AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 192 yeni eksponat təqdim edilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən mart ayında da bir sıra tədbirlər keçirilmişdir. 
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında təşkil edilən analoji tədbirlərdə isə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında martın 9-da Milli Teatr Günü münasibətilə Xalq yazıçısı Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuş, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində Beynəlxalq Poeziya Günü ilə bağlı tədbir keçirilmişdir.
    10-12 mart tarixlərdə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivləri Türkiyə Cümhuriyyətinin Ərzurum şəhərində qastrol səfərində olmuşdur. 
    Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri çıxışlar etmişlər. Bayram günlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, muxtar respublika sakinlərinə və qonaqlara muzey xidməti göstərilmişdir. Bundan başqa, Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən, ümumilikdə, 19 konsert proqramı təqdim edilmişdir.
    Ötən ay Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri ilə birgə kitab müzakirəsi keçirilmiş, onlar üçün açıq dərslər təşkil edilmiş, mühazirələr oxunmuş, bir qrup tələbənin muxtar respublikanın muzey və kitabxanalarında təcrübə keçmələri təmin olunmuşdur. Hesabat ayında muxtar respublikanın muzeylərini 42 min 321 yerli, 18 min 516 əcnəbi olmaqla, ümumilikdə, 60 min 837 tamaşaçı ziyarət etmiş, muzeylərə 192 yeni eksponat daxil olmuşdur.
    Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar interaktiv dərs, həmçinin Məmməd Səid Ordubadinin ev-muzeyində yazıçının 150 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Ötən ay Babək rayonunun Şıxmahmud, Şərur rayonunun Çərçiboğan, Şahbuz rayonunun Şahbuzkənd, Culfa rayonunun Yaycı və Sədərək rayonunun Sədərək kənd mərkəzlərində muzey əməkdaşlarının sakinlərlə 5 görüşü olmuşdur. 
    “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi mart ayında da davam etdirilmiş, “Mütaliə günü”, “Nağıl günü”, “Kitabxanaçı günü” və “Kitabxana günü” ilə bağlı 117 tədbir keçirilmiş, eləcə də sağlamlıq imkanları məhdud 31 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Ötən ay muxtar respublika kitabxanalarına 69 adda 107 nüsxə çap məhsulu daxil olmuş, 922 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 6 min 993, kitab verilişi isə 39 min 93 nüsxə olmuşdur. Bundan başqa, hesabat ayında elektron kataloqa 301 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 31 min 9-a, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 3 min 773-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 315 lokal, 354 qlobal olmaqla, ümumilikdə, 669 oxucu istifadə etmişdir.
    Nazirliyin təşkilatçılığı ilə “Milli mədəni irsimizin yaşadılması və təbliğində klub müəssisələrinin rolu” mövzusunda dəyirmi masa keçirilmiş, Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrinə dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir. Naxçıvan Dövlət Film Fondu tərəfindən Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ümumtəhsil məktəblərinin şagirdləri və “N” hərbi hissənin şəxsi heyəti üçün 12 film nümayiş olunmuşdur.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Vüqar Haqverdiyevin “Saçları səməni oğlan”, Naxçıvan Dövlət Uşaq Teatrında isə Tofiq Seyidovun “Bahar gəlir, yaz gəlir” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır. Ay ərzində stasionarda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən 4, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 14, Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən isə 4 tamaşa oynanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.04.2022 18:14