AZ EN RU

Ötən şənbə günü, ümumilikdə, 2121 ağac, 540 gül və bəzək, 200 üzüm kolu əkilib

    Ötən dövr ərzində diyarımızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Cari ildə də bu tədbirlər davam etdirilməkdədir.  Aprelin 30-da Duzdağ Fizioterapiya Mərkəzinin yaxınlığındakı bağda yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma işləri görülüb, dairəvi avtomobil yolunun kənarlarında 93 meyvə ağacı, şəhər ərazisində yol kənarlarında 68 həmişəyaşıl ağac və 240 gül kolu əkilib, ahıl vətəndaşın evində təmizlik işləri aparılıb. 
    Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda Günnüt yolunun kənarlarında 2,3 hektarlıq ərazidə 550 meyvə ağacı, Şərur şəhərinə gedən avtomobil yolunun kənarlarında isə 170 həmişəyaşıl ağac əkilib. 
    Həmin gün Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Naxçıvan-Şahbuz magistral yolunun Vayxır kəndindən keçən hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilib, damcı üsulu ilə suvarma işləri aparılıb.
   Bağlar diyarı Ordubad rayonunda Bayraq Meydanının qarşısındakı yaşıllıq sahəsində 200 meşə ağacı, Əylis kəndi yolunda 300 qızılgül kolu əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
    Culfa rayonunda da həmin tədbirlər davam etdirilib. Naxçıvan-Culfa-Ordubad magistral yolunun kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilib, budama işləri aparılıb.
    Kəngərli rayonunda Naxçıvan-Sədərək magistral avtomobil yolunun Qabıllı kəndi hissəsindəki 4 hektarlıq ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərilib, budama və suvarma işləri aparılıb.
    Şahbuzlular Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun Biçənək kəndindən keçən hissəsində bərpa məqsədilə 300 meşə ağacı, Şahbuz şəhəri ərazisində isə 200 üzüm tingi əkiblər.
    Sədərək rayonunda da yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma işləri aparılıb.
    İməciliklərdə 18 min 915 nəfər iştirak edib. Ümumilikdə, 2121 olmaqla, 500 meşə ağacı, 643 meyvə ağacı, 138 həmişəyaşıl ağac, 540 gül və bəzək kolları, 200 üzüm kolu əkilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 04.05.2022 19:49