AZ EN RU

Qədim yurdun tarixi keçmişinin bu günümüzə daşıyıcıları

    Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı qədim və orta əsrlər zamanı yaradılmış müxtəlif təyinatlı tarix, mədəniyyət abidələri ilə çox zəngindir. Bu abidələrin bir qismi zaman keçdikcə təbii qüvvələrin və fəlakətlərin təsirindən, həmçinin müharibələr zamanı məhv olaraq sıradan çıxmış, müəyyən hissəsi zəmanəmizədək gəlib çatmışdır. Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir. 

    Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrimiz UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə diqqət və qayğı artırılmışdır.

    Naxçıvan Muxtar Respublikasında da tarix və mədəniyyət abidələrinin qorunması və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, təmirə ehtiyacı olan tarixi abidələr əsaslı şəkildə bərpa edilir. Tariximizin əks-sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”. Bu gün Naxçıvan tarixi öyrənilir, tədqiq olunur, yaşadılır. Naxçıvanın qədimliyinin, əzəmətinin daş nümunəsi olan, son illərdə bərpa edilərək ikinci həyat verilən tarixi abidələr muxtar respublikanın simvoluna, bəzəyinə, sakinlərin isə qürur mənbəyinə çevrilib. Muxtar respublikamızda mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən qayğı muxtar respublika rəhbərinin bu sahəyə böyük önəminin ifadəsidir. Bu günə qədər muxtar respublikada minlərlə abidənin qeydə alınaraq tədqiq edilməsi, onlardan çoxunun bərpa olunmaqla xalqımızın qədim tarixi irsi kimi ona yenidən qaytarılması da bunun ifadəsidir.
    Müsbət haldır ki, Naxçıvan Muxtar Respublikasında qeydə alınan mədəniyyət abidələrinin bir çoxu artıq illərdir ki, muzey kimi fəaliyyətə başlamış və bu gün minlərlə tamaşaçıya muzey xidməti göstərir. Belə misilsiz abidələrdən biri də Əcəmi seyrəngahında ucaldılan memar Əcəminin şah əsəri olan Möminə xatın türbəsidir.
    Türbə XII əsr Azərbaycan memarlıq məktəbinin gözəl incilərindən olmaqla yanaşı, təkcə Azərbaycanda deyil, eləcə də İslam dünyasında qadın şərəfinə, ana şərəfinə ucaldılan ən uca və inci kompozisiyalı abidələrdən sayılır. Memar Əcəmi öz şah əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirmişdir. Möminə xatın türbəsinin üzərindəki ornament bəzəkləri, təkrara yol verilmədən işlənən bütün səthlərin müxtəlifliyi, “Yasin” surəsi ilə haşiyələnməsi əsrlərboyu Naxçıvana gələn səyyah və tacirlərin diqqətini cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Bu gün də Naxçıvan şəhərinin mərkəzində öz əzəməti ilə yüksələn, ömrü amansız rüzigarlarla qarşılaşmış vüqarlı, dəyanətli, mükəmməl memarlıq abidəsi qorunub yaşadılması xalqımızın daş abidələrə olan dəyər və qayğısının göstəricisidir. Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə xatın türbəsi “Naxçıvan məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun təcili qorunmaya ehtiyacı olan maddi-mənəvi irsin ilkin siyahısına daxil edilmişdir.
    Ən qədim insan yaşayış məskənlərindən olan Naxçıvanda sənətkarlıq və mədəniyyət də böyük inkişaf yolu keçib. Bu torpağın hər qarışı tarixin müəyyən dövründən soraq verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Hazır­da dünyanın bir çox ölkələrində müxtəlif mövzuları əhatə edən açıq səma altında muzeylər fəaliyyət göstərir. Bəşəriyyətin tarixindən xəbər verən, orta əsrlər dövrünə məxsus qədim daş abidələri qorumaq, bu nadir nümunələri öyrənmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində də Açıq Səma Altında Muzey yaradılmışdır. Sərəncamda deyilir: “Müasir tarixşünaslığın tələbləri baxımından tədqiqini gözləyən sahələrdən biri də azərbaycanlıların yaşadıqları ərazilərdə geniş yayılmış qədim qoç heykəlləri, qəbirüstü abidələri və daş üzərində oymalardır. Qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlılarda ən qədim mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar xalqımızın qədim mədəniyyətindən nümunələr olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsərləridir”.
