AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 38 yeni eksponat təqdim olunub

    Oktyabr ayında “Şuşa ili”, Xurşidbanu Natəvanın 190, Hüseyn Cavidin 140 illik yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olmuş, açıq dərslər təşkil edilmiş, sərgilər qurulmuş, eləcə də “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitabların müzakirələri davam etdirilmişdir.
    Oktyabrın 24-də Naxçıvan Dövlət Milli Dram Teatrının Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırladığı eyniadlı tamaşa təqdim edilmişdir. Bundan başqa, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində şair-dramaturqun həyat və yaradıcılığından bəhs edən interaktiv dərs keçilmiş, muzey və kitabxanalarda “Hüseyn Cavid – 140” adlı guşə və sərgilər təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə bağlı Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Universitetinin aid ixtisasları üzrə təhsil alan tələbələri üçün kitab müzakirələri davam etdirilmiş, açıq dərslər təşkil olunmuşdur. 
    Ötən ay muxtar respublikanın muzeylərini 43 min 563 yerli,           4 min 742 əcnəbi olmaqla, ümumilikdə, 48 min 305 tamaşaçı ziyarət etmiş, muzeylərə 38 yeni eksponat daxil olmuşdur. Hesabat ayında Naxçıvan Dövlət Tarix Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Müstəqilliyimiz əbədidir”, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi ilə isə “Naxçıvan xalçaları” mövzularında interaktiv dərslər keçilmişdir.
    Oktyabr ayında muxtar respublikanın kitabxanalarında 18 oktyabr – Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü, Hüseyn Cavidin 140, Xəlil Rza Ulutürkün 90, Mirvarid Dilbazinin 110 illik yubileyləri münasibətilə 37 tədbir keçirilmiş, 51 sərgi qurulmuşdur. Ay ərzində muxtar respublika kitabxanalarında və klub müəssisələrində “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan müvafiq kitabların müzakirəsi keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 33 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali  Məclisindən 1 adda 1 nüsxə, Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Kitabxanalara 711 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 7 min 32, kitab verilişi isə 45 min 441 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 183 adda kitab işlənərək kataloqdakı kitabların sayı 34 min 762-yə, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 50 olmaqla belə kitabların sayı 4 min 108-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 275 lokal, 330 qlobal olmaqla, ümumilikdə, 605 oxucu istifadə etmişdir.
    Ötən ay Babək və Ordubad Rayon Xalq teatrları tərəfindən şair-dramaturq, mənzum faciə janrının banisi Hüseyn Cavidin “Ana” faciəsi və görkəmli yazıçı Sabit Rəhmanın “Əliqulu evlənir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşalar Naxçıvan Dövlət Uşaq Teatrında və Culfa Rayon Mədəniyyət Sarayında teatrsevərlərə təqdim edilmişdir. Kəngərli rayonunda “Xalq yaradıcılığı günləri” çərçivəsində rayon mədəniyyət sarayı, mədəniyyət evləri və klubların folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır. Naxçıvan Dövlət Film Fondu tərəfindən ötən ay Naxçıvan Tibb Kollecinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və ümumtəhsil məktəblərinin şagirdləri üçün 5 film nümayiş olunmuşdur. Həmçinin fond tərəfindən Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turu keçirilmişdir.
    Hesabat dövründə Naxçıvan Dövlət Milli Dram Teatrında “Burla Xatun” və “Mamoy kişinin yuxuları” tamaşalarının bərpa məşqləri aparılmışdır. Eyni zamanda Naxçıvan Dövlət Kukla Teatrında “Çəkməli pişik” tamaşasının, Naxçıvan Dövlət Uşaq Teatrında isə Qrim qardaşlarının nağıl motivləri əsasında “Bremen musiqiçiləri” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri olmuşdur. Oktyabr ayında Naxçıvan Dövlət Milli Dram Teatrı Babək rayonunda “Teleskop”, Şahbuz rayonunda “Topal Teymur”, Naxçıvan Dövlət Kukla Teatrı isə Şərur və Kəngərli rayonlarında “Qoğalın sərgüzəşti” tamaşalarını nümayiş etdirmişlər. Ay ərzində Şahbuz Rayon Xalq Teatrı “Qarabağ şikəstəsi”, Şərur Rayon Xalq Teatrı “Öldür məni, can-ciyər” tamaşalarının bərpa məşqlərini, Babək Rayon Xalq Teatrı “Şərəfin sandığı”, Ordubad Rayon Xalq Teatrı isə “Vətənin qəhrəmanı” tamaşalarının məşqlərini aparmışdır.
    Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 18 oktyabr – Azərbaycan Dövlət  Müstəqilliyinin Bərpası Günü münasibətilə muxtar respublikanın rayonlarında, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimlərində, “Arıçılıq məhsulları-bal festivalı”nda konsert proqramları ilə çıxışlar etmişlər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.11.2022 21:38