AZ EN RU

Pərakəndəçilik sektoru geniş inkişaf perspektivlərinə malikdir

Muxtar respublikamızda pərakəndəçilik sektoru ilə bağlı mövzulara bir neçə dəfə toxunmuşuq. Bu da səbəbsiz deyil. Çünki pərakəndəçilik bu gün artıq həyatımızın bir parçasına çevrilib və bu sektor olmadan iqtisadiyyatın inkişafı mümkün deyil və əbəs yerə onu “biznesin güzgüsü” adlandırmırlar. Pərakəndəçilik sektoru istehsalçı ilə istehlakçını görüşdürən, keyfiyyətli məhsulu tanıdan, brendə çevirən, keyfiyyətsiz məhsulu isə bazardan çıxaran, ehtiyac və tələb meyarlarını müəyyənləşdirən, istehlakçılara alış-veriş (ümumilikdə isə davranış) mədəniyyətini öyrədən böyük bir sektordur. Bu həm də elə iqtisadi sektordur ki, burada yeniliklər ilbəil, aybaay yox, günbəgün baş verir. Bu da təbiidir. Ona görə ki, həyatımızda baş verən istənilən iqtisadi yeniliyi bizə bu sektor çatdırır.

 Muxtar respublikada pərakəndəçilik sektorunun inkişafından bəhs edərkən bu sektorun ötən dövrdə keçdiyi yola nəzər salmaq imkan verir ki, yenilikləri daha yaxından görə biləsən. Bir zamanlar məhdud növ və çeşiddə məhsullarla alıcılarını təmin etməyə çalışan ticarət obyektləri bu gün artıq vizual görüntüsü xoş təsir bağışlayan, komfortlu, işıqlı, seçim imkanları daha çox olan mağaza, alış-veriş mərkəzləri ilə qarşımıza çıxır. Əvvəllər aldığımız məhsulların böyük bir həcmini idxal məhsullar təşkil edirdisə, bu gün artıq ticarət şəbəkələrində satılan məhsulların böyük bir qismi yerli müəssisələrin istehsalıdır. Əgər əvvəllər alıcılar daha çox idxal məhsulların keyfiyyətinə inanır və alırdılarsa, bu gün istehlakçılar yerli məhsullara daha çox üstünlük verirlər. Bir zamanlar istehlakçılar aldıqları məhsulların keyfiyyəti ilə bağlı problemlərlə qarşılaşanda çıxılmaz vəziyyətdə qalırdılarsa, bu gün artıq hər bir yerli istehsalçı öz məhsuluna qəti şəkildə cavabdehlik daşıyır və alıcılar qarşılaşdıqları problemlərlə bağlı öz fikirlərini lazımi ünvanlara çatdıra bilirlər. Eyni zamanda onlar bu hüquqlarından istifadə edərək istehlakçı mənafelərini qoruya bilirlər. Bu deyilənləri müxtəlif xidmət sahələrinə də aid etmək olar. Bəs bu gün muxtar respublikanın pərakəndəçilik sektorunda hansı yenilikləri müşahidə edirik?

Pərakəndəçilik sektorunun inkişafı yerli istehsalın inkişafı ilə birbaşa əlaqəlidir. Dünya təcrübəsi də göstərir ki, hansı ölkələrin iqtisadiyyatı daha çox istehsal üzərində qurulub, həmin ölkələrdə pərakəndəçilik sektoru da davamlı inkişaf edir. Bu amilin təsdiqi ölkədaxili regionlarda da özünü göstərir. Məsələn, son illərdə muxtar respublikada özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi sayəsində yüzlərlə yeni istehsal və xidmət sahələri yaradılıb. Nəticədə, məhsul istehsalı artıb, xidmət sahələrinin həcmi genişlənib. Bu da, öz növbəsində, yeni ticarət mərkəzlərinin yaradılmasına və ya mövcud olanlarda məhsulların növ və çeşidlərinin artırılmasına, yeni xidmətlərin təklif olunmasına geniş imkanlar açıb. Əgər 10 il bundan əvvəl yerli sahibkarlar mağaza üçün şəhər mərkəzini və yaxud əhalinin daha çox hərəkət etdiyi ünvanları seçirdilərsə, bugünkü dövrün marketinq tələbləri sübut edir ki, indi şəhərdən kənarda da müasir ticarət obyektləri yaratmaq və işləmək mümkündür. Son illərin alış-veriş ünvanlarından olan “Cahan” AVM, “Danyeri” və “Çəmən” market kimi ticarət müəssisələri bunu bir daha təsdiq edir. Səbəb isə çox sadədir. Bu tipli ticarət obyektləri müştərilərə daha çox növ və çeşiddə məhsul təqdim edir, alış-veriş zamanı müxtəlif iaşə xidmətlərindən istifadə etmək mümkündür, avtomobillər üçün parkinq sahələri var və sair. Digər tərəfdən son illərdə biz həm də bu tip ticarət obyektlərində əczaxana bölmələrinin fəaliyyət göstərdiyini görürük. Bu konsepsiya kənardan gəlsə də, artıq Azərbaycanda da tətbiq olunur və istehlakçıların marağını təmin edir.