    Daş əmək alətlərinin, daş heykəllərin, daş epiqrafik yazıların, piktoqrafik yazı nümunələrinin daş üzərində həkk edilməsinin tarixi çox qədimlərə dayanır. Muzeyin əsas eksponatlarını daşdan yonulmuş qoç fiqurları təşkil edir. Qədim türk xalqlarının inamları və dəfn adətləri ilə bağlı olan daş qoç və qoyun heykəlləri əvvəlcə dəfn olunanların yanına qoyulub, zaman keçdikcə bu adət tədricən qəbirlərin üstünə qoyulan heykəllərlə əvəzlənib. Muzeydə, həmçinin sənduqələr, qəbirdaşları, memorial xatirə abidələri, sütun altlıqları, dəyirmandaşları, dibəkdaşları geniş yer tutur. Bu daş abidələr tarixin sınağından keçərək bu günümüzə gəlib çatmış və özündə qədim türk xalqlarının minilliklərə sığmayan tarixini, mədəniyyətini yaşadır.
    Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar da daxildir. Naxçıvan şəhərində “Xan diki”ndə inşa edilən daha bir tarix-memarlıq abidəsi isə XVIII əsrə aid Naxçıvan xanlarının iqamətgahı olan Xan sarayıdır. Saray 1780-ci ildə Naxçıvan xanlarından  Kalbalı xan Kəngərli tərəfindən tikdirilmiş, memarı isə Mirzə Cəfər Xoylu olub. Vaxtilə baxımsız, tarixə laqeydlik təəssüratı yaradan bu bina, tarix və mədəniyyətimizə məhəbbətin ifadəsi olaraq artıq illərdir ki, muzey kimi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə isə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətə başlamışdır.
    Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkan yalnız Azərbaycanın bölgələrindən olan qonaqların deyil, həmçinin müxtəlif səfirliklərin, beynəlxalq təşkilatların, xarici ölkələrdən gələn turistlərin də diqqətini cəlb edir. Bundan əlavə, kompleksə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının, təhsil müəssisələrinin kollektivləri, eləcə də şəhər sakinləri tez-tez üz tuturlar. Ölkəmizin digər bölgələrindən müxtəlif turizm şirkətləri tərəfindən göndərilən qrupların səyahət planında da bu mədəniyyət müəssisəsinin adı hər zaman ön yerdə olur. Bir sözlə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi mədəni istirahət baxımından hər kəs üçün ideal məkanlardan sayılır. Muzey kompleksinin yerləşdiyi ərazi həm də öz mistik aurası ilə də seçilir. Naxçıvanın (Azərbaycanın) dövlətçilik tarixinin izlərini yaşadan abidələr sanki əvvəldən düşünülərək bu ərazidə yerləşdirilib: Atabəylərin yadigarı Möminə xatın türbəsi, Naxçıvan xanlarının iqamətgahı Xan sarayı, müstəqil Azərbaycan dövlətinin banisi – ümummilli lider Heydər Əliyevin yaxınlıqdakı abidəsi, ümumilikdə, Əcəmi seyrəngahını hər birimiz üçün dəyərli edir.
    İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, Vətən sevgisi və ona sadiqlik kimi ülvi hisslər aşılayır. Qədim diyarda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Hər bir xalqın qədimliyi onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Tarixi-mədəni irsimizi qorumaq isə hər birimizin borcudur.
    Tarixin yadigarları onu yaradan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdir. Belə dəyərli mənbələrin saxlanc yeri isə muzeylərdir. Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından muzeylər böyük əhəmiyyətə malikdir. Muzeylərimiz tariximizin, maddi və mənəvi dəyərlərimizin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisələridir. Həmin müəssisələrdə saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Bu xəzinələr Naxçıvanımızın muxtariyyət salnaməsini günümüzə qədər yaşadır, qoruyur. Ali Məclis Sədrinin dediyi kimi: “Muzeylər xalqımızın milli mədəniyyət nümunələrini özündə yaşadan müqəddəs yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli, qorunmalı və ziyarət olunmalıdır”.    

    Bəli, muzeylər keçmişimizi qoruyan, bu günə daşıyan maddi-mənəvi dəyərlər xəzinəsidir. Bu xəzinə xalqımızın çoxəsrlik tarixini, qədimliyini, milliliyini özündə əks etdirir. Tariximizi qorumaq, yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur. Biz də muzey işçisi olaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi möhtəşəm tarixi-memarlıq abidələrinə ev sahibliyi edir və bu abidələrin mühafizəsini, təbliğini layiqincə yerinə yetirməyi özümüzə mənəvi borc bilirik.

Zülfiyyə ƏLİYEVA 
 “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma 
Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi

Nəşr edilib : 18.10.2022 19:46