AZ EN RU

Professor Səidə Məmmədovanın 80 illik yubileyi qeyd edilib

    Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının ilk qadın dirijoru, xormeyster, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Fortepiano kafedrasının professoru Səidə Məmmədovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 
    Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva yubilyarın ömür yoluna nəzər salıb, mədəniyyət və incəsənətin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. 

    Universitetin rektoru Elbrus İsayev bildirib ki, ömrünün 60 ilini muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına həsr edən Səidə Məmmədova 30 ilə yaxın müddətdə ali təhsil ocağının konservatoriyasında  kadr hazırlığı istiqamətində də öz xidmətləri ilə seçilən dəyərli ziyalımızdır. Rektor sənətkarın Naxçıvan Musiqi Kollecinin yaradılmasında xüsusi xidmətlərini qeyd edərək onun kollecin ilk direktoru kimi fəaliyyətinə nəzər salıb. Vurğulanıb ki, nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də incəsənətimizi layiqincə təmsil edən dəyərli sənətkarımız dövlət qayğısından hərtərəfli bəhrələnib. Rektor yubilyara universitet Elmi Şurasının Fəxri fərmanını və hədiyyə təqdim edib. 
    Sonra Universitet televiziyasının hazırladığı, yubilyarın həyat və yaradıcılığına həsr olunan filmə baxış olub. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxışında bildirib ki, xor sənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən Səidə müəllim həm də ilk qadın dirijor kimi mədəniyyət və incəsənət sahəsində öz dəstxəti olan dəyərli sənətkarlarımızdandır. Bəstəkarlar Təşkilatının üzvü olan Səidə Məmmədova bir bəstəkar kimi də peşəkar fəaliyyət göstərib. 
    Azərbaycan Respublikasının Xalq artisti, professor Çingiz Axundov, yubilyarın həyat və fəaliyyəti haqqında “Bir ömrün sənət zirvəsi” adlı yubiley nəşrinin müəllifi, dosent Qalibə Hacıyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov yubilyar haqqında xoş xatirələrini bölüşüb, ürək sözlərini ifadə ediblər. 
    Səidə Məmmədovanın ilk tələbələrindən olan Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məhin Orucova öz müəllimi haqqında xoş sözlər söyləyib. 
   Universitetin konservatoriyasının, Naxçıvan Musiqi Kollecinin, Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin təqdim etdiyi konsert proqramında digər ifalarla yanaşı, Səidə Məmmədovaya məxsus “Sevirəm yurdumu”,          “A nazlı dilbər” kimi mahnılar da tamaşaçıların ruhunu oxşayıb. 
    Tədbirin sonunda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 26.05.2022 00:33