AZ EN RU

“Qlobal Pul Həftəsi”nə həsr olunmuş tədbir

    Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə “Qlobal Pul Həftəsi”nə həsr olunmuş “Maliyyə savadlılığı: Strategiya, tədris, təhlil” və “Uşaqlar və pullar” müsabiqələri üzrə tədbir keçirib.

    Tədbiri giriş sözü ilə Naxçıvan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyinin sədri Gülxanım Orucova açaraq Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən mütəmadi olaraq istehlakçıların maliyyə savadlılığının artırılmasına və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlifsəpkili tədbirlər həyata keçirildiyini və bu tədbirlərdə əsas hədəf qruplarından biri kimi məktəbli, tələbə və müəllim heyətinin seçildiyini vurğulayıb.
    İdarənin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Qənbər Xudiyev “Qlobal Pul Həftəsi” çərçivəsində müxtəlif maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədin muxtar respublikada gənc şagird, tələbə və müəllim heyətinin iqtisadi və maliyyə məsələləri üzrə məlumatlılığının və rasional maliyyə davranışlarının artırılmasından ibarət olduğunu qeyd edib.
    Tədbir zamanı şöbənin əməkdaşı Pərviz Babayev tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının iqtisadi maarifləndirmə məqsədilə yaratdığı virtual təhsil platformasında təqdim edilmiş müvafiq kurslar barədə məlumat verib. Bildirilib ki, pedaqoji heyət üçün “Maliyyə savadlılığı: Strategiya, tədris, təhlil” və ümumtəhsil məktəblərində maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, şagirdlərin maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədilə 10-16 yaşlı şagirdlər üçün  “Uşaqlar və pullar” virtual kursu nəzərdə tutulub. Kursların təbliği və təşviqi üçün hədəf qrupları arasında 11 mart 2022-ci il tarixədək müsabiqə elan edilib. İştirakçılar qeyd olunan kursun videodərslərini dinlədikdən sonra testdə onlayn şəkildə iştirak edərək Mərkəzi Bankın əməkdaşının nəzarəti altında sualları cavablandıracaqlar. Müsabiqənin nəticələrinə uyğun olaraq qalib şəxslərə müxtəlif hədiyyələr təqdim ediləcəkdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.02.2022 19:28