AZ EN RU

Qarabağlar kəndindəki abidələr mühüm tədqiqat obyektləridir

    Naxçıvan Muxtar Respublikasının ərazisi zəngin tarixə malikdir. Bu zənginliyi özündə əks etdirən abidələrin bir qismi də qədim yaşayış məskənləri, qalalar, tarixi-memarlıq abidələridir. Kəngərli rayonunun Qarabağlar kəndi də qədim tarixə, zəngin mədəniyyətə malik yurd yerlərimizdəndir. Son illərdə kəndin tarixi və arxeologiyası ilə bağlı mühüm elmi-tədqiqat işləri aparılmış, dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksi bərpa edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamı ilə bu abidə elmi əsaslarla bərpa işlərinə cəlb edilmiş və 5 iyul 2018-ci ildə istifadəyə verilmişdir. Hazırda bu tarixi abidə tarixsevərlər, gənc tədqiqatçılar, həm də yerli və əcnəbi turistlər üçün maraqlı obyektlərdən sayılır. Orta əsrlərin yadigarı olan bu tarixi abidə sovetlər dövründə baxımsız qaldığından və heç bir araşdırmaya cəlb edilmədiyindən abidə ilə bağlı hər zaman fərqli rəvayət və hələlik elmi təsdiqi olmayan müxtəlif məlumatlar da çox yayılmışdır. Həmin məlumatlara əsasən ötən əsrin 60-cı illərində məqbərənin yerləşdiyi ərazidə əlavə qəbirlər də olmuş və həmin qəbirlər qazılaraq oradan çıxarılan skeletlər naməlum istiqamətdə aparılmışdır. Və yaxud digər bir fərziyyəyə görə, məqbərənin yerləşdiyi ərazinin alt hissəsindən yaxınlıqdakı həyətlərə yeraltı tunellərlə yollar olmuşdur. Təbii ki, hər bir söylənilən fikir fakta söykənməli və əsaslandırılmalıdır. Bu baxımdan türbə kompleksi hər zaman gənc araşdırmaçılarımız, tarixçilərimiz üçün mühüm və maraqlı tədqiqat obyektidir. 

