AZ EN RU

Rabitəçi-mühəndislər üçün növbəti seminar təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının aparıcı texnologiya şirkətlərindən olan “Karel” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində nazirliyin aparatının və tabeli qurumlarının mühəndislərinin biliklərinin artırılması məqsədilə seminar keçirilib.
    Tədbirdə nazirliyin aparatının Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Ruhən Əsgərov qeyd edib ki, muxtar respublikada yeni nəsil telekommunikasiya şəbəkələrinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin müasir rabitə və internet xidmətləri ilə əhatə olunması diqqət mərkəzində saxlanılır. 
    Həmin şöbənin baş məsləhətçisi Azər Seyidov seminarın əhəmiyyətinə toxunaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması hər zaman prioritet məsələ olub. Bu səbəbdən işçilərin müvafiq peşə istiqaməti üzrə nəzəri və praktik biliklərinin artırılması, o cümlədən ixtisaslı kadr kimi formalaşmaları istiqamətində müvafiq təlim və seminarlar keçirilir. 
    Türkiyə Respublikasının rabitə elektronikası sahəsində nüfuzlu şirkətlərdən olan “Karel” şirkətinin İqdır bölgə müdiri Hasan Akot, şirkətin təcrübəli mühəndisləri Sinan Özmən və Muhammed Kalkan slaydlar vasitəsilə Karel avtomat telefon stansiyalarının iş prinsipi, Karel bulud IP çağrı mərkəzi, Karel bulud İoT həlləri və qurğuları, Karel görüntülü təhlükəsizlik sistemləri və dördüncü sənaye tətbiqləri mövzularında məlumatlar veriblər.  
    Tədbirin sonunda suallar cavablandırılıb, aidiyyəti mütəxəssislərə cihazların istifadə qaydaları barədə praktik təlim keçirilib. 
    Həmçinin nazirliyin aparatının aid mütəxəssislərinin iştirakı ilə Kəngərli rayonunun telekommunikasiya şəbəkəsinin istismarında olan “Karel” şirkətinin istehsalı olan elektron avtomat telefon stansiyalarına baxış olub, texniki xüsusiyyətləri haqqında əlavə məlumatlar verilib.

Naxçıvan Muxtar Respublikası  Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.08.2022 20:07