AZ EN RU

Qardaş Türkiyə universitetləri ilə beynəlxalq əlaqələr inkişaf edir

    Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, universitetin prorektoru, professor Lütfiyə Durak Ata, Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor Ali Tüfekçi Naxçıvan Dövlət Universitetinə gəliblər. Səmimiyyətlə qarşılanan qonaqlar ilk olaraq universitetin Konservatoriyasında olublar. 

    Onlar İncəsənət fakültəsinin bazasındakı İnstrumental ifaçılığın fortepiano, simli alətlər, nəfəs alətləri,  solo oxuma ixtisasları üzrə tələbələrin dərsində iştirak edib, yüksək həvəslə təqdim olunan musiqi nömrələrini izləyiblər. Türkiyəli qonaqlar Litva Respublikasından alınan və ilk dəfə ali təhsil ocağında qurulan  elektron filarmoniya avadanlığını xüsusi heyranlıqla qarşılayıblar. Bildirilib ki, optik internet vasitəsilə idarə olunan müasir avadanlıqla, eyni zamanda 2 fərqli ölkədə konsert yayımlamaq mümkündür. Görüşdə gələcəkdə birgə konsertlərin keçirilməsi barədə razılığa gəlinib. Qonaqlar müəllim və tələbələrdən ibarət Kamera orkestri və Xalq çalğı alətləri ansamblının ifalarını dinləyib, tələbələrin dərs prosesini izləyiblər. Fakültənin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə rəsm əsərləri, dekorativ-tətbiqi sənət və xalq yaradıcılığı nümunələri qonaqların zövqünü oxşayıb.

    İkitərəfli görüşdə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Ötən il İstanbul Texnik Universiteti ilə qarşılıqlı görüşlərdən sonra bugünkü görüşün xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Qardaş ölkənin təcrübəsini öyrənmək baxımından birgə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Çıxışda Türkiyə universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunulub. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar,  beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqqında məlumat verib. Universitetdə, ümumilikdə, 8000-ə qədər tələbənin təhsil aldığını diqqətə çatdıran rektor ali təhsil ocağında 9 ölkədən 1500-ə yaxın əcnəbi tələbənin də təhsil aldığını qeyd edib.
    İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu qeyd edib ki, 1773-cü ildə yaradılan və dünyanın mühəndis hazırlayan ilk universiteti kimi tarixə düşən  bu ali təhsil ocağı müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda dayanıb. Universitetin prorektoru, professor  Lütfiyə Durak Ata vurğulayıb ki, İstanbul Texnik Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir. Bildirilib ki, hazırda İstanbul Texnik Universitetində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institut fəaliyyət göstərir.
    Görüşdə Texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb. Müqavilədə elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü pro­qramları, elmi əməkdaşlıq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
    Universitetdə fəaliyyətə başlayacaq Texnopark haqqında ətraflı məlumat türkiyəli qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. 
    Naxçıvan Musiqi Kollecində qonaqlara müəllim və tələbələrin birgə hazırladığı konsert proqramı nümayiş olunub. Kollecin direktoru Məhəbbət Babayeva İstanbul Texnik Universitetinin rektoruna ən qədim milli zərb alətimiz olan qaval hədiyyə edib. Universitetin Konservatoriyasında müəllim və tələbələrin iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub. Tamaşa alqışlarla qarşılanıb. Axşam isə qonaqlar konservatoriyanın önündə Orkestr alətləri və dirijorluq kafedrasının nəzdində fəaliyyət göstərən Nəfəsli orkestr ansamblının ifasında “Mehtər marşı”nı dinləyib. 
    Axşam saatlarında təşkil edilən  konsert proqramında Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, prorektor Hicabi Kırlangıç, Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan, Xarici əlaqələr bölməsinin müdiri, professor İhsan Kalandəroğlu da iştirak edib. Qonaqlar  öncə fakültənin sərgi salonunda təşkil olunan sərgiyə baxıblar. Xalq çalğı alətləri kafedrasının təşkilatçılığı ilə musiqi nömrələri dinləyiblər. Fakültənin akt zalında təşkil edilən konsert proqramı iştirakçıların ruhunu oxşayıb. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsi ​​​​​​​

Nəşr edilib : 31.03.2022 20:47