AZ EN RU

Özünüməşğulluq proqramının icrası davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevral ayı üzrə 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Özünüməşğulluq proqramının bu mərhələsində 14 ailənin hər birinə 2 baş iribuynuzlu,   9 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 2 ailəyə miniyerşumlayan,         2 ailəyə otbiçən aqreqat, 2 ailəyə qaynaqçı avadanlıqları və ləvazimatları, 1 ailəyə isə təmir-tikinti alət və ləvazimatları verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 11 nəfərini sağlamlıq imkanları məhdud şəxs, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan, 1 nəfərini ailə başçısını itirən, 3 nəfərini müharibə veteranı, 3 nəfərini isə şəhid ailəsi üzvləri olan şəxslər təşkil edib. 
    Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən nazirliyin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Ülvi Rzayev ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. 
    Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub. 
    Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Şərur rayonunun Tumaslı kənd sakini Fərmail Quliyev həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona arpa-buğdaqıran aqreqat verilib. 
    Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.03.2022 20:34