AZ EN RU

Qışın səfasını görmək naminə şövqlə çalışanlar...

    Ulu babalarımızdan illərin sınağından çıxmış, təcrübələrdən keçirilmiş belə bir deyim var ki, yayda işləməyən qışda dişləməz. Bəli, hələ qədim zamanlardan elimizin, obamızın zəhmətkeş, əməksevər insanları yazın gözü açılandan əkin-biçin sahələrinə üz tutar, çalışıb-vuruşaraq həm gündəlik dolanışıqlarını çıxarar, həm də qış azuqələrini toplayar, mal-heyvanın, toyuq-cücənin yem ehtiyatını yaradardılar. Qış qapının ağzını kəsdirəndə, şaxta-boran tüğyan edəndə isə yazda-yayda toplananlardan, yığılanlardan rahatlıqla, könül xoşluğu ilə istifadə olunardı. İndi də muxtar respublikamızın bütün bölgələrində həmrəylik, birlik rəmzinə çevrilən bu təsərrüfatçılıq nümunəsi, adət-ənənə ən yüksək səviyyədə yaşadılır. Dəyişkən, sərt iqlim şəraitinə malik Culfa rayonunda da hər il olduğu kimi, bu il də sakinlər ayrı-ayrı məşğuliyyət növlərinə uyğun qışa hazırlıq işlərini uğurla yerinə yetiriblər. Rayonda fəaliyyət göstərən təsərrüfatçılardan bir neçəsinin bu barədə fikirlərini öyrənməyə çalışdıq...

