AZ EN RU

Quruculuq işləri tamamlanmaq üzrədir

    Son illər ölkəmizdə dövlət qurumlarının fəaliyyətinə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub. 
    Naxçıvan şəhərində inşa olunan “ASAN xidmət” və “DOST” mərkəzlərinin inşası da bu sahədə mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamına əsasən “ASAN xidmət” Mərkəzinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə vəsait ayrılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “ASAN xidmət” Mərkəzi yaradılıb, 2 hektara yaxın torpaq sahəsi ayrılaraq xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə fərqlənən bina inşa olunub.

    Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv, digər mərtəbələrdə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya yerləşir. Hazırda mərkəzdə son tamamlama işləri görülür, mebel və digər avadanlıqlar quraşdırılır, həyəti abadlaşdırılır.
    Qeyd edək ki, mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən müxtəlif xidmətlər göstəriləcək. Mərkəzin kadr potensialını formalaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 27.10.2022 18:31