AZ EN RU

Qanlı Yanvar – şərəfli mübarizə tariximiz bədii ədəbiyyatımızda

    Əslində, əsl ədəbiyyat elə həqiqət, həyat həqiqəti deməkdir. Bədii ədəbiyyat bütün zamanlarda: istər qədim türk qəhrəmanlıq dastanlarımızda, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarında, istərsə də Nizami Gəncəvi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, mollanəsrəddinçilərin yaradıcılığında olduğu kimi, 1990-cı illərdə də xalqa xidmət, Vətənin bütövlüyü, müstəqil dövlət quruluşu uğrunda mübarizə kimi ən ali vəzifələri qarşısına qoymuşdur. XX əsrin 80-90-cı illərində mübarizənin ən ön sıralarında gedənlər xalqı  Azərbaycanın xilaskarı, cəsarətli, qətiyyətli ulu öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşərək imperiya əsarətindən xilas olmağa çağıran ziyalılar, şair və yazıçılar idi. 

    Ümumən, Azərbaycan ədəbiyyatında olduğu kimi, Naxçıvan ədəbi mühitinin nümayəndələri də bu faciəni ümumxalq kədəri, matəmi, həm də qəhrəmanlıq tariximiz kimi dəyərləndirdilər. Ədəbiyyatımızın 60-cılar nəslinin istedadlı nümayəndəsi, Xalq şairi Məmməd Araz: “Qalx ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!” deyən ustad Məhəmmədhüseyn Şəhriyar çağırışının davamı olan, 1992-ci ildə qələmə alınmış “Ayağa dur, Azərbaycan!” şeiri ilə xalqı ağlamağa, sızlamağa yox, döyüşə həvəsləndirirdi: 

            Nə yatmısan, qoca vulkan, səninləyəm!
         Ayağa dur, Azərbaycan, səninləyəm!
        Səndən qeyri biz hər şeyi bölə billik!
         Səndən qeyri biz hamımız ölə billik!

    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair, dramaturq Asim Yadigar “Döyüş havaları çaldırmalıyıq!” adlı şeirində xalqı göz yaşı tökmək yerinə mübarizə üçün birləşməyə, ayağa qalxmağa çağırır: 

                 Yetər bu inilti, yetər göz yaşı,
                 Ər olsun yurdumun hər vətəndaşı,
                 Qaldıraq, sındıraq bu ağır daşı,
                 Döyüş havaları çaldırmalıyıq,
                 Milləti ayağa qaldırmalıyıq! 

    Ədəbiyyatımıza 60-cı illərdə gəlmiş Adil Qasımlının “Qərənfillər solmaz oldu” adlı şeiri həmin gecənin səhəri al-qırmızı rəngə boyanmış Bakı küçələrində günahsız insanların qanlarının üstünü örtməyə çalışan qərənfil dəstələrini və qəlbi qisas hissi ilə alovlanan insanların çöhrələrini təsəvvürümüzdə canlandırılır. 20 yaşlı gənc şair, publisist Ülvi Bünyadzadəni, yenicə ailə quran, bir-birini böyük məhəbbətlə sevən İlham və Fərizə kimi gəncləri, Larisa kimi məktəbli gül-çiçəklərin mübarizə ideyalarının solmayacağını belə ifadə edir:

              Dedik, bəlkə, haqqa yetər əlimiz,
              Haray çəkdik, qadaqlandı dilimiz.
              Solduruldu çəmən-çəmən dilimiz,
              Qərənfillər solmaz oldu bu yerdə.

