AZ EN RU

Rabitə infrastrukturunda təmir-bərpa işləri görülür

    Muxtar respublikada rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər hazırda Şərur, Culfa və Ordubad rayonlarını da əhatə edib. Təmir işləri zamanı Şərur rayonunun Qorçulu, Mahmudkənd, Qarxun və Muğancıq-Mehrab kəndlərində, ümumilikdə, 28 ədəd dəmir dirək basdırılaraq rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilib, müxtəliftutumlu yeni kabellər çəkilib.
    Culfa rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, Culfa şəhərində, rayonun Yaycı, Camaldın, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Milax və Ləkətağ  kəndlərində sakinlərin ən müasir rabitə və internet xidmətlərindən yararlanması məqsədilə istismar müddəti ərzində sıradan çıxmış müxtəlifölçülü rabitə xətlərinin yenilənməsi işləri görülüb. 
    Ordubad rayonunda da həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Rayon mərkəzində və kəndlərdə rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunub. Rayonun Sabirkənd, Dəstə, Kələntər Dizə və Qoşadizə kəndlərində 15 ədəd dəmir dirək basdırılıb, Ordubad şəhərində və Tivi kəndində isə 350 metr müxtəliftutumlu yeni kabellər çəkilərək rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilib. 

Naxçıvan Muxtar Respublikası  Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.04.2022 21:27