AZ EN RU

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi Namiq Paşayev açaraq bildirib ki, 2021-ci ilin on iki ayı ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 476 743 006 kilovat-saat elektrik enerjisi daxil olub, bunun 31 939 000 kilovat-saatı İran İslam Respublikasından alınıb, 52 381 336 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 36 361 700 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 33 197 800 kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 870 600 kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 6 759 500 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında, 262 601 000 kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 50 794 910 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında, 1 837 160 kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Bəhs olunan dövrdə İran İslam Respublikasına 31 967 000 kilovat-saat elektrik enerjisi verilib. Həmçinin hesabat ilində elektrik stansiyalarında 444 804 006 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülüb ki, bu enerjinin 129 570 936 kilovat-saatı və ya 29,13 faizi Su Elektrik stansiyalarında, 264 438 160 kilovat-saatı və ya 59,45 faizi istilik elektrik stansiyalarında, 50 794 910 kilovat-saatı və ya 11,42 faizi Günəş elektrik stansiyalarında istehsal edilib. 2021-ci ilin on iki ayı ərzində alternativ və bərpa olunan enerji mənbələrində 180 365 846 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 40,55 faizini təşkil edir.
    Diqqətə çatdırılıb ki, Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının və gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir, eyni zamanda Ordubad rayonunda gələcəkdə külək turbinlərinin istismarının texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb və lazımı ölçmə işləri, eyni zamanda Culfa rayonunda yeni külək turbinlərinin quraşdırılması üçün ərazinin seçilməsi və layihələndirmə işləri aparılır. 
    Vurğulanıb ki, ali və orta ixtisas müəssisələrində ixtisasların müvafıq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafıq sərəncamlarının icrası ilə əlaqədar olaraq tələbələrin istehsalat təcrübələri keçmələrinə lazımi şərait yaradılıb, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisasını bitirən 9 məzun xidmətin ayrı-ayrı struktur bölmələrində daimi işlə təmin olunub. 
    Sonra çıxışlar olub.

* * *

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi Müslüm Cabbarzadə açaraq bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq meyvə bağlarının salınması məqsədilə fiziki şəxslərin icarəsinə verilib, ümumilikdə, 3,39 hektar torpaq sahəsinin topoqrafik planları hazırlanıb. Meyvə bağlarının və yaşıllıq zolaqlarının inventarlaşdırılması məqsədilə muxtar respublika üzrə 2004 hektar meyvə bağı, 355 hektar üzümlük, 888 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na müvafiq olaraq əkin dövriyyəsindən kənarda qalan əkinəyararlı torpaq sahələri xidmətin məlumat bazasında saxlanılan ortofotoplanlar və aerokosmik şəkillər vasitəsilə kameral şəraitdə müəyyənləşdirilib, hazırlanmış xəritə materialları Kənd Təsərrüfatı Nazirliyinə və müvafiq rayon icra hakimiyyətlərinə təqdim edilib. 

    Vurğulanıb ki, “Qars müqaviləsinin 100 illi    yinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na müvafiq olaraq Qafqaz Hərbi Dairəsinin 1903-cü ilə dair hərbi-topoqrafik xəritəsi, Azərbaycan Demokratik Respublikasının sərhədlərini əks etdirən 1918-1920-ci illərə dair xəritə, Qafqazın 1926-cı ilə dair 5 verstlik (1:210 000 miqyaslı) topoqrafik xəritəsi beynəlxalq koordinat sisteminə uyğunlaşdırılıb, müqavilədə qeyd olunan coğrafi obyektlərin koordinatları xəritə üzərinə köçürülüb. Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinə dair xəritə hazırlanıb. 
    Diqqətə çatdırılıb ki, 2021-ci ildə muxtar respublika üzrə 2944 torpaq sahəsi, 83 qeyri-yaşayış binası, 110 qeyri-yaşayış sahəsi, 1574 mənzil, 2751 fərdi yaşayış evi, 11 bağ evi, 30 əmlak kompleksi kimi müəssisə olmaqla, cəmi 7503 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Daxil olmuş müraciətlər əsasında 2223 əmlaka dair texniki pasport, 3470 torpaq sahəsinə dair plan-ölçü, ümumilikdə, 5693 texniki sənəd hazırlanıb. 
    Sonda məruzə ətrafında çıxışlar dinlənilib. 

