AZ EN RU

Ötən 7 ayda 1088 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub

    Telekommunikasiya sahəsində gedən sürətli inkişaf əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin həyata keçirilməsinə əsaslı zəmin yaradıb. Əhalinin müasir rabitə xidmətləri ilə təmin edilməsi cari ilin ötən dövründə də uğurla davam etdirilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, 672 nömrətutumlu yeni Avtomat Telefon Stansiyası quraşdırılıb. Əhalinin müsair rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində, Şahbuz şəhərində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şıxmahmud kəndində, ümumilikdə, müxtəlif tutumlu 4 yeni HUAWEI NGN tipli avtomat telefon stansiyası quraşdırılıb. Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 1088 yeni sabit şəbəkə telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə şəhər, rayon və kəndlərdə müvafiq işlər görülmüşdür. Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrətutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli, Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər isə davam etdirilir.
    Qeyd olunanlarla yanaşı, nazirliyin aid mütəxəssislərinin iştirakilə yerlərdə monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nasazlıqlar aradan qaldırılıb, internet verilişində qırılmaların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.08.2022 18:35