AZ EN RU

Ötən ay 164 nəfərə əmək pensiyası təyin olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ilin dekabr ayı ərzində nəzərdə tutulmuş tapşırıqları yerinə yetirib. Fond pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada təyinatını və vaxtından əvvəl ödənilməsini, həmçinin fərdi uçot sahəsində işlərin icrasını təmin etmək üçün müvafiq tədbirlər görüb. Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtından əvvəl maliyyələşdirilməsi təmin edilib və pensiya ödənilməsinə 14 milyon 934 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 330 min manat vəsait xərclənib. Təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.
    Müvafiq dövr ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 164 vətəndaşa əmək pensiyası təyin olunub. Bunlardan 92-si yaşa, 33-ü sağlamlıq imkanlarının məhdudluğuna, 39-u isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Həmçinin fərdi uçot sistemi sahəsində də işlər davam etdirilib, 286 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılıb.
    Hesabat ayında müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 12 milyon 965 min 500 manat vəsait daxil olub ki, bu da proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 20,9 faiz çoxdur. Ümumilikdə, pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 84,9 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb. Müvafiq dövrdə 4 hüquqi və 153 fiziki şəxs məcburi dövlət sosial sığortaödəyicisi kimi uçota alınıb.
    29 dekabr 2021-ci il tarixdə ölkə başçısı tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının minimum məbləği artırılaraq 240 manat məbləğində müəyyən olunub və ümumilikdə, 2115 əmək pensiyaçısına şamil edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti

Nəşr edilib : 25.01.2022 18:41