AZ EN RU

Qrip əleyhinə peyvəndləmə aparılır

    Soyuq qış aylarında havaların soyuması ilə mövsümi xəstəliklərin də sayı artır, qrip və kəskin respirator virus infeksiyalarına yoluxma halları çoxalır. Pandemiya dövründə isə bu virusa qarşı vaksinasiya daha da aktuallaşır. Elə bu səbəbdən qrip əleyhinə peyvənd olunmaq dünyada yayılan pandemiya ilə mübarizənin bir üsuludur. Odur ki, Naxçıvan Muxtar Respublikasında hər il olduğu kimi, cari ildə də qrip əleyhinə vaksinasiya həyata keçirilir. Bu məqsədlə hazırda mövsümi qrip vaksininin bölgüsü aparılır və yerlərdə icrasına və sistemə işlənməsinə nəzarət edilir. Peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulur. Digər qruplar da özləri könüllü olaraq peyvənddən yararlana bilirlər.
    Artıq yanvarın əvvəlindən bəri 512 nəfər qripə qarşı vaksinasiyaya cəlb  olunub.
        Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun aparıcı məsləhətçisi Çinarə Əhmədova bildirib. 
  Risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər. Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70 faizdən çox qoruyur və riskli insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını ala bilir. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir.
    Epidemioloq onu da qeyd edib ki, qrip hər il dünyada, təxminən, 2-5 milyon insana yoluxan, 250 mindən çox insanın isə ölümünə səbəb olan virusun törətdiyi bir infeksion xəstəlikdir. Xəstəliyə səbəb olan influenza virusunun quruluşu asanlıqla dəyişir. Virusun asanlıqla tərkibinin dəyişməsi xəstəliyə hər il yoluxmamızın səbəbidir. Öskürən və ya asqıran xəstə insan hava-damcı yolu ilə çox sayda virusu ətrafa yayır. Ətrafa yayılan virus damcıları ağız, burun, ya da gözlərə təmas etdiyindən yoluxma qeydə alınır. Bu səbəblə qripli xəstə virusu ətrafa yaymamaq üçün asqıran, yaxud öskürən zaman ağzını dəsmalla, yaxud qolları ilə tutmalıdır. Qripli xəstə tez-tez əllərini yumalı, su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə etməlidir.  Bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Nazirlik tərəfindən muxtar respublikaya gətirilən bu vaksinlərin saxlanılması qaydaları fərqli,  dozasına görə çox keyfiyyətlidir. Həmin peyvəndlər Gigiyena və Epidemiologiya Mərkəzi,  onun rayon şöbələrində dövlət hesabına əhaliyə vurulur.  
    Xatırladaq ki, ötən il risk qruplarından olan vətəndaşlardan 17 min 545 nəfər mövsümi qrip əleyhinə vaksinasiyaya cəlb olunub ki, onlardan da  1800 nəfəri uşaqdır. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.01.2022 20:13