    Şeirdə mübarizə əzmini itirməmək, mübarizəni davam etdirmək qərarına gəlinməsi də gələcəyə inam hissini təbliğ edir. 
    Naxçıvanın qeyrət qalası Sədərəyin sözü ilə əməli bir-birini tamamlayan istedadlı şairi Vaqif Məmmədov “Sədərək harayı”, “Sədərək şəhidləri”, “Qeyrət qalası”, “Erməni xəyanəti”, “Unutsaq unudularıq” kitablarında 1990-cı il hadisələrində bilavasitə iştirak edən və şahidi olduğu hadisələri qələmə alan, 18 may 1992-ci il faciəsindən sonra bütün sədərəklilər kimi qırx gün yas saxlayan, Xocalı və Sədərək harayını əks etdirən “Ağlama, bacı, ağlama”, “Dərdin də qoşası, cütü olarmış”, “Dəyanət dəmiydi, qeyrət dəmiydi”, “Diz çökürəm bu qeyrətin önündə”, “Qara çadırlar” kimi təsirli şeirlərini beynəlxalq simpoziumlardan dünyaya çatdıran, bu ədalətsiz və elan olunmamış müharibənin acı nəticələrindən təsirlənən, eyni zamanda Naxçıvanın ictimai həyatında çox fəal iştirak edən vətənpərvər və humanist bir şair idi. Vaqif Məmmədovun cəbhə şeirləri, xüsusən də “Sədərək harayı” şeirlər kitabını Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə Sədərəyin bugünkü müsibətinin sabah üçün tarixi kimi qiymətləndirmişdi. Ermənilərin başımıza gətirdiyi saysız-hesabsız müsibətlərin bədii ifadəsi olan bu şeirlərin gələcək nəsillərə çatdırılmasının böyük əhəmiyyəti vardır. Tək bircə kəndin – Sədərəyin timsаlındа bütün Аzərbаycаnı, bütöv Vətəni ümumiləşdirdiyi şеirlərindən ibаrət ikinci kitаbını şаir hаqlı оlаrаq “Sədərək hаrаyı” аdlаndırır. Sədərəkdə gеdən bu аğır döyüşlərdə V.Məmmədоvun özü də şəхsən iştirаk еtmiş, qələmini silahla əvəz еtmişdir. “Sədərək şəhidləri” kitаbını çаp еtdirməkdə şаirin əsаs məqsədi əməlləri ilə, qаnlаrı bаhаsınа əbədiyyət zirvəsinə ucаlаn Sədərək şəhidlərinin təkcə tərcümеyi-hаllаrını tоplаyıb gələcək nəsillərə çаtdırmаq, yаddаşlаrdа yаşаtmаqdır. 1990-cı illərin V.Məmmədov yаrаdıcılığındа mаhiyyətcə yеni mərhələ hеsаb оlunmаsı da məhz bu səbəbdəndir. Onun “Bu kənd niyə yеtimdir?”, “Nədir bu körpənin günаhı, Allаh?”, “Аğlаmаlı gün gəlib”, “Şəhid аtаlаrı yеrə bахırdı”, “Hаyıf sənə”, “Çörəyim yаnır” şеirlərinin mаyаsınа аcı təəssüf, iztirаb və kövrəklik ruhu hоpmuşdur. Еrmənilərin hücumu ilə əlаqədаr kəndin qаdın və uşаqlаrı köçürüldüyü bir vахtdа isti аnа nəfəsindən, körpə təbəssümündən uzаq оlаn kəndə həsr etdiyi şеirin sоnu nikbin əhvаli-ruhiyyəlidir və qələbəyə inаm hissi yаrаdır. Şаir nəticə оlаrаq bеlə bir fikrə gəlir ki, bu kənd əslа yiyəsiz, sаhibsiz dеyil! Həqiqətən də, “аrхаsı, еli” оlаn bu kəndi qоrumаq üçün Nахçıvаnın, Аzərbаycаnın hər bir kəndindən, şəhərindən qəhrəmаn оğullаrımız köməyə gəldilər, хаlq bir yumruq kimi birləşib düşməni öz cəsаrəti və igidliyi, dönməzliyi ilə hеyrətə sаldı. Sədərək döyüşlərinin qanlı-qadalı günlərini təsvir edən və bu gün də Vətən uğrunda döyüş ruhunda yazılmış ən gözəl poetik nümunələrdən olan “Dəyanət dəmiydi, qeyrət dəmiydi” şeirində bir səngər şairinin mübariz, vətənpərvər ruhu yaşayır:

                 Dəyanət dəmiydi, qeyrət dəmiydi,
                 Yolumuz haqq işə uzanan yolsa,
                 Sədərək ümmanda batan gəmiydi,
                 Qeyrətsiz olsaydıq, silaha qalsa...