* * *

    Naxçıvan Muxat Respublikası “Naxçıvanpoçt” publik hüquqi şəxsdə 2021-ci ilin yekununda görülən işlər və qarşıda duran vəzifələr barəsində kollegiya iclası keçirilib. 

    Tədbirdə çıxış edən “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Səxavət Bağırov bildirib ki, 2021-ci ildə Naxçıvan Muxtar Respublikasında aparılan infrastruktur quruculuğundan “Naxçıvanpoçt” publik hüquqi şəxsi də öz töhfəsini almışdır. Belə ki, yola saldığımız 2021-ci ildə Şərur rayonunun Şəhriyar və Dərvişlər, Babək rayonunun Araz və Göynük, Ordubad rayonunun Aşağı Əndəmic, Vələver kəndlərində yeni poçt bölmələri yaradılmış, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kənd poçt bölmələri isə yeni bina ilə təmin olunaraq istifadəyə verilmişdir. Həmin bölmələrdə müasir iş şəraiti yaradılmışdır. Ordubad rayonunun Unus, Kələki və Pəzməri kəndlərində isə poçt bölmələrinin tikintisi davam etdirilmişdir. 2022-ci il il yanvar ayının 14-də Şərur rayonunun Çərçiboğan kəndində poçt bölməsinin istifadəyə verilməsi bu il də respublikamızda quruculuq işlərinin sürətlə aparılacağından xəbər verir. 
    Qeyd olunub ki, “Naxçıvanpoçt” publik hüquqi şəxs də yaradılan şəraitdən istifadə edərək il ərzində əhaliyə fasiləsiz poçt xidmətləri göstərmişdr. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında 2021-ci il 8 fevral tarixli Sərəncamına uyğun olaraq 2021-ci il sentyabr ayında Qars müqaviləsinə həsr olunmuş yüz min ədəd poçt markası və iyirmi beş min ədəd poçt zərfi çap olunaraq dövriyyəyə buraxılmışdır. 
    Vurğulanıb ki, ötən il “Naxçıvanpoçt” publik hüquqi şəxs tərəfindən 2020-ci illə müqayisədə 5651 manat və ya 19 faiz çox 36 min 165 manat dəyərində bağlama, həmçinin 6902 manat və ya 84 faiz çox 15 min 128 manat dəyərində kiçik paket qəbul olunmuş və vaxtında ünvanlara çatdırılmışdır. 
    Sonda məruzə ətrafında çıxışlar dinlənilib. 

* * *

    Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən müşavirədə çıxış edən Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov bildirmişdir ki, ötən il ərzində də əhalinin və digər istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qazla təchizatının təmin olunmasına xüsusi diqqət yetirilmişdir.

    Hesabat ilində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi, təbii fəlakət, sel, daşqın zamanı zərərçəkmiş qaz xətlərinin yenidən qurulması işlərinin görülməsi ilə əlaqədar istifadə olunan müxtəlif diametrli polietilen və dəmir boruların uzunluğu 193288 p/m olmuşdur. Xidmətin Nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyası qrafik üzrə qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının kalibrlənmə işlərinin metroloji təminatını keyfiyyətli, təhlükəsiz həyata keçirilmiş avadanlıqlara texniki xidmət və profilaktik qulluq göstərilmişdir. Muxtar respublikada qaz təsərrüfatı şəbəkəsində qaz dedektorları vasitəsilə 7731 ədəd sızma aşkarlanmış və sızmalar texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılmışdır. 
    Qeyd edilmişdir ki, şəhər, rayon Qaz İstismar idarələrinin qəza dispetçer sahələrində təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə ilin 12 ayı ərzində 12304 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunmuşdur.
    Sonda məruzə ətrafında çıxışlar dinlənilmişdir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.01.2022 19:23