AZ EN RU

Payızlıq taxıl əkinləri üçün hazırlıq işləri görülür

    Taxıl insanların çörək və çörək məmulatlarına olan tələbatının ödənilməsində əvəzolunmaz kənd təsərrüfatı bitkisidir. Buna görə də taxılçılıq muxtar respublikada kənd təsərrüfatının ərzaq təminatında mühüm əhəmiyyətə malik ən vacib sahələrindən biridir. Bu sahəyə göstərilən hərtərəfli və davamlı dövlət dəstəyinin nəticəsidir ki, intensiv becərmə texnologiyalarına və mütərəqqi suvarmalara üstünlük verilməklə əkin sahələri genişlənir, məhsuldarlıq artırılır.

    Respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, əsasən, dənli və dənli-paxlalıların, xüsusən buğdanın istehsalına diqqət artırılmış, artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin əksər kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə nail olunmuşdur.
    Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən müstəqillik strategiyasına uyğun olaraq aqrar bölmədə aparılan islahatlar Naxçıvan Muxtar Respublikasında  kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, taxılçılığın da inkişafına etibarlı zəmin yaratmışdır.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” və 2008-ci il 21 avqust tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncamları, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası aqrar bölmənin, xüsusilə də taxılçılığın inkişafında müstəsna rol oynayır. 