    Şair İbrahim Yusifoğlu 1988-ci illərin sonları və 1990-cı illərin mürəkkəb siyasi hadisələrini və Qanlı Yanvar faciəmizi “Mənim inamımı güllələdilər” adlı ikihissəli poemasında ən incə təfərrüatlarına qədər bədii dillə əks etdirmişdir: “19 yanvar 1990-cı il... İllərboyu üzərimizə tuşlanan silahların tətikləri çəkildi. Sinəsi odlananlar da oldu, şəhid olanlar da. Mənim isə inamım güllələndi”, – deyən şair Tanrıya üz tutaraq hər bir təbii gözəlliyi, yeraltı və yerüstü sərvətləri bəxş etmiş xalqına gözəl tale, qismət diləyir. 
    1991-ci ilin 19 yanvarında tamamlanan poemanı epiloq əvəzinə şair xalqı səbir etməyə, zamanın və tarixin haqlı olana söz verəcəyinə inanmağa çağıran “Hələ son sözümü deyə bilmirəm” misraları ilə bitirir.
    Şair Xanəli Kərimlinin “Ağrı” poeması 1994-cü ildə qələmə alınsa da, 1990-cı ilin 20 yanvarında azadlığını tələb edən xalqımıza qarşı törədilmiş qanlı faciənin nəticəsi olaraq yaranmış Şəhidlər xiyabanı qarşısında dayanan şairin düşüncələrinin ifadəsidir. 
    Xanəli Kərimlinin “Bütövlük” lirik poeması da şəhidlik mövzusundadır. Şəhidlər xiyabanındakı əbədi məşəl bir xalqın qəhrəmanlıqlarla dolu keçmişinin, azadlıq uğrunda mübarizəsinin rəmzi, “şəhidlərin özü, günahsız bir millətin haqqa ismarladığı sualı, sözü, şəhid analarının ürək sözü” kimi dəyərləndirilir.
    Gənc vətənpərvər şair Elxan Yurdoğlunun “Ağlayan – ağladan gün” adlı şeiri xalqı şəhidlərin nigaran ruhlarının rahatlıq tapması üçün qisas almağa səsləyir:

               Şanlı tariximin qanlı səhifəsi...
               Şəhid anasının yanıqlı səsi,
               Qocalı, cavanlı – bütün hər kəsi
               Qisas duyğusuna bağlayır bu gün.

    Məhz bədii əsərlərdə ifadə olunan yüksək vətənpərvərlik, qələbəyə inam, düşməndən intiqam almağa çağırış hisslərinin və möhtərəm Ali Baş Komandanımızın uzun illər ərzində apardığı müdrik və uzaqgörən siyasətin, eyni zamanda müstəqil və güclü Azərbaycanın ən yüksək hərbi texnika ilə təmin olunmuş ordusunun və Vətən üçün canından keçməyə hazır olan igidlərinin səyi nəticəsində bu gün xalqımız şəhidlərinin ruhu qarşısında mənəvi borcunu yerinə yetirmiş və qalib bir ölkə kimi dünyaya öz gücünü göstərmişdir. Bu gün çox sevindirici bir haldır ki, Azərbaycan ədəbiyyatında və Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında Qarabağ dərdi və həsrəti, nisgili mövzusunu Qarabağa və itirilmiş doğma yurda qovuşmağın sözlə ifadə olunması çətinlik yaradan sonsuz sevinci, qüruru və fərəhi mövzusu tutmuşdur. Şəhidlərimiz müqəddəs kitabımız “Qurani-Kərim”də də göstərildiyi kimi, ölməyiblər, onlar Allahın, haqqın dərgahında əbədi yaşayırlar, çünki azad Azərbaycan uğrunda canlarından keçərək ölməzliyə qovuşublar. Müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizin ruhları artıq nigaran deyil, əbədi rahatlığa qovuşmuşdur!  

AYGÜN ORUCOVA
 filologiya üzrə fəlsəfə doktoru, dosent 

Nəşr edilib : 19.01.2022 21:27