AZ EN RU

Quruculuq tədbirləri geniş vüsət alıb

    Muxtar respublikamızda həyata keçirilən kompleks tikinti-quruculuq işlərindən bu gün ölkəmizin ən prestijli təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetinə də pay düşüb. 
    Məlumat üçün bildirək ki, Azərbaycan təhsil sahəsində bir ilk olan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində tikintisinə başlanılan Texnologiyalar Parkının və yeni rektorluq inzibati binasının inşası sürətlə davam edir. 
    Universitetin rektorluq inzibati binasının tikintisinə ötən ildən başlanılıb. Üç mərtəbədən ibarət olan binada ali təhsil ocağının bütün struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulub. Binada kabinet və iş otaqları ilə yanaşı, enerji diplomatiyası mərkəzi, senat otağı, universitet muzeyi və yeməkxananın yerləşməsi də nəzərdə tutulmuşdur.

    Ali təhsil ocağının Texnologiyalar Parkının əsas binasında da tikinti prosesləri sürətlə davam edir. Qeyd edək ki, yeni qurulacaq Texnoparkda biopark, texnopark binaları, nəbatat bağı, habelə energetika, gülkarlıq, tingçilik, hovuz, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq, sərgi sahələri və tədris otaqları fəaliyyət göstərəcəkdir. Texnoparkın binasının isə zirzəmi ilə birlikdə, ümumilikdə, 5 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur.
    Binanın zirzəmisində Texnoservis Mərkəzi, Nanoaraşdırmalar Mərkəzi, proqramlaşdırma və avtomatlaşdırma otağı, Biotexnologiyalar Mərkəzi, Prototip Mərkəzi, kafe və təsərrüfat otağının yerləşdirilməsi nəzərdə tutulmuşdur. 
    Binanın birinci mərtəbəsində Şərur sənaye məhəlləsi, Naxçıvan Məhsulları, “Naxtel” 4G operatorunun, Microsoft, CISCO, KOICA, Bakunity şirkətlərinin ofisləri, digər gələcək rezident şirkətlər üçün ofislər fəaliyyət göstərəcək.
    İkinci mərtəbədə İnnovasiya, Layihələrin əlaqələndirilməsi mərkəzləri, İnformasiya texnologiyaları xidmətləri mərkəzi, Süni intellekt elmi-tədqiqat mərkəzi, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika otağı, Texnopark direktoru və direktor müavini üçün iş otaqları nəzərdə tutulmuşdur.
   Üçüncü mərtəbədə Biznes inkubatoru, İdeya bankı, Co-working, Startap mərkəzlərinin, dördüncü mərtəbədə isə 3 müzakirə otağı və 240 nəfərlik akt zalı yerləşəcək. Biopark binasında isə Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, laboratoriya (arı südü, arı zəhəri istehsalı), 1 inzibati otaq, arı mayalandırma, barama, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri fəaliyyət göstərəcək.

Məcid RƏŞADƏTOĞLU

***

    Bu gün muxtar respublikamızda idmanın inkişafı, ümumilikdə, Naxçıvanın sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biri hesab olunur. Xüsusilə müasir idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu gün diyarımızda aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Son illər muxtar respublikanın bütün bölgələrində uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olmaları, onların yarışlarda, turnirlərdə iştirakları təmin olunur, şəhər, rayon və kəndlərdə idman obyektləri yenilənir, müasirtipli yeni idman zalları tikilərək istifadəyə verilir.

    Son günlər siması yenilənən idman obyektlərindən biri də Naxçıvan Muxtar Respublika Stadionudur. Naxçıvan Futbol Federasiyasında struktur dəyişikliyindən sonra futbol sahəsində bir qədər canlanma müşahidə olunur. Belə ki, bu sahənin inkişafı üçün federasiya aid olduğu stadionların təmirinə ciddi fikir verir, onları müasir avadanlıqlarla təmin edir. Mərkəzi stadionda bir aydan çoxdur, təmir işlərinə start verilib. Məlumat üçün deyək ki, stadionun ot örtüyünün müasir tələblərə cavab verməsi üçün federasiya bu sahənin mütəxəssisini Naxçıvana dəvət edib. Hazırda ot örtüyünün yenilənməsi məqsədilə qidalandırıcı gübrələr verilir, müasir ot dərmanlarından istifadə edilir və alaq otları təmizlənir. Arenanın düzlüyünün alınması da diqqətdə saxlanılır və stadionda qumlama işləri aparılır. 
    Yeni futbol mövsümünə hazırlıqlarla əlaqədar olaraq arenanın VİP otaqları və inzibati binada yerləşən paltardəyişmə otaqları yenidən təmir olunur. Uzun müddətdir, yararsız halda olan su nasosları təmir edilib, onlar qoruyucu vasitələrlə təmin olunub, suqızdırıcı baryer yenisi ilə əvəzlənib.  

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.04.2022 18:27