AZ EN RU

“Otel Qrand Naxçıvan” və Ağbulaq İstirahət Mərkəzinə Milli ulduz təsnifatına uyğun sertifikatlar təqdim edilib

    29 noyabr 2022-ci il tarixdə muxtar respublikada fəaliyyət göstərən turizm sənayesi nümayəndələri və turizm könüllülərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Otel Qrand Naxçıvan”a və Ağbulaq İstirahət Mərkəzinə Milli ulduz təsnifatına uyğun sertifikatların təqdimat tədbiri keçirilib. 

    Tədbiri giriş sözü ilə açan departamentin direktoru Əkbər Novruzov öncə muxtar respublikada dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğıdan, eyni zamanda bu diyarın zəngin turizm potensialından bəhs edərək bildirmişdir ki, bu gün muxtar respublikada yerləşdirmə obyektlərinə olan tələbatı ödəmək məqsədilə 21 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir. Böyük turizm potensialına malik olan qədim diyarımızda Dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu icrası nəticəsində bu sahədə davamlı inkişafa nail olunmuş, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter almışdır.
    Qeyd olunmuşdur ki, muxtar respublikada fəaliyyət göstərən hotellərin daha sağlam rəqabət aparması, müvafiq mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya köməyin göstərilməsi, mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi və tətbiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli 131 nömrəli Qərarı ilə təsdiq olunmuş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq yaradılmış ekspert qrupu tərəfindən “Otel Qrand Naxçıvan”a və Şahbuz rayon Ağbulaq kəndində yerləşən Ağbulaq İstirahət Mərkəzinə baxış keçirilmişdir. Hotel və istirahət mərkəzinin təklif etdikləri xidmətlər adıçəkilən standartdakı meyarlara uyğunluğu əsas götürülərək müvafiq ulduz dərəcələri ilə qiymətləndirilmiş və sertifikatlar hazırlanmışdır. 
    Çıxışda sertifikatın qanunvericiliklə müəyyən olunmuş qayda, metod və mexanizmlər əsasında verilməsi üçün həyata keçirilən prosedur tədbirlər haqqında məlumat verilmiş, bildirilmişdir ki, sertifikatın qüvvədəolma müddəti üç ildir.
    Departamentin Statistika və sertifikatlaşdırma sektorunun müdiri, ekspert qrupunun rəhbəri Süleyman Rüstəmov çıxışında qeyd etmişdir ki, turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş standartların tələblərinə əsasən həyata keçirilir. Qeyd olunmuşdur ki, müxtəlif tarixlərdə Ağbulaq İstirahət Mərkəzi və “Otel Qrand Naxçıvan”ın məsul şəxsləri ulduz kateqoriyalarının müəyyənləşdirilməsi üçün departamentə ərizə ilə müraciət etmişdir. Müraciətə əsasən müvafiq sənədlərin qəbulu, ilkin yoxlanılması və qeydiyyatı aparılmış, yaradılmış ekspert qrupunun üzvləri tərəfindən “Otel Qrand Naxçıvan”a və Ağbulaq İstirahət Mərkəzinə AZS 745-2015 Azərbaycan Respublikası Dövlət Standartının tələblərinə uyğunluğunu yoxlamaq üçün ekspert baxışı keçirilmişdir.
    Məruzəçi qeyd etmişdir ki, baxış zamanı obyektin təsnifatı müəyyənləşdirilmiş, məlum olmuşdur ki, baxış keçirilən obyektlər Turizm haqqında Azərbaycan Respublikasının Qanununun 1.1.21-ci bəndinə əsasən yerləşmə vasitəsi olan mehmanxanadır. Mehmanxana (hotel) qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı 1 dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 (on bir) olan yerləşmə vasitəsidir ki, bunlar “Otel Qrand Naxçıvan” və Ağbulaq İstirahət Mərkəzində təmin olunub. Ümumiyyətlə, bütün nömrələr standartın tələblərinə müvafiq, 3 və 4 ulduz kateqoriyasına uyğun gələn mebel və avadanlıqlarla, bərk və yumşaq inventarlarla, qonağın hər cür ehtiyaclarını təmin edəcək əşyalarla təchiz edilmişdir. Vurğulanmışdır ki, baxış zamanı qiymətləndirmə meyarları üzrə minimal ballarla əlavə ballar toplanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” AZS 745-2015 Azərbaycan Respublikası Dövlət Standartının tələblərinə müvafiq olaraq “Otel Qrand Naxçıvan” 3, Ağbulaq İstirahət Mərkəzi 4 ulduz kateqoriyasına layiq görülmüşdür.
    Məruzəçi qeyd etmişdir ki, növbəti aylarda da mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyasının müəyyənləşdirilməsi növbəlilik prinsipi əsasında davam etdiriləcəkdir.
    Sonra hotel nümayəndələrinə ulduz kateqoriyalarına görə müvafiq olaraq uyğunluq sertifikatları təqdim edilmişdir.
    Tədbirin sonunda iştirakçılar üçün Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.11.2022 20:00