    Muxtar respublikamızda yaradılan şəraitin nəticəsidir ki, 2021-ci ilin payızında və 2022-ci ilin yazında əkilmiş 33466 hektar taxıl sahələrindən 107 min 418 ton məhsul əldə edilmişdir. Bu isə məhsuldarlığın 32,1 sentner olması deməkdir. 
    İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə də Ali Məclisin Sədri cənab Vasif Talıbov muxtar respublikada bu sahənin inkişafı istiqamətində qazanılan uğurlara nəzər salmış, ərzaq təhlükəsizliyi tədbirləri sırasında taxıl istehsalının xüsusi yer tutduğunu, taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu vurğulamışdır. Muxtar respublika rəhbəri müşavirədə taxılçılığın inkişafına əkin sahələrinin genişləndirilməsi ilə deyil, məhsuldarlığın artırılması yolu ilə nail olmağın zəruriliyini qeyd etmiş, görülən işlərə baxmayaraq, taxılçılıq sahəsində məhsuldarlığa tam nail olunmamasının əsas səbəbi kimi, aqrotexniki qaydalara ciddi əməl edilməməsini də göstərmişdir.
    Artıq muxtar respublikada payızlıq taxıl əkinlərinə hazırlıq işlərinə başlanılıb. Taxılçılıqla məşğul olan fermerlər yadda saxlamalıdırlar ki, taxıldan yüksək məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Taxıl əkiləcək sahədə keyfiyyətli şum aparılmalı, cücərmə və təmizlik faizi yüksək olan toxum tədarükü diqqətdə saxlanılmalı, toxum dərmanlanmalı, şırım üsuluna üstünlük verilməli və səpin optimal müddətdə aparılmalıdır.
    Təcrübə göstərir ki, yüksək məhsuldarlığa nail olmaqda şırım üsulunun çox böyük əhəmiyyəti vardır. İlk növbədə, cücərtilərin alınması üçün torpaqlar tam nəmlənir, gölməçələr yaranmır, su itkisinə yol verilmir. Mora üsulunda bir hektar sahənin suvarılmasında 1000-1200 kubmetr su sərf olunursa, şırım üsulunda bundan az, yəni 800-900 kubmetr olur ki, bu da suya qənaət olunmasına gətirib çıxarır. Bundan başqa, bu üsul sahələrdə texnikaların rahat işləməsinə şərait yaradır.
    Hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində taxıl sahələrində pas xəstəlikləri müşahidə olunubsa, həmin sahələrdə təkrar taxıl əkini keçirilməməlidir. Taxılın, əsasən, kartof, tərəvəz, bostan və sair bitkilərdən sonra əkilməsi daha məqsədəuyğundur.
    Eyni sahədə iki-üç ildən artıq taxıl əkilməsi məsləhət görülmür. Çünki bir tərəfdən sahənin alaqlarla zibillənməsinə şərait yaranır, digər tərəfdən isə birtərəfli qidalanma getdiyindən torpağın münbitliyinin aşağı düşməsinə səbəb olur.
    Taxıl əkiləcək sahə sələf bitkilərdən təmizlənən kimi hər hektar sahəyə imkan daxilində 20-30 ton üzvi, 250-300 kiloqram fosfor və 100-150 kiloqram kalium gübrələri verilərək şumun aparılması həyata keçirilməlidir. Əldə olunmuş təcrübə onu göstərir ki, fosfor və kalium gübrələrinin illik normasının şum altına verilməsi məsləhətdir. Bundan başqa, az münbit torpaqlarda bitkiləri azotla normal təmin etmək məqsədilə səpin zamanı toxumla birlikdə sahəyə azot gübrəsi verilməsi məqsədəuyğundur.  
    Yüksək məhsul götürmək üçün tətbiq olunan aqrotexniki tədbirlər içərisində toxumun keyfiyyəti əsas yer tutur. Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu bitkilərin toxumlarının sağlam və yüksək kondisiyalı olması təmin edilməlidir. Qeyd olunmalıdır ki, bu gün muxtar respublikada mülkiyyətçiləri toxumla təmin etmək üçün 12 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin nəzərinə çatdırılır ki, payızlıq taxıl əkinlərinin keçirilməsi ilə əlaqədar keyfiyyətli toxum materialı əldə etmək üçün həmin təşkilatlara müraciət edə bilərlər. Bundan əlavə, sahibkarlar taxılın təmizlənməsi üçün “Araz” Elm-İstehsalat Birliyinin toxumçuluq təsərrüfatına, Naxçıvan Toxumçuluq Mərkəzinə və rayonlarda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarına müraciət edə bilərlər.
    Toxum materialı bir çox xəstəliklərin törədiciləri ilə yoluxa bilər. Bu xəstəliklərin təsiri nəticəsində səpin normasına düzgün əməl edilsə də, sahədən istənilən sayda və sağlam cücərti alınması mümkün olmur. Toxumla yayılan, taxıl üçün qorxulu sayılan bir çox xəstəliklərin qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün səpiləcək toxum materialının dərmanlanması ən vacib tədbirlərdən biridir. Bu xəstəliklərə qarşı mübarizə məqsədilə toxum təsirə malik olan tubazol (1,5 kq/ton), rubin (1,5 kq/ton), saneb (1,6 kq/ton) preparatlarının biri ilə səpinqabağı dərmanlanmalıdır.
    Payızda bitkilərin xəstəliklərə tutulması, zərərvericilərlə zədələnməsi dənin yetişmə vaxtı bitkilərin sıxlığına, dənin keyfiyyətinə və məhsuldarlığına təsir göstərir. Ona görə də səpin optimal vaxtda başa çatdırılmalıdır. Optimal müddətdə səpin aparılmış sahələrdə bitkilər şaxtalar düşənə kimi kifayət qədər güclü yan köklər əmələ gətirir, möhkəmlənir və kollanır. Belə bitkilər qışın əlverişsiz şəraitinə davam gətirə bilir. Gecikmiş səpinlərdə isə cücərtilər payızda kollana bilmir və zəif halda qışlamaya başlayır. Payızda zəif kök almış bitkilər isə qışa azdavamlı olur, onların çoxunu şaxta tələf edir və nəticədə, əkinlərdə seyrəklik əmələ gəlir.
    Muxtar respublika şəraitində səpinin aran zonalar üçün oktyabrın 1-dən 30-dək, dağətəyi zonalar üçün sentyabrın 20-dən oktyabrın 20-dək qurtarması məqsədəuyğundur. Havalar səpin üçün əlverişli keçdikdə məhsulları gec toplanan bitkilərin yerində noyabr ayında da səpin aparmaq məsləhət görülür. 
    Taxılın səpin norması isə sələflərindən, torpağın münbitliyindən, səpin müddətindən və üsulundan, əkiləcək sortun bioloji xüsusiyyətlərindən, toxumun təmizliyindən, mütləq çəkisindən və digər amillərdən asılı olaraq dəyişə bilər. 
    Səpin aşağı norma ilə aparılanda bitkilər seyrək olur, alaqların inkişafı üçün əlverişli şərait yaranır. Ona görə də belə əkinlər az məhsul verir. Səpin norması çox olduqda isə sahədə bitkilər sıx olur, bir-birini kölgələndirir, torpaqda su və qida maddələri çatışmır. Nəticədə, bitkilər seyrək və cılız dənli kiçik sünbüllər əmələ gətirir. Səpin norması bir hektara orta hesabla 230-250 kiloqram buğda, 180-200 kiloqram arpa toxumu səpilməsi məsləhətdir. Çünki əkiləcək toxumlar standartlara uyğun olmalıdır. Belə ki, 1-ci sinif üçün təmizlik faizi 99, cücərmə faizi 95, 2-ci sinif üçün təmizlik faizi 98, cücərmə faizi 92, 3-cü sinif üçün isə təmizlik faizi 97, cücərmə faizi 90 olmalıdır. Gecikmiş səpinlərdə səpin norması 10-15 faiz artırılmalıdır.     
    Səpin zamanı respublikanın torpaq iqlim şəraitinə uyğun gələn “Qobustan”, “Bezostaya- 1”, “Fatimə”, “Konya”, “Əhmədağa” və “Bayraktar” buğda, “Naxçıvan dəni” və “Cəlilabad-19” arpa sortlarının əkilməsi məsləhət görülür. Səpin zamanı toxumlar torpağa elə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsin. Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxumun 5-6 santimetr dərinlikdə basdırılması məsləhətdir. 
    Nəzərə almaq lazımdır ki, toxum torpağa dayaz basdırılarsa taxılın kök sistemi torpaqla zəif əlaqədə olur və taxıllarda kök yatması baş verir və gələcəkdə böyük məhsul itkisinə səbəb olur. Səpin qurtaran kimi, həmin sahədə mora və ya şırım açılaraq suvarmaq lazımdır. Taxıl bitkilərinin suvarılmasında əsas üsullardan biri şırımlarla suvarmadır. Bu üsul tətbiq edildikdə torpaq yaxşı rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisi olmur, əl əməyindən az istifadə edilir, mora üsuluna nisbətən şırım üsulunda torpaq tam doyduğundan quraqlığa qarşı davamlı olur. 
    Taxıl səpini vaxtında və göstərilən aqrotexniki qaydalara uyğun aparılarsa, gələn təsərrüfat ilində yüksək  məhsuldarlığa nail ola bilərik. 

Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 
şöbə müdiri

Nəşr edilib : 10.08.2022 18:47