AZ EN RU

Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardımın ödənilməsi başa çatdırılıb

Ölkəmizdə əmək pensiyalarının müntəzəm olaraq artırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" 2022-ci il 4 mart tarixli Sərəncamı bu istiqamətdə atılan növbəti mühüm addımdır. Sərəncama uyğun olaraq 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcəkdir.

“Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən Sərəncamın icrası ilə bağlı müvafiq işlər görülüb və maddi yardımım ödənilməsi prosesi qısa müddət ərzində yekunlaşdırılıb. Muxtar respublika üzrə maddi yardımın ödənilməsi 4247 əmək pensiyaçısına şamil edilib. Həmin şəxslərin pensiyalarının 10 faizi məbləğində maddi yardımın verilməsi üçün hər ay orta hesabla 317 min 520 manat, illik isə 3 milyon 810 min 240 manat vəsait ayrılıb.

Qeyd edək ki, muxtar respublikada mart ayı üzrə əmək pensiyalarının ödənişi martın 4-də başa çatdırıldığı üçün müvafiq pensiyaçılara 2022-ci ilin yanvar, fevral və mart ayında nəzərdə tutulan maddi yardım martın 11-də pensiyaçıların ödəniş kartlarına köçürülüb.

Cari ildə əmək pensiyalarının artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib, pensiyaçıların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, cari ildən başlayaraq minimum əmək pensiyasının məbləği 20 faiz artırılmaqla 200 manatdan 240 manata çatdırılıb. Həmçinin, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin məbləği 3,4 faiz indeksləşdirilərək artırılıb. Bundan başqa, əmək pensiyaçılarına rüb ərzində 50 manat məbləğində, ümumilikdə il ərzində 200 manat olmaqla maddi yardım ödənilir. Qulluq stajına görə əlavələr alan şəxslərin pensiyasına əlavə maddi yardımın verilməsi də pensiyaçılara göstərilən qayğının növbəti təzahürüdür. Artımların həyata keçirilməsi üçün Fondun büdcəsindən illik 17 milyon 128 min manat əlavə vəsait xərclənəcəkdir.

Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 11.03.2022 19:57