AZ EN RU

Rabitəçi-mühəndislər Türkiyə Respublikasında təlim keçirlər

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə etməklə informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə onlar müvafiq onlayn kurslara, seminar və təlimlərə cəlb olunurlar. 

    Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri tərəfindən Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yüksəkixtisaslı kadr hazırlığının diqqətdə saxlanılmasına dair verilmiş tapşırığın icrası, eləcə də həyata keçirilən tədbirlərin davamı olaraq nazirlik ilə “Buta Global Enerji” şirkəti arasında mövcud olan əməkdaşlıq çərçivəsində nazirliyin iki mühəndisi dünyanın aparıcı şirkətlərindən olan Prysmian Groupun Türkiyə Respublikasının Bursa şəhərində yerləşən Mudanya fabrikində təlimə cəlb olunub. Burada Prysmian Groupun dünyanın aparıcı ölkələrində təlim keçmiş yüksəkixtisaslı mühəndisləri tərəfindən onlara mis və fiber-optik kabel növlərinin beynəlxalq standartlara görə çeşidli növlərdə istehsalı, istehsal olunan kabellərin texniki xüsusiyyətləri, o cümlədən siqnal ötürmə sürəti, xətlərin müxtəlif relyeflərə uyğun çəkilməsi barədə ətraflı məlumatlar verilib. Həmçinin Prysmian Groupun fabrikində İtaliya keyfiyyət standartlarında “Draka” markalı kabel məhsullarının istehsalı prosesi ilə tanışlıq zamanı o da bildirilib ki, odadavamlı, yüksəkkeyfiyyətli bu kabellərdən Naxçıvan Muxtar Respublikası üçün xüsusi istehsal olunmaqla yanaşı, inkişaf etmiş dünya ölkələrində də fiber-optik xətt çəkilişində, yeraltı və hava rabitə xətlərinin çəkilməsi zamanı da istifadə edilir. Eyni zamanda mühəndislər fabrikin bütün istehsal sahələri ilə də yaxından tanış olublar.
    Qeyd edək ki, təlim 30 iyul 2022-ci il tarixədək davam edəcəkdir.

 Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.07.2022 19:21