    Bəhruz İsmayılovu culfalılar öz işinin mahiri kimi tanıyırlar. 2012-ci ildə atası Vaqif və qardaşı Bəhrəmlə birlikdə dövlətdən 40 min manat maliyyə vəsaiti götürərək yaşadıqları Gülüstan kəndində quşçuluq təsərrüfatı qurublar. Əvvəlcə təsərrüfatlarında ətlik və yumurtalıq toyuqlar saxlayıb, daha sonra isə bazarın tələbatını nəzərə alaraq hinduşkalar da bəsləməyə başlayıblar. Bəhruz qısa zamanda nəinki rayonda, muxtar respublika səviyyəsində öz zəhmətkeşliyi, qabiliyyəti, bacarığı ilə sayılıb-seçilən ailə təsərrüfatçısına çevrilib. Əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, o, Ali Məclis Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Təsərrüfatçı öz fəaliyyəti barədə dedi: – Atalarımız doğru söyləyiblər ki, əmək insanı ucaldır, çörəksiz qoymur, dost-tanış arasında hörmət-izzət sahibi edir. 10 illik təsərrüfat fəaliyyətimdə bu deyimin həqiqiliyinin bariz şahidi oldum. Digər bir həqiqət odur ki, biznes, ticarət, təsərrüfat qurmaq istəyirsənsə, gərək qarşına çıxan maneələrdən çəkinməyəsən, başqa sözlə, risk etməyi bacarasan. Bütün sahələrdə olduğu kimi, burada da uğur qazanmağın əsasında məqsəd, zəhmət və inam dayanır. Təbii ki, əlverişli şərait də vacib faktorlardandır. Elə məhz geniş biznes mühitini, yaradılan imkanları nəzərə alıb atamla, qardaşımla birgə qarşımıza məqsəd qoyaraq böyük həvəslə başladıq bu işə. İlk olaraq dövlətdən götürdüyümüz vəsait hesabına 6 hektara yaxın yoncalıq ərazidə 240 kvadratmetrlik ferma tikdik, havalandırma sistemi quraşdıraraq ətlik və yumurtalıq toyuqların bəslənməsi ilə məşğul olduq. Qısa zamanda əldə etdiyimiz yaxşı qazanc təsərrüfatımızı böyütməyə, genişləndirməyə imkan verdi. Növbəti illərdə öz vəsaitimiz hesabına əlavə olaraq 150 və 80 kvadratmetrlik fermalar da inşa etdirdik, toyuqla yanaşı, hinduşka da alıb saxlamağa başladıq. Təsərrüfat fəaliyyətimizin əsas müsbət cəhəti broylerə deyil, təbii yolla yetişdirməyə üstünlük verməyimizdir...
    Bəhruz İsmayılov bildirdi ki, yaz-yay aylarında təsərrüfatımızda 4500-dən çox toyuq-cücə, 1200-ə yaxın hinduşka olur. Satış üçün nəzərdə tutduqlarımızı il ərzində satır, qalanlarını isə növbəti dəfə bala əldə etmək, yumurtalıq üçün saxlayırıq. Təcrübəmə əsasən deyim ki, bölgəmizdə təbii şəkildə yetişdirilən toyuqla bərabər, hinduşka ətinə də xüsusi önəm verilir, əsasən, ilin noyabr-mart ayları, bayram ərəfələrində bu quş növü daha çox alınır. Naxçıvan şəhərində keçirilən satış yarmarkaları, festivallar da məhsullarımızın tanıdılmasında, alıcılıq qabiliyyətinin artırılmasında önəmli rol oynayır. Onu da bildirim ki, quşçuluqda saxlanma şəraiti ilə yanaşı,  keyfiyyətli yem ehtiyatının olması da vacib şərtdir. Yaz-yay aylarında çöldə göy ot bol olduğu üçün yemləmə prosesində quru qidaya o qədər də geniş yer verilmir. Lakin qış aylarında bu hal mütləq nəzərə alınır. Biz öz təsərrüfatımızda quşların yemlənməsində, əsasən, arpa, qarğıdalı, buğda və quru yoncadan istifadə edirik. Bir qismini Şərur rayonunun iri təsərrüfat sahiblərindən alır, qalanını isə özümüzə məxsus torpaq sahəsindən tədarük edirik. Bu məqsədlə hər il 5,5 hektarda taxıl əkini həyata keçiririk. Artıq qarşıdan gələn soyuq aylar üçün bütün lazımi qabaqlayıcı tədbirləri həyata keçirmişik, kifayət qədər yem ehtiyatımız vardır. Əməyimə verilən qiymətə, eləcə də ailə təsərrüfatlarının inkişafı üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edirəm.
    Arıçılıq son illər muxtar respublikamızın bütün bölgələrində inkişaf edən, genişlənən, kütləviləşən ənənəvi təsərrüfat formasıdır. Culfa rayonunda da bu sahə üzrə püxtələşib, uğur qazananlar az deyil. Onlardan biri Taleh Nağıyevdir. Culfa şəhərində yaşayan Talehin arıçılığa marağı ilk dəfə 2016-cı ildə Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal festivalı” sayəsində yaranıb. Festivalda bir-birindən bənzərsiz məhsullarla tanış olan, təcrübəli arıçılardan məsləhət alan Taleh elə həmin ildən arı saxlamağa, cana məlhəm, dərdə dərman bu təbii məhsulu istehsal etməyə başlayır. Bu barədə fikirlərini bölüşərək dedi: – İşə başladığım gündən arıçılıqla bağlı elmi, mütərəqqi yenilikləri öyrənməyə can atıram, daim axtarışdayam, xarici ölkələrin elm adamlarından, xüsusilə də türkiyəli mütəxəssislərdən nələrisə əxz eləməyə çalışıram. Ümumiyyətlə, bütün sahələr belədir. Gərək zəhmət çəkib öyrənəsən, oturub gözləməklə nəyəsə nail olmaq, irəliyə addım atmaq mümkün deyil. Uğur qazanmaq, birinci növbədə, seçdiyin sahəyə dərindən bələd olub bilməkdən, ən əsası da bildiklərini müfəssəl şəkildə tətbiq etməkdən irəli gəlir. Bu mənada, işə başladığım ilk vaxtlarda məhsuldarlıq aşağı olsa da, zaman keçdikcə çəkdiyim zəhmət öz bəhrəsini verdi. Hazırda 30 arı ailəsi bəsləyirəm, süzmə, şan ballar, mum, vərəmum, polen, arı südü istehsalı ilə məşğulam. Ötən il yeşiklərdən 150 kiloqram süzmə, 50 kiloqram şan bal əldə etmişəm. Təmiz balın müştərisi başının üzərində olur. İşə başlayandan əsas devizim keyfiyyətə üstünlük vermək, halallığa riayət etməkdir. Gələcəkdə bu sahəni daha da böyütmək, məhsul çeşidlərini çoxaltmaq,  arı ailələrinin sayını artırmaq istəyirəm. 
    Arıçı bildirdi ki, Culfa rayonunun yerləşdiyi coğrafi şərait, təbiətin zənginliyi, dağlıq ərazilərin çoxluğu ulu babalarımızdan miras qalan bu ənənəvi təsərrüfat formasını inkişaf etdirməyə geniş imkanlar açır. Yaz-yay aylarında arı ailələrini Ərəfsə kəndindəki “Xəzinə dərəsi”nə köçürürəm. Artıq qış girdiyi üçün arıları soyuqdan, xəstəlikdən qorumaq əsas vəzifə kimi qarşımda durub. Öyrəndiklərimə, bildiklərimə əsasən deyim ki, ilin bu vaxtlarında, xüsusilə yeşiklər təmiz və quru yerdə saxlanılmalı, xəstəlik yarandıqda dərhal dezinfeksiya edilməlidir. Ümumiyyətlə, istənilən fəsildə arı yeşiklərinin yerləşəcəyi ərazilərə diqqət yetirmək vacibdir, yerin hava şəraiti arıların normal fəaliyyətinə maneə yaratmamalıdır. Küləyin və temperaturun çoxluğu zərərlidir, yaxşı məhsul əldə etmək üçün yeşiklərin ətrafında su olmalıdır. Digər tərəfdən təsərrüfatı qoruyub saxlamaq, böyütmək üçün arıların sağlamlığı əsas şərtdir. Xüsusilə zərərvericilərdən qorunmaları üçün ildə bir neçə dəfə dərmanlamaq lazımdır, arıların gümrah, işlək olması üçün vitaminlər də vaxtlı-vaxtında verilməlidir. Arıçılıq təsərrüfatlarında ən çox rast gəlinən varoa gənəsidir ki, qış aylarında ona qarşı dərmanlama daha effektiv nəticə verir. Bu zərərvericinin məhv edilməsi üçün quzu-qulağı turşusundan istifadə edirəm. Nəticəsi də ürəkaçandır. Bütün arıçılara qış aylarını itkisiz, uğurla başa vurmağı arzulayıram.
    Təsərrüfatçılarla söhbətimizdən gəldiyimiz qənaət budur ki, hər şey öz zamanında gözəldir, necə deyərlər, bu günün işini gərək sabaha saxlamayasan ki, sonradan peşman olub “kaş ki” sözünü dilinə gətirməyəsən. Elə həm öz ailəsinə, həm dövlətimizə, həm də cəmiyyətimizə faydalı olmaq amalı ilə, qışda səfa görmək naminə yazda, yayda cidd-cəhdlə, əzmlə, şövqlə çalışan Bəhruz İsmayılov və Taleh Nağıyev kimi...

Nail ƏSGƏROV

Nəşr edilib : 21.12.2022 18:54