AZ EN RU

Ötən ay 51 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

    Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən avqust ayında 51 mənzil (ev) və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun 45-i əhali, 6-sı isə qeyri-əhali abonentlərdir.
    Muxtar respublikada əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün avqust ayında 18 mühafizə qutusu quraşdırılmışdır. Hesabat ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinin 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 933 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, təbii qazın nəqli bərpa olunmuşdur.
    Ötən ay muxtar respublika qaz şəbəkəsində 558 qaz sızması aşkarlanmış, texniki istismar və təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq bu sızmalar aradan qaldırılmışdır. Ay ərzində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur.
    Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işləri aparılmışdır.

 Naxçıvan Muxtar Respublikası 
Qaz İstismar Xidməti

Nəşr edilib : 13.09.2022 19:38