AZ EN RU

“Qadınlar və güllər” mövzusunda rəsm sərgisi keçirilib

    Martın 5-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınlar və güllər”  adlı rəsm sərgisi keçirilib.
    Açıq havada təşkil edilmiş tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, tariximizin hər səhifəsi Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik milli-mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, bu günlərədək yaşadılmasında qadınlarımız misilsiz xidmətlər göstəriblər. Bu ülvi varlıq hər bir rəssamın yaradıcılığında ilham mənbəyi olub.   
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə edilməsi, cəmiyyətimizin aparıcı hissəsi olan qadınların imkanlarından  bəhrələnməsi dövlət qadın siyasətinin əsasıdır. Bu gün müasirləşən və inkişaf edən muxtar respublikamızda bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. 
    Ülviyyə Həmzəyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.  
    Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov və başqaları çıxış edərək qadınların cəmiyyətdəki rolundan, onlara göstərilən diqqət və qayğıdan danışıb, bayram təbriklərini çatdırıblar.
    Sonra qonaqlar sərgi ilə tanış olublar. Qadın gözəlliyinə və zərifliyinə həsr olunan “Qadın və gül”, “Güllər”, “Sarı gəlin”, “Zəhmətkeş qadın”, “Xalçaçı qız”, “Rəqs edən qadın” kimi rəsm əsərləri orijinallığı ilə diqqəti cəlb edib. 
    Qeyd edək ki, sərgidə 20 rəssamın 36 əl işi nümayiş olunub.  

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 05.03.2022 22:11