AZ EN RU

Qazanılan hər bir uğurun təməlində dövlət qayğısı dayanır

Ötən ayın nailiyyətləri bunu təsdiq edir

    Bu gün “Qeyrət qalası” kimi tanıdığımız Sədərək rayonu haqqında söhbət düşərkən sərhəd bölgəsini, onun vətənpərvər sakinlərini yaxından tanıyanlar birmənalı olaraq təsdiq edərlər ki, bu bölgədə diqqətçəkən əsas cəhət adamlardakı yüksək əhvali-ruhiyyə, torpağa qəlbən bağlılıq, sabaha cavahdehlik hissləridir. Buna görə də sədərəklilər 2 il bundan əvvəl qazandığımız böyük Qələbənin hələ illər əvvəl gec-tez gerçəkləşəcəyinə inanırdılar. İnanırdılar ki, onların firavan həyatı, yaxşı dolanışığı üçün qayğı və diqqətini əsirgəməyən, Qarabağ problemini özünün çoxşaxəli fəaliyyətində həmişə prioritet məsələ hesab edən ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti və yenilməz iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. 

    Son vaxtlar rayona yolu düşənlər təəccüb hisslərini gizlədə bilmirlər. Özü də buna səbəb təkcə onların gözünü-könlünü oxşayan yenilik, abadlıq və gözəllik deyil. Bizcə, burada başqa bir səbəb də var: aparılan tikinti-quruculuq işlərindəki yüksək zövq və müasirlik. Sədərək öz simasını tamamilə dəyişib: yeni binalar tikilib, yollar, səkilər salınıb, park və bağlar yaradılıb. Bu gün rayon mərkəzi Heydərabad qəsəbəsində elə bir ictimai və yaşayış binası tapmaq olmaz ki, əsaslı şəkildə təmir və ya bərpa edilməsin. Quruculuq tədbirləri cari ildə də davam etdirilir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamından ötən 22 il ərzində sərhəd bölgəsində görülən işlər öz vüsəti ilə diqqəti çəkir. Ümummilli liderimizin adını daşıyan Heydərabad qəsəbəsinin abadlaşdırılaraq müasir rayon mərkəzinə çevrilməsi rayonun simasını xeyli dəyişib, ona yaraşıqlı görkəm verib.
    Yenidən qurulan Heydərabadda görülən işləri ölkə başçısı cənab İlham Əliyev yüksək qiymətləndirib: “...Gözəl evlər, binalar tikilib. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublikanın rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir”.
    Son illər dövlətin davamlı qayğısından güc alan, doğma yurdu canından artıq sevən insanların fədakarlığı qəsəbəni şəhərə çevirib desək, – qətiyyən yanılmarıq. Şəhərlərə xas olan xüsusiyyətlər indi Heydərabadda  da var. 
    Sevindirici haldır ki, ötən illərdə olduğu kimi, cari ilin yanvar-avqust ayları da Sədərək rayonu üçün uğurla başa çatıb. 
    Bölgədə 2022-ci ilin bəhs olunan dövründə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyon 385 min 700  manat həcmində investisiya yönəldilib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Bunun da 13 milyon 960 min 300 manatı və ya 90,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. 
    Sərhəd bölgəsində 3 milyon 201 min 300 manatlıq, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal olunub. 
    Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 305 min 400 ton yük,  560 min 900 nəfər sərnişin daşınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşıması 1,7 faiz, sərnişin daşınması 1,6 faiz artıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 1 milyon 176 min 900 manat gəlir əldə edilib. Bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 1,7 faiz çoxdur. 
    Rayonda informasiya və rabitə xidmətlərinin həcmi 764 min 400 manat olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Yanvar-avqust aylarında rayonda 19 telefon çəkilib. 
    Aqrar rayon olan Sədərəkdə kənd təsərrüfatının bir sıra sahələri inkişaf etdirilir. Rayonun torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatçılarının çəkdikləri zəhmət hədər getməyib. Sahələrdə bol məhsul yetişib. Statistik rəqəmlər də bunu sübut edir. 1 sentyabr 2022-ci il tarixə rayonun torpaq mülkiyyətçiləri 2441 hektar sahədən 8941 ton taxıl istehsal ediblər. Taxılçılara bu sahədə məhsuldarlığı yüksəltmək üçün 573 min 123 kiloqram gübrə verilib. “Sarı kəhrəba” ustaları taxıl istehsalını yaxın illərdə 10 min tona çatdırmağı qarşılarına məqsəd qoyublar. Digər əkinçilik sahələrində qazanılan uğurlar rayonun torpaq mülkiyyətçilərinə xeyli gəlir gətirib. Belə ki, 2473 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 9019, 32 hektar dənli-paxlalılar əkini sahəsindən 78, 37 hektar dən üçün qarğıdalı əkini sahəsinin 29,7 faizindən 70, 29 hektar dən üçün günəbaxan əkini sahəsinin 44,8 faizindən 31, 119 hektar kartof əkilmiş sahənin 87,4 faizindən 1170, 386 hektar tərəvəz bitkiləri əkilmiş sahənin 98,4 faizindən 3572, 194 hektar bostan bitkiləri əkilmiş sahənin 99 faizindən 2054, barverən meyvə bağlarından 599,2, üzüm bağlarından 554 ton məhsul tədarük edilib. 
