AZ EN RU

Qızlar arasında şəhər birinciliyi

    Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
    Birinciliyin keçirilməsində məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarının daha da səmərəli keçirilməsini təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarət olub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Üzgüçülük Mərkəzinin birgə təşkilatçılığı ilə üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən birincilikdə 2 yaş qrupunda 20 idmançı iştirak edib.
    Yarışın yekununa əsasən 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında Fidan İsgəndərli qalib adını qazanıb. Zəhra Məmmədova ikinci, Məsmə Cabbarova üçüncü olub. 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında isə İnci Allahverdiyeva finiş xəttinə hamıdan tez çatıb. Alsu Abdullayeva və Tahirə Əlizadə müvafiq olaraq ikinci və üçüncü yerlərlə kifayətləniblər.
    Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 16.08.2022 18:35