AZ EN RU

Quruculuq işləri davam etdirilir

       Havaların mülayim keçməsi muxtar respublikada tikinti-quruculuq işlərinin davam etdirilməsinə imkan verib. Bu səbəbdən Ordubad rayonunda da inşaat tədbirləri sürətini azaltmayıb. Əvvəlcə onu qeyd edək ki, rayonun Unus, Pəzməri və Kələki kəndlərində  həyata keçirilmiş kompleks quruculuq işləri bu ilin oktyabr və noyabr aylarında başa çatdırılıb, həmin yaşayış məntəqələrində müasir kənd və xidmət mərkəzləri, məktəb binaları istifadəyə verilib, kəndlərarası və kənddaxili yollar asfaltlaşdırılıb. Hazırda isə rayonun Xanağa və Azadkənd yaşayış məntəqələrində, eləcə də Ordubad şəhərinin Heydər Əliyev prospektindəki 82 nömrəli beşmərtəbəli yaşayış binasında və qədim Cümə məscidində quruculuq işləri davam etdirilir. 
       Rayonun Azadkəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur, qədim Aza körpüsü isə əsaslı surətdə bərpa edilir. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan, müasirtipli 270 şagird yerlik 3 mərtəbədən ibarət tam orta məktəb binasında 2-si elektron lövhəli olmaqla, 15 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinfi, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları müəllim və şagirdlərin istifadəsinə veriləcək. Kənd mərkəzində isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və digər xidmət sahələri üçün nümunəvi şərait yaradılacaq. Xidmət mərkəzində isə bir sıra xidmət sahələri fəaliyyət göstərəcək. Onu da qeyd edək ki, Naxçıvan-Ordubad magistralından Azadkəndə ayrılan 3 yol da yenidən qurulur.

    Xanağa  kəndində  isə məktəb binası yenidən qurularaq tədris imkanları genişləndirilir. 288 şagird yerlik müasirtipli 2 mərtəbəli yeni məktəb binasında 2-si elektron lövhəli olmaqla, 16 sinif otağı,1 kompüter sinfi, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları fəaliyyət göstərəcək. Qeyd edək ki, 2004-cü ildə tikilən məktəb binasına yeni korpus əlavə olunub. Məktəbin həyətində açıq idman qurğuları da yaradılacaq. 

                            Abbas SEYİD

Nəşr edilib : 13.12.2022 18:21