Pərakəndəçilik sektorunun son dövrlərdə ən böyük nailiyyətlərindən biri burada ixtisaslaşmanın təmin olunmasıdır. Əvvəllər fərqli kateqoriyalara malik məhsulların satışı yalnız bir mağazada alıcıya təklif olunurdusa, yeni yaranan mağazalarda fərdiliyin qorunmasına üstünlük verilir. Məsələn, əvvəllər hər hansı ərzaq mağazasının bir küncündə müxtəlif xırdavat növünə (geyim, oyuncaq və sair) rast gəlinirdisə, indiki mərhələdə onlardan yalnız birinə üstünlük vermək tələblərə daha dolğun cavab verir. Və yaxud əvvəllər hər hansı geyim mağazasının bir bölümündə idman aksesuarlarına və geyimlərinə rast gəlinirdisə, indi sırf idman məhsulları üçün mağaza işlətmək daha sərfəli hesab edilir. Yəni mağaza artıq bir istiqamətdə ixtisaslaşır. Nəticədə, təqdim olunacaq məhsulun çeşidi artır, istehlakçıların seçim imkanları çoxalır, satıcının özü isə bu sahədə böyük təcrübə toplayır. İxtisaslaşmanı zəruri edən də pərakəndəçilik sektorunun uğurudur. Bunun məntiqi izahı belədir ki, iqtisadi inkişaf təmin olunduqca, insanların maddi vəziyyəti yaxşılaşdıqca tələbatları da artır. Mağazalar isə bunu hərtərəfli təmin etmək üçün tələbata uyğun yanaşmanı üstün tuturlar. Elə buna görədir ki, son bir neçə ildə Naxçıvan şəhərində sırf kimyəvi yuyucu məhsullarının, musiqi alətlərinin, unlu şirniyyat növlərinin, uşaq geyimlərinin, idman mallarının, elektrikli məişət avadanlıqlarının və onların ehtiyat hissələrinin satıldığı onlarla ixtisaslaşmış mağazanın fəaliyyətə başladığını müşahidə edirik.
Pərakəndəçilikdə yeni konsepsiyalardan biri də onlayn satış və xidmətlərin sayının artmasıdır. İstər mağazaçılıqda, istər daşımaçılıqda, istərsə də restoran biznesində onlayn fəaliyyətin genişlənməsi 2020-ci ildə də özünü büruzə verdi. Xüsusilə pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi onlayn satış və xidmətlərə marağı artırdı. Muxtar respublikada da bu sahədə müəyyən yeniliklərin (Naxçıvan Onlayn Marketin, karqo şirkətlərinin fəaliyyətə başlaması) şahidi olduq.
Dünya pərakəndəçilik sektorunda son illərin mühüm konsepsiyalarından biri də istehsalçıların özlərinin mağazaçılığa meyillənməsidir. Yəni istehsalçı məhsulunu digərləri ilə yanaşı, özünün təşkil etdiyi satış obyektlərində də müştəriyə təqdim edir. Belə olan halda sahibkar həm qismən gəlirlərini artırır, həm istehlakçı ilə təmasda olaraq təklif və şikayətləri birbaşa ondan dinləmək imkanı qazanır, həm də məhsulun ixtisaslaşmasını mükəmməl apara bilir. Hansı ki bu ixtisaslaşmanın düzgün kommunikasiyası məhsulun brendə doğru gedən yolunu açır. Və ya, əksinə, indi elə bir brend məhsul tapmaq mümkün deyil ki, özünün ixtisaslaşmış satış mərkəzi olmasın. Bu gün dünyanın ən məşhur pərakəndə şəbəkələrində satılan məhsulların 30-40 faizi şəbəkənin öz məhsulları olur. Buradan isə o qənaətə gəlmək mümkündür ki, gələcəkdə istehsalçı şirkətlərin fərdi mağazalara sahibliyi daha geniş yayılacaq. Bunu muxtar respublikamızda da müşahidə edə biləcəyik. Ümumilikdə isə pərakəndəçilik sektorunun yaxın gələcəkdə ən böyük uğuru rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxışını təmin etmək olacaq. İnanırıq ki, yerli istehsalçılarımız dövlətin də dəstəyi nəticəsində bunu bacaracaqlar.

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 08.07.2021 20:33