AZ EN RU

Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası  məqsədilə cari ildən sözügedən proqramın əhatə dairəsi daha da genişləndirilib, Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan memorandum çərçivəsində sosial qayğıya ehtiyacı olan 15 ailə müvafiq aktivlərlə təmin olunub.
    Aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir  muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev isə çıxışında bu sahədə görülmüş işlərdən və qarşıya qoyulan vəzifələrdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən muxtar respublikanın bank sektoru da sosial layihələrin reallaşdırılmasında iştirak etmək imkanı əldə edib. 
    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin sektor müdiri Səbuhi Salahov isə ötən dövr ərzində proqramın icrası çərçivəsində əldə olunan nəticələrdən danışıb.
    Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub,
    Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.04.2022 20:07