AZ EN RU

Ötən ilin yekunları müzakirə olunub

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir.

İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq qeyd etmişdir ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilmiş, turizm potensialı ilə bağlı, ümumilikdə, 368 məlumat paylaşılmış və 1 milyon 100 min baxış sayı qeydə alınmışdır. Həmçinin “Ege Telgraf” adlı qəzetdə müxtəlif başlıqlar altında Naxçıvan Muxtar Respublikası haqqında 5 məqalə dərc olunmuşdur.
Muxtar respublikanın turizm potensialının daha geniş kütləyə çatdırılması məqsədilə 21-22 oktyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun əməkdaşlarının və yerli media nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına media-tur təşkil olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, il ərzində Naxçıvan Muxtar Respublikasının turizm potensialının beynəlxalq sərgilərdə tanıdılması məqsədilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən 27-ci “OTDYKH Leisure Moscow” beynəlxalq sərgi və forumunda, həmçinin Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qatar Travel Mart” sərgisində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları iştirak etmişdir. Keçirilən beynəlxalq sərgilərdə “Naxçıvan Muxtar Respublikası” stendi qurulmuş, muxtar respublikada yerləşən tarix-mədəniyyət abidələrinin maketləri və şəkilləri nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası məqsədilə müvafiq ixtisas üzrə təhsil alan tələbələr ilə görüşlər və müxtəlif formatlı tədbirlər keçirilmiş, onların istehsalat təcrübəsi keçmələri təşkil olunmuşdur.
Qeyd edilmişdir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki peşə biliklərinin təkmilləşdirilməsi” təlimi keçirilmiş, Departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyi tərəfindən muxtar respublikamızda milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə işlər davam etdirilmişdir. İl ərzində Milli Dəyərlər Muzeyinin fonduna 17 (on yeddi) ədəd yeni eksponat daxil olmuşdur.
Direktor bildirmişdir ki, hesabat dövründə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması işi davam etdirilmişdir.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.01.2022 18:42