    Qarabağların qədim yaşayış məskəni olması buradakı bir sıra tarixi yurd yerlərinin mövcudluğu üzərində də dayanmağa məcbur edir. Belə yurd yerlərindən biri də kəndin yaxınlığında yerləşən Qalacıq yaşayış məskənidir. 
    Qeyd edək ki, Qalacıq yaşayış yeri kəndin şimal-şərqində, bir neçə terrasdan ibarət olan təpənin üzərində yerləşir. Abidə 30 hektara yaxın ərazini əhatə edir. Asnı çayı ilə iki hissəyə ayrılmış yaşayış yerinin mərkəzində Narınqala, ətrafında isə yaşayış binalarının, müdafiə divarlarının qalıqları yerləşir. İstər Narınqalada, istərsə də оnun ətrafında tikilmiş bina qalıqları dördkünc və dairəvi fоrmalıdır. Оnlar heç bir bərkidici məhlul оlmadan tikilmişdir. Araşdırmalara görə, yaşayış yerinin ətrafında salınmış qala divarları, Tunc dövründə baş vermiş hərbi qarşıdurmalar, tayfalararası müharibələr zamanı müdafiə məqsədi daşımışdır. Burada məskunlaşmış insanlar qala divarlarından sığınacaq yeri kimi istifadə edərək düşmənə müqavimət göstərmişlər. Qala divarlarının bir-birinə birləşən küncləri оvalvari fоrmada tikilmişdir. Tikinti materialı kimi yоnulmamış iri qaya parçalarından və daşdan istifadə edilmişdir. İndiyədək bu qədim yaşayış məskənindən Bizans imperiyası dövrünə aid müxtəlif sikkələr tapılaraq muzeyə təqdim olunmuşdur. Eyni zamanda ərazidən müxtəlif ox ucluqları, keramika qalıqları, əmək alətləri, məişət əşyaları tapılmışdır. Bu yaxınlarda Qalacıq ərazisindən tapılan, üzərində heroqlif yazıya oxşayan işarələr olan daş və üzərində kənarları nəbati təsvirlər ilə əhatə olunmuş iki quş – qaz təsviri olan daş lövhə tədqiqat baxımından çox maraqlı mənbədir. 
    Qarabağlarda bir neçə qala və ya qala izləri tədqiq olunmuş və Naxçıvan Muxtar Respublikası abidələrinin siyahısına daxil edilmişdir. Lakin kəndin şimal-qərb hissəsində məlum Qarabağlar qalasının yaxınlığında digər qalanın da olduğu söylənilir. Həmin qala “Bilici” adlanan tarixi yerə daha yaxındır. “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Bilici yaşayış məskəni kimi qeyd edilir və orada bir nüfusun yaşadığı göstərilir. Kənd sakinlərinin rəvayətinə görə isə burada yaşayan məşhur bir alimin adı Bilici olmuş və insanlar öz müşkülləri haqqında ona müraciət edərək nicat taparmışlar.  
    Qarabağlar ərazisində maraqlı olan Qarovul və Qarovuş dağları var. Bu dağların adları qədim türk savaşlarında da çəkilir (Əfzələddin Əsgər və Məmmədli Qıpçaq “Türk savaş sənəti”). Kəndin şimal hissəsində yerləşən Qarovul dağının üzərində qədim tikili izləri indiyədək qalmaqdadır. Zaman-zaman kənd sakinləri tərəfindən həmin ərazidən tapılan çəki daşları və keramika nümunələri isə Qarovulun ticarət-keçid məntəqəsi olduğunu deməyə əsas verir. Dağın ətrafında indi də el yolu kimi istifadə edilən yolun kənarlarında isə hasar izlərinin qalması buradan Şərur-Anadolu və əks istiqamətdə ticarət yolunun olması ehtimalını gücləndirir.  
    Qarabağlar ərazisindəki ziyarətgahlar da tarixi baxımdan maraqlı tədqiqat obyektləridir. Onlardan birinin – Asnı ocağının İslamdan öncə qədim türk inanc abidəsi olması məlumdur. Asnı ocağı qədim türk “Oğuznamələr”ində müqəddəs sayılan üç inamı özündə əks etdirir. Bunlar dağ, su və “həyat ağacıdır”. Hazırda da Asnı bulağının başlanğıcında mövcud olan bu ağaca müəyyən niyyətlər üçün parça bağlamaq adəti qalmaqdadır. “Asnı ocağı” Azərbaycan islamlaşdıqdan xeyli sonra dini mərkəz olmuşdur. Belə ki, ocaqdakı qəbir üzərində tikilinin tarixinin XIII əsrin 40-cı illərinə aid olması bildirilir. İlk ocaqlıq cəddi verilmiş şəxslərin isə Tiflis müsəlman əmirliyini idarə edən imam Cəfər sülaləsinin nümayəndələri olması ehtimal edilir. Bunlar Şeyxül Kəbir Əbn Həsən Müsənna Asnı və Seyid Şeyx Əli ibn Fəttahdır. Seyid Şeyx Əli ibn Fəttahın daşbasma üsulu ilə onikicildlik “Peyğəmbərlər yadigarı” və “Müşkətül Qətrə” əsərlərini yazdığı bildirilir.
    Maraqlı tədqiqat obyektlərindən biri də kənddəki digər ziyarətgah olan “Qənimət ocağı”dır. Bu yerin XIV əsrin məşhur övliyası Cəfər ibn Əli Sidqiyə məxsus olması bildirilir. Məqbərədə isə Hacı Şeyx Xeyrulla Ahdu Qarabaği (İmam Museyi Kazımın on yeddinci nəvəsidir) dəfn edilmişdir. Məqbərənin ətrafında onun üç övladı, qardaşı və həyat yoldaşının məzarları vardır. Bundan əlavə, kəndin cənub qurtaracağında dördüncü ziyarətgahın da olması ehtimalı var. Şahidlərin dediyinə görə, müharibə vaxtı (1941-1945-ci illər) qonşu Xok kəndinə avtomobil yolu çəkilərkən məqbərənin qalıqlarına rast gəlinib. Hətta məqbərədə dini kitabların olduğunu görən kənd sakinləri hökumət nümayəndələri gəlib kitabları aparmasınlar deyə məqbərə qalıqlarının üstünü örtdüklərini də bildirirlər. Həmin məqbərənin yerini müəyyən etmək və orada olması ehtimal edilən həmin kitabları üzə çıxarmağın tariximiz üçün əhəmiyyətli olacağını düşünürük. Ümumilikdə isə Qarabağlar ərazisindəki adlarını sadaladığımız tarixi məkanların hər biri mühüm tədqiqat obyektidir

Dadaş QASIMOV
Kəngərli rayon Qarabağlar kənd sakini, tarix müəllimi

Nəşr edilib : 06.12.2022 19:14