülən piştaxtalarda özünə yer almış məhsullar zəhmətkeş insanların alın tərinin bəhrələri və bu sahədəki inkişaf haqqında ağızdolusu “danışır”. Fermerlərə subsidiya və gübrələrin verilməsi, texnikalarla, suvarma suyu ilə təminat, o cümlədən keyfiyyətli yerli toxum sortlarından istifadə əkinçilikdə məhsuldarlığın da səviyyəsini ilbəil artırır...
    2022-ci ildə də muxtar respublikada yaz-tarla işlərinə xüsusi diqqət göstərilir. Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mövsümə hazırlıq işlərinin görülməsi ilə bağlı aid dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirib. Verilmiş tapşırıqlara uyğun olaraq Babək Rayon İcra Hakimiyyəti tərəfindən də tədbirlər planı hazırlanıb və mart ayı ərzində bir sıra işlər görülüb. Yaz-tarla işləri çərçivəsində rayonda yaşıllıq zolaqlarının genişləndirilməsi də davam etdirilməkdədir. Belə ki, bu dövrdə Babəkdə 1600 qarışıq meyvə tingi, 754 meşə ağacı, 124 həmişəyaşıl ting, 500 badam, 250 ərik, 500 tut olmaqla, ümumilikdə, 3728 ağac və 916 gül kolu əkilib.  Rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə ötən illərdə müşahidə edilən artım tempi, cari ilin yaz əkin işlərində də xüsusi canlanmanın yaranmasına səbəb olub. Yaz təsərrüfatının ötən dövründə rayonda, ümumilikdə, 355 hektar sahədə əkin aparılıb. Əkilən sahənin 7 hektarını kartof, 29 hektarını qarğıdalı, 2 hektarını günəbaxan, 65 hektarını bostan bitkiləri, 130 hektarını çoxillik otlar təşkil edir. Hər mövsümdə olduğu kimi, taxılçılıq yenə üstün istiqamət kimi saxlanılıb, 116 hektar ərazidə arpa əkini həyata keçirilib.
    Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Cari ildə də müvafiq Dövlət proqramının icrası diqqətdə saxlanılıb, yeni meyvə və üzüm bağlarının salınması nəzərdə tutulub. Yaz əkinlərinin ötən dövründə 6 hektar ərazidə tərəvəz bitkiləri əkilib, sahələrə, bağlara aqrotexniki qulluq göstərilib, bahar calağı işlərinə xüsusi önəm verilib. Bundan başqa, yaz təsərrüfat dövrünə hazırlıq məqsədilə mart ayı ərzində Babək Rayon İcra Hakimiyyətinin tabe təşkilatlarının əməkdaşları rayonun şəhər, qəsəbə və kəndlərində abadlıq işləri aparıb, yol kənarları, ətraf ərazilər tullantılardan təmizlənib. Həmçinin adıçəkilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq qəbiristanlıqlardakı yaşıllıqlara mövsümə uyğun qulluq edilib, ərazi tullantılardan təmizlənib, səliqə-sahman yaradılıb. Bununla yanaşı, ötən ay rayon ərazisindəki  taxıl sahələri də gübrələnib, melioratorlar tərəfindən hidrotexniki qurğulara baxış keçirilib, anbarlarda su ehtiyatı yaradılıb, kanal və arxlar, kollektor və drenaj şəbəkələri lildən təmizlənib.
    Müşavirədə verilmiş tapşırıqlara əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq qrip və kəskin respirator virusların qarşısının alınması məqsədilə rayonun ümumtəhsil məktəblərində, uşaq bağçalarında, ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda, avtomobil dayanacaqlarında, ticarət mərkəzi və bazarlarda, eləcə də məscid və mərasim evlərində mərhələli şəkildə dezinfeksiya işləri aparılıb. Belə ki, Babək Rayon Gigiyena və Epidemiologiya və Dövlət Yanğın Təhlükəsizliyi şöbələri tərəfindən 800 kvadratmetr avtomobil dayanacağı, 24 min 275 kvadratmetr məscid, 20 min 649 kvadratmetr Mərasim evi, 1803 kvadratmetr ictimai iaşə müəssisəsi olmaqla, ümumilikdə, 19 gün davam edən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon üzrə iki milyon kvadratmetrdən artıq sahə xüsusi məhlulla dezinfeksiya edilib. 

Nail ƏSGƏROV

Nəşr edilib : 12.04.2022 17:41