    Bəhs olunan dövrdə rayonda diri çəkidə 282 ton ət, 1589 ton süd, 1 milyon 214 min yumurta, 17,8 ton yun  istehsal edilib. 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 1,2 faiz, yun istehsalı 1,1 faiz artıb. Onu da qeyd edək ki, qazanılan uğurlar keçən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir. Ümumilikdə, rayonda 14 milyon 134 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,7 faiz çoxdur. İnsanların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Bu ilin 8 ayı ərzində rayon üzrə 31 nəfərə yeni pensiya təyinatı aparılıb. Bu dövr ərzində Sədərək Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış 48 nəfər işaxtaran sədərəklinin hamısı daimi işlə təmin edilib.  17 nəfər özünüməşğulluq proqramına cəlb olunub.
    Gəlinən nəticə odur ki, qazanılan hər bir uğurun təməlində gündəlik dövlət qayğısı dayanır. Bu qayğını  sədərəklilər yüksək qiymətləndirərək ona əməli işlə cavab verməyə çalışırlar. Bunu rayon sakinlərinin də dilindən tez-tez eşidirik. 
    Rayonda sıralanmış əkin sahələri, yol kənarındakı tikililərin müasir dizaynı, yaraşıqlı görünüşü bir vaxt mənfur düşmənin göz dikdiyi bu sərhəd bölgəsini indi onlar üçün ömürlük gözdağına çevirib. 
    İşimlə əlaqədar adəti üzrə üz tutduğum Sədərək kəndinin mərkəzindəki qocaman çinar ağacının altında dayanmışıq. Ağacın iriyarpaqlı budaqları nəhəng bir yelpik kimi ətrafa sərinlik bəxş edir. Qarşı tərəfdən bizə yaxınlaşan, hal-əhvaldan sonra söhbətləşdiyimiz rayon Ağsaqqallar Şurasının sədri Əli Ağayev deyir: – Bu il də rayonumuzun əkin sahələrində bol məhsul yetişdirilib. Adamlar gecə-gündüz əkin-biçinin üstündədirlər. 
     El ağsaqqalı bir qədər dünənə qayıdır: – Sədərəyin barıt qoxan qanlı-qadalı o günlərini xatırlayanda, bu gün gözqamaşdıran gözəlliyi ilə üzəgülən növrağına baxanda insanın qəlbi istər-istəməz yurdumuzu qoruyaraq yaşatmağın, gözəlləşdirməyin, abadlaşdırmağın qürur, fərəh hissi ilə dolub daşır.
    Əzəli və əbədi yurd yerlərini böyük qurbanlar bahasına Ermənistan silahlı qüvvələrinin caynağından xilas edən sədərəklilər bu torpağın hər qarışının qədrini bilir, kimsəyə əl açmamaq, muxtar respublikanın ərzaq təhlükəsizliyinin təminatına sanballı töhfələr vermək üçün əzmlə çalışır, bol məhsul istehsal edirlər. Belə ki, taxıl, kartof, bostan-tərəvəz, meyvə, ət, süd, yun, yumurta istehsalının həcmi ilbəil artır. İstehsal olunan  məhsulun satışında da problem yoxdur. 
    Rayonumuzun ağsaqqalı Sultan Rzayev də söhbətimizə qoşulur: – Ulu öndər Heydər Əliyev dühası Sədərək rayonunu erməni işğalından hifz etdi. Siz də yaxşı bilirsiniz ki, bu bölgədə, bu torpaqda nələr yaşanıb. Bütün bunlar öz yerində. İndi rahatlıqla qurub-yaradır, əkib-becərməklə məşğul oluruq. Sərhədlərimizi göz bəbəyi kimi qoruyan əsgərlərimizə, Silahlı Qüvvələrimizə güvənirik. Bu gün hər bir sədərəkli sevinir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz təmin olundu, 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız igid əsgərlərimizin qəhrəmanlığı sayəsində azad edildi. Qələbənin qazanılmasında 4 sədərəkli şəhidlik zirvəsinə yüksəlib. Onların ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu siz də təsdiqləyərsiniz.
    ...Bu gün Sədərək kəndlisi yurda, torpağa, halal zəhmətə bağlılığını öz hünəriylə təsdiq edir. Rayonumuza səfər edənlərin də aydın gördüyü reallıqdır ki, bu qədim yurd yeri göz bəbəyi kimi qorunur, qayğı ilə əkilib-becərilir, onun hər qarışı böyük zəhmət, alın təri bahasına cənnətə çevrilir. Bu gün sərhəd bölgəsinin sakinləri məhz belə yüksək əhvali-ruhiyyədədirlər və gün keçdikcə bir az da iqtisadi böhranın uçurumlarına yuvarlanan düşmənin gözü qarşısında sabaha inamla addımlayır. Dünən güllələr açılan yerdə bu gün güllər açır. Hər açılan sabah isə beş addımlıqda olan düşmənə gözdağına çevrilən Sədərəyin yeni uğurlarından soraq verir.
    Bəli, sərhəddə düşmənlə üzbəüz dayanan, gündən-günə gözəlləşən Sədərək rayonu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Sədərəklilər bu yüksəliş və inkişafı, ilk növbədə, ölkə Prezidentinin və Ali Məclis Sədrinin gündəlik diqqət və qayğısının nəticəsi kimi dəyərləndirir, bu yüksək himayədarlığa bundan sonra da əməli işləri ilə cavab verəcəklərini söyləyirlər.    

Coşqun MƏMMƏDLİ
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı

Nəşr edilib : 29.09.2022 19:08