AZ EN RU

Qida dəyəri baxımından zəngin olan qarğıdalı iqtisadi əhəmiyyətə malikdir

    Dünyada əkin sahəsi və istifadə olunmasına görə taxıldan və çəltikdən sonra üçüncü yeri tutan qarğıdalının becərilməsi arxeoloji tapıntılara əsasən 8000 il bundan əvvələ təsadüf edir. Ölkəmizdə isə qarğıdalının yetişdirilməsinə XIX əsrin ortalarında başlanılıb. Əlverişli iqlim şəraitinə, zəngin təbiətə və bərəkətli torpaqlara malik qədim diyarımız Naxçıvanda kənd təsərrüfatının müxtəlif sahələri kimi dənli bitkilər, xüsusilə də qarğıdalı əkininə son illərdə maraq artıb. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qarğıdalı yağı istehsalına başlanılması ilə bağlı tapşırıqlar verilib, yeni yaradılan Şərur Sənaye Məhəlləsində bununla bağlı şərait yaradılıb. Qədim maya dilindən tərcümədə “həyat dəni” mənasını verən qarğıdalı bölgələrimizdən asılı olaraq müxtəlif cür adlanır. Abşeronda qarğıdalıya peyğəmbəri, Balakən, Zaqatala bölgəsində yekə buğda, Lənkəran və Naxçıvanda isə məkə deyilir. Həmçinin qarğıdalı Avropaya Osmanlı imperiyasından yayıldığı üçün bir çox Avropa dillərində qarğıdalı “türk buğdası” adlandırılır.
    Kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirən Şərur rayonunun bərəkətli torpaqları qarğıdalı yetişdirmək üçün də əlverişlidir. Əhalisinin məşğuliyyətində taxılçılıq, tərəvəzçilik və heyvandarlığın mühüm yer tutduğu rayonun Düdəngə kəndi də bu baxımdan seçilir. Ailə təsərrüfatı başçısı, 2-ci dərəcəli “Əmək” ordenli Faiq Ağayevin də təsərrüfatında qarğıdalı mühüm yer tutur. İxtisasca aqronom olan ailə təsərrüfatı başçısı söhbətimiz zamanı qeyd etdi ki, 1986-cı ildən təsərrüfatla məşğuldur: – Torpaqlar islahata gedəndən sonra da fəaliyyətimizə davam etmişik. Qarğıdalı sahəsində 15 illik təcrübəm var. Hər il bu məhsuldar bitkini əkirəm. Ona görə ki, qarğıdalının istifadə istiqamətləri çoxsahəlidir. Qarğıdalı bərk, dişə bənzər, nişastalı, partlayan, şəkərli, nişastalı-şəkərli, yarımdiş, mumabənzər və pərdəli olmaqla növlərə bölünür. Muxtar respublikamızda qarğıdalı bitkisindən, əsasən, heyvandarlıqda yem kimi, yeyinti sənayesində isə un məhsulu kimi istifadə olunub. Bu gün sənayedə də ondan geniş istifadə edilir. Ümumiyyətlə, sənayedə qarğıdalı dənindən nişasta, etil spirti, şəkər, bal, yağ, E vitamini, turşular, gövdəsindən və yarpağından kağız, linoleum, şüşə qablar üçün süni tıxaclar, plastik kütlə, qarğıdalı dəni və silosundan isə çox qüvvətli yem kimi quşçuluq və heyvandarlıq sahələrində geniş istifadə olunur. Qarğıdalı silosu ən yüksək yem vahidinə və pəhriz xüsusiyyətinə malikdir. Gecikmiş və ya təkrar səpinlə qarğıdalıdan eyni sahədən bir ildə iki dəfə məhsul almaq mümkündür.
    Təcrübəli təsərrüfatçının sözlərinə görə, bu il qarğıdalı təsərrüfatından hektardan 13 ton məhsul götürüblər. Qarğıdalı yetişdirmək üçün toxumları Türkiyədən alırlar. Burada dövlətin onlara daha bir qayğısı ondan ibarətdir ki, heç bir rüsum ödəmədən toxum və mineral, fosforla zəngin gübrələri əldə edə bilirlər. Ailə təsərrüfatçısı qarğıdalıdan əlavə, təsərrüfatında kartof, soğan, taxıl olmaqla, 4 çeşiddə məhsul əkir. Bu il 8 ton buğda, 40 ton kartof, 40 ton soğan əldə edib. Kartofu, soğanı soyuducu anbarlara təhvil verirlər ki, qış aylarında əhalini təmin etsin, qarğıdalının çox hissəsini isə bu il Şərur Sənaye Məhəlləsinə veriblər. 
    Müsahibim qarğıdalını becərmə üsullarından da danışdı: – Qarğıdalı bitkisi münbit, şoranlıq problemi olmayan, turşuluq baxımından neytral olan bütün növ torpaqlarda yetişir. Qarğıdalı soyuğa həssasdır və toxumunun cücərməsi üçün yüksək temperatur vacibdir. Növbəli əkində, adətən, payızlıq bitkilərdən (buğda, arpa və sair) sonra əkilən qarğıdalı üçün ən yaxşı sələf bitkiləri isə paxlalılar, kartof və tərəvəz sayılır. Əkin üçün ayrılan sahələri alaqlardan təmizləmək, üzvi və mineral gübrələri, suyunu vaxtında vermək onun becərilməsində əsas amillərdir. Bitkinin üst gübrələmə zamanı karbamid və ya ammonium nitratdan istifadə edilir. Aqrotexniki qaydalara düzgün əməl olunarsa, qarğıdalını əkildikdən 90-130 gün sonra yığmaq olar. 
    Qarğıdalının insan orqanizmi üçün əhəmiyyətindən danışan müsahibim deyir ki, onun tərkibi müxtəlif vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmi zərərli maddələrdən təmizləyir, immun sistemini gücləndirir, ürək və şəkər xəstəliyi üçün çox yaxşı vasitədir. Qarğıdalı saçağının dəmlənib içilməsi öd kisəsi, sinir və mədə-bağırsaq sistemləri üçün xeyirlidir. Qarğıdalı həm də milli mətbəximizdə müxtəlif yeməklərdə, salatların hazırlanmasında geniş istifadə edilir. 
    Faiq Ağayev dövlət qayğısını daim hiss etdiklərini dedi, fəaliyyətinə yaradılan əlverişli şəraitə görə dövlətimizə minnətdarlığını bildirdi. 
    Muxtar respublika təsərrüfatçılarının yetişdirdiyi qarğıdalı bazarın tələbatını ödəyir, yaxın gələcəkdə istehsal olunacaq qarğıdalı yağı da bu baxımdan mühüm əhəmiyyət daşıyacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 10.10.